AZ

“KQB” öldürtdü, sonra “qəhrəman” etdi: Həyatı film olan igid -107 – FOTO

Bu gün Azərbaycanın qəhrəman oğlu, cəsarəti və ağlı ilə alman faşistlərinə qan udduran Mehdi Hüseynzadənin 107-ci doğum günüdür.

Onu bizə tanıdan, sevdirən “Uzaq Sahillərdə” filmində bu qəhrəman barədə ətraflı məlumatlar onu Azərbaycan oğullarının kumirinə çevirib.

Qəhrəmanlığın özüdür Mehdi Hüseynzadə

Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. Atası Hənifə Hüseynov “Hümmət” təşkilatının üzvü olub, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən idi. Daha sonra o, Azərbaycan milisinin rəisi olmuş, ölkə ərazisində banditizmə qarşı mübarizə aparmış, həyatının sonlarına yaxın Bakı Sovetinin inzibati şöbəsinin müdiri olmuşdu. Erkən yaşda atasını itirən Mehdini əvvəl anası, sonra isə bibisi böyüdüb.

Mehdi 7 il 19 nömrəli məktəbində oxuyub. Onun ədəbiyyat müəllimi dahi Süleyman Sani Axundov, musiqi müəllimi Səid Rüstəmov olub. Bu müəllimlər Mehdinin tərbiyəsinə çox böyük təsir ediblər. 1932-ci ildə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq məktəbinə qəbul edilir. 1936-cı ildə buranı bitirir. Onun diplom işinin mövzusu Qırmızı Ordu əsgərlərinin həyatı barədə idi və o bu rəsmini “Qırmızı Ordu əsgərləri düşərgələrdə” adlandırıb. Məktəbi bitirdikdən sonra Mehdi Suraxanıda ibtidai məktəblərdən birinə müəllim kimi göndərilib. O, burada bir neçə ay işləyib. Bununla yanaşı, o, Abbas Səhhət adına kitabxanada oxu zalının rəhbəri kimi də işləyib.

Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyəti tarixi və Məhəmməd Əmin Rəsulzadə barədə tədqiqat əsərində yazırdı:” Mehdi rəssamlıq məktəbində Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə birlikdə oxuyarkən sifarişli əsər hazırlayır, birgə iş görürlər. Lakin iş başa çatana yaxın M.Rəsulzadənin ailəsi, Azər Rəsulzadə Qazaxıstana sürgün olunurlar. Mehdi Hüseynzadə çətinliklə Qazaxıstanda Azərin qaldığı ünvanı öyrənir və qazandıqları pulun yarısını ona göndərir”.

Ziyalı gənc Mehdi

Leninqrad (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda – indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. Mehdi 7 dil bilirdi və buna görə poliqlot hesab olunurdu.

Bundan başqa Mehdi Hüseynzadə uzaq Adriatikdə döyüşərkən, öz vətənini xatırlamaqdan yorulmurdu. Öz şeirlərindən birində vətənini xüsusi istiqanlılıq ilə yad edirdi:

Kaş ki, mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni;
Aşaraq o qarlı, uca dağları,
Vətən torpağına salaydı məni…

Partizan Mixaylo və “KQB” kabusu

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevlə söhbətimizdə o bildirdi ki, əslində əfsanəvi Mixaylonun öldürülməsi səhnəsi və onun müharibə illərindəki fəaliyyəti Sovet senzurası tərəfindən bilərəkdən gizlədilib. 1946-cı ildə Mehdi Hüseynzadə vətən xaini, cinayətkar kimi axtarılarkən, ona cinayət işi açılarkən artıq o dünyada yox idi. Mehdi Hüseynzadə Stalinqrad uğrunda döyüşlərin birində əsir düşüb. O Avstriyanın Mauthauzen həbsxanasında saxlanırdı və bu həbsxanada əsirlər diri-diri yandırılırdı. Azərbaycan əsirləri həbsxanada olduğu müddətdə 160-cı alman diviziyasının komandiri, polkovnik İsrafilbəy İsrafilbəyov olub. Həmin vaxt Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginski Azərbaycan əsirləri ilə görüşürlər. Onlar Azərbaycan əsirlərini ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparmağa səsləyiblər. Mehdi Hüseynzadə də bir qrup azərbaycanlı əsirlə birgə bu təklifi qəbul edir.

