AZ

Danimarka ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisinin təyin olunmasına kəskin reaksiya verib

Stokholm, 22 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

Danimarkanın xarici işlər naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Luiziana ştatının qubernatoru Cef Lendrini Qrenlandiya üzrə xüsusi elçi təyin etməsindən sonra ABŞ-ın Danimarkadakı səfirini izahat üçün çağırmaq niyyətində olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu təyinat Kopenhagendə və Qrenlandiyanın paytaxtı Nuuk şəhərində kəskin tənqidlərə səbəb olub.

C.Lendri göstərilən etimada görə Trampa təşəkkür edib və “X” sosial şəbəkəsində bəyan edib ki, onun üçün “Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək” şərəf olardı. Donald Tramp isə adanın ABŞ-ın milli təhlükəsizliyi baxımından strateji əhəmiyyətini vurğulayıb və bu ərazi üzərində nəzarətin qurulması üçün güc tətbiqi ehtimalını yenidən gündəmə gətirib.

Bu ilin əvvəlində ABŞ vitse-prezidenti Cey Di Vens Qrenlandiyada yerləşən ucqar Amerika hərbi bazasına səfər edib və ölkəni bu əraziyə laqeyd yanaşmaqda ittiham edib. Xüsusi elçinin təyin olunması danimarkalı siyasətçilərin narahatlığını daha da artırıb.

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bu təyinatı “qəbuledilməz” adlandıraraq krallığın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb. Mette Frederiksen və Qrenlandiya hökumətinin başçısı Yens-Frederik Nilsen birgə bəyanatda bildiriblər ki, beynəlxalq təhlükəsizlik bəhanəsi ilə belə digər ölkələrin anneksiyası yolverilməzdir, Qrenlandiya isə qrenlandiyalılara məxsusdur.

Avropa İttifaqı və İsveç də Danimarkaya dəstəyini ifadə edərək suverenlik və beynəlxalq hüquq prinsiplərinə sadiqliklərini bəyan ediblər. Mühafizəkar siyasətçi və Trampın tərəfdarı kimi tanınan Lendrinin təyin olunması Qrenlandiyanın gələcəyi ətrafında diplomatik gərginliyi daha da gücləndirib.

 

Seçilən
77
azertag.az

1Mənbələr