Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"İnsanların empatiya, yumor və digər hissləri var, amma bəziləri süni intellektə həddindən artıq çox inanırlar və tövsiyələri həddən artıq ciddiyə alırlar. Burada monopolist riskləri mövcuddur, “şəxsiyyət” daha inandırıcı ünsiyyət deməkdir. Bu isə reklam, siyasi təsir, təbliğat, fırıldaqçılıq və sosial mühəndislikdə güclü alətə çevrilə bilər".Bunu Demokrat.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov deyib. O, bildirib ki, bəzən çatbotlar əmin tonda səhv məlumat verirlər:"İnsanvari danışıq bu səhvləri daha inandırıcı edir. Bununla yanaşı, məxfilik məsələsi də narahatlıq doğurur. İnsanlar botla daha səmimi danışır, həssas məlumat paylaşır, məlumatların necə saxlandığı və kimlərin istifadə etdiyi risk yaradır. Emosional asılılıq da müşahidə olunur, xüsusən yeniyetmələr və tənha insanlar botla əlaqəyə emosional bağ qura və real sosial münasibətlərdən uzaqlaşa bilər. Eyni zamanda məsuliyyətin bulanıqlığı mövcuddur, bot “şəxsiyyət” kimi görünəndə cavabdehlik sualı çətinləşir".Ekspert bildirib ki, gələcəkdə ictimai təsirlər də diqqət tələb edir:"Təhsil və iş mühitində düzgün istifadə məhsuldarlığı artırsa da, yanlış istifadə plagiat, tənqidi düşüncənin zəifləməsi və “hazır cavab” mədəniyyətinə yol aça bilər. İnformasiya ekosistemi çoxlu süni məzmunla dolduqda etibarlı mənbələri ayırmaq çətinləşir. Fərdiləşdirilmiş, “sənə uyğun” danışan çatbotlar insanları öz informasiya baloncuğuna sala bilər. Bununla yanaşı, daha inandırıcı phishing mesajları, saxta iş təklifləri və deepfake-lərlə birləşmiş kibertəhlükələr arta bilər".Onun sözlərinə görə, bu risklərin azaldılması üçün botlar özlərinin bot olduğunu açıq göstərməli, həssas mövzularda mənbə bildirməli, uşaqlar üçün xüsusi rejimlər tətbiq olunmalı və şəxsi məlumat paylaşmamaq vərdişi təşviq edilməlidir:"Reklam və siyasi təsirlər üçün şəffaflıq, audit və məsuliyyət mexanizmləri də təmin edilməlidir".Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.