O, alman və italyan dillərini mükəmməl bildiyinə görə, Düdənginskinin səyi nəticəsində Cavad Həkimli ilə birgə xüsusi məktəbdə təhsil alır. Daha sonra 62-ci piyada diviziyasında kəşfiyyat idarəsinin rəisi təyin edilir. Sovetlərə qarşı vuruşan Mixaylo döyuşlərin birində partizanlara əsir düşür. Partizanlar onu inandırıb öz tərəflərinə çəkə bilirlər. Əvəzində Bakıya qayıdacağına və üzərindən “xain” adının götürləcəyinə vəd verirlər. Sovet təhlükəsizlik orqanlarının məsul şəxsi onunla görüşmək üçün keçmiş İtaliyaya gəlir. Ona rəsmi bağışlanma kağızı verirlər.

Mehdi bir müddət almanların kabusuna çevrilir. Onun bu uğurlarını görən Sovet KQB-si Mehdiyə yeni tapşırıq verir: “Legioner ordusuna geri qayıtmaq və Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginskini öldürməyi tapşırırlar. Sovetlər hesab edirdi ki, əgər bu üç şəxs ölsə, Azərbaycanlı legionerlər alman ordusundan pərən düşəcəklər.

Mixaylo bu əmrə tabe olmayacığını bildirir. O, bu üç şəxsə qarşı heç bir addım atmayacağını deyir. Sovetlər buna qarşı olaraq ona təyziq edirlər. Dostları deyir ki, onun ölümünə fətva verilib. Mixayloya içi italiyan pulları olan çanta verib gizlənməyi tapşırırlar. Onun yaxın dostu Sar (Vesilin) Mehdi ilə gəlib Vitovye kəndində 3 metrin 3 metrə olan anbarda gizlənirlər. Onların yerin partizan yoldaşı Andrey Komeldən başqa heç kim bilmirdi.

1944-cü il noyabrın 2-si: Qəhrəmanın həlak olma hekayəsi

Bu zaman xəbər gəlir ki, almanlar artıq Vitovy kəndinə hücum edib və onlar “Mixaylo”nun axtarışına başlayıblar. Mehdi ilə Sar almanlarla döyüş olacağını gözləmirmiş. Sonrada məlum olur ki, məhz almanlara Mehdinin yerin sovetlər özü deyiblər. Guya almanlar onların danışığından bu yeri biliblər.

Sar çardaqdan aşağı enərkən almanlar onu vururlar. Bunu görən “Mixaylo” pəncərədən tullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan “Mixaylo” kənddən çıxmağa müvəffəq olsa da, lakin çoxlu qan itirdiyindən yoluna davam edə bilmir. “Mixaylo” elə oradaca dünyasını dəyişir. Lakin almanlar onun cəsədini tapa bilmirlər. Mehdi Hüseynzadənin cəsədini 4 yaşlı bir qız tapır. Həmin qız Vitovy kəndindəki arxın kənarında cəsədi tapır və “Mixaylo”nu elə oradaca dəfn edirlər. Qız ifadəsində yazır ki, “Yolun kənarında kiçik bir su saxlancı vardı, “Mixaylo”nun başı həmin suyun içinə əyilmişdi, su qırmızımtıl rəngdəydi, yağış yağırdı və «Mixaylo»nun saçının boyasının rəngi çıxmışdı.

O, almanlara oxşamaq üçün alman zabiti mundiri geyməkdən başqa həm də saçını boyayardı.

Cavad Həkimli “Mixaylo”nun cəsədini artıq burada saxlamağın mümkün olmadığını deyir və partizanlara almanların “Mixaylo”nun həlak olmasından xəbər tutduğunu deyir. Onlar “Mixaylo”nun cəsədini çıxarıb 30 kilometr kənarda yerləşən Çepovan kəndində qardaşlıq qəbiristanlığında dəfn edirlər. Həmin qəbiristanlıqda ən birinci qəbir Mehdi Hüseynzadənin məzarıdır”.

Qeyd edək ki, onun qəbirüstü abidəsinin üzərinə “Mehdi Mixaylo” sözləri həkk olunub. Nəhayət, “Mixaylo” haqqında Balkan dövlətləri partizan hərakatı üzvlərinin çoxsaylı müraciətindən, yüzlərlə qəhrəmanlıq sənədlərinin təqdimatından sonra 1957-ci ilin aprelin 11-də Mehdi Hüseynzadəyə “Sovet İttifaqı Qəhrəmanı” adı verilib.

Əntiqə Rəşid

Seçilən
68
nocomment.az

1Mənbələr