
“Artıq dörd ildir ki, ilin son günlərində media savadlılığı mövzusu ətrafında sistemli, ardıcıl və həmrəy fəaliyyətin təşkili ölkəmizdə mühüm ənənəyə çevrilib. Rəqəmsallaşmanın sürətlə dərinləşdiyi, informasiya istehsalı və istehlakının miqyasının artdığı bir dövrdə təhlükəsizlik, məsuliyyətlilik və etibarlılıq prinsiplərini özündə birləşdirən media savadlılığı anlayışı xüsusi aktuallıq kəsb edir”.
Bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, bu yanaşma təkcə informasiya sahəsinin iştirakçıları üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm dəyər və davranış modeli formalaşdırır. Ə.İsmayılov bildirib ki, real vaxt rejimində məlumatların saniyələr ərzində geniş auditoriyalara çatdığı müasir informasiya mühitində bu il həm də Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunur.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yubileyin geniş şəkildə qeyd edilməsinin milli mətbuatın tarixi rolunun, ictimai rəyin formalaşmasında tutduğu mövqeyin, maarifçilik ənənələrinin və dövlətçilik ideyalarının qorunub inkişaf etdirilməsindəki əhəmiyyətinin dərindən təhlili baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan Agentlik rəhbəri bildirib ki, bu yubiley “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatın keçdiyi inkişaf yoluna yenidən nəzər salmaq və qlobal informasiya mühitinin çağırışları fonunda medianın üzərinə düşən yeni vəzifələri müəyyənləşdirmək üçün geniş imkanlar yaradır.
Ə.İsmayılov rəqəmsal media mühitinin sürətli genişlənməsi, operativliyin bəzən dəqiqliyi üstələməsi və sosial media platformalarının ictimai rəyə təsir imkanlarının artmasının informasiya mübadiləsini kollektiv məsuliyyətə əsaslanan prosesə çevirdiyini bildirib. Onun sözlərinə görə, bu şəraitdə məlumatın mənbəyindən asılı olmayaraq düzgünlüyünün, obyektivliyinin və ictimai faydasının qorunması prioritet məsələdir.
İcraçı direktor vurğulayıb ki, qlobal informasiya təhdidləri fonunda ölkənin informasiya mühitinin qorunması və vətəndaşların etibarlı, obyektiv məlumata çıxışının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Media subyektlərinin məsuliyyətli fəaliyyəti ilə əhalinin media savadlılığının artırılması prosesinin bir-birini tamamlayan mexanizmlər olduğunu deyən Ə.İsmayılov, xüsusilə süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə etik normalara riayət olunmasının və doğru məlumatların təşviqinin strateji əhəmiyyət kəsb etdiyini qeyd edib.
Onun fikrincə, media savadlılığının gücləndirilməsi yalnız peşəkar jurnalistlərin deyil, eyni zamanda məlumat istehlakçısı olan geniş auditoriyanın da üzərinə düşən məsuliyyətdir. Sorğulayıcı düşünmə bacarığı, məlumatın mənbəyini və məqsədini dəyərləndirmək vərdişləri müasir cəmiyyətin dayanıqlılığını təmin edən əsas amillər sırasındadır.
Ə.İsmayılov əlavə edib ki, dezinformasiyaya qarşı mübarizədə media savadlılığının artırılması ölkədə prioritet istiqamətlərdən biridir. O xatırladıb ki, 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikası Qanununda media savadlılığı anlayışı ilk dəfə hüquqi müstəvidə təsbit edilib və bu sahədə dövlət tədbirlərinin həyata keçirilməsi Medianın İnkişafı Agentliyinə həvalə olunub.
Sonda qeyd olunub ki, media savadlılığının artırılması çoxşaxəli və kompleks prosesdir və bu istiqamətdə ailə institutu, təhsil sistemi, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media subyektləri arasında koordinasiyalı əməkdaşlıq zəruridir. “Media Savadlılığı Həftəsi” çərçivəsində keçirilən tədbirlər də məhz bu əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Bildirilib ki, Agentliyin həyata keçirdiyi proqramlar nəticəsində indiyədək 25-dən çox regionda 2000-dən artıq gənc prosesə cəlb olunub, 20-dən artıq orta məktəbdə 3000-dən çox şagird üçün maarifləndirici sessiyalar təşkil edilib.