AZ

Türkiyəli ekspert: “The Economist”in Cənubi Qafqazla bağlı proqnozları subyