Bakı, 22 dekabr, AZƏRTAC
“Bitcoin”ə aktiv investisiya yatıran Böyük Britaniya şirkətləri kriptovalyutanın məzənnəsinin kəskin ucuzlaşması nəticəsində ciddi itki ilə üzləşiblər.
AZƏRTAC xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, Birləşmiş Krallığın şirkətləri 2025-ci ildə kriptovalyutanın alınmasına ümumilikdə 360 milyon funt sterlinqdən (482 milyon dollar) çox vəsait xərcləyiblər. Onların bir çoxu kriptovalyutanı baha olduğu vaxt alıblar. Belə ki, 13 şirkət təxminən 4 min 300 “Bitcoin”i orta hesabla 113,1 min dollara əldə ediblər. Hazırda isə kriptovalyutanın məzənnəsi təxminən 88 min dollara enib. Nəticədə Böyük Britaniya şirkətlərinin ümumi itkiləri təxminən 79,1 milyon funt sterlinqə (106 milyon dollar) çatıb.
Qəzetin yazdığına görə, ekspertlər ötən il “Bitcoin”in qiymət artımını ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi və onun administrasiyasının kriptovalyutalara müsbət yanaşacağına dair məlumatlarla əlaqələndir. Lakin 2025-ci ildə onun qiymətində 12 faiz azalma qeydə alınıb. Eyni zamanda, “Bitcoin”ə investisiya yatıran britaniyalıların payı da 12 faizdən 8 faizə enib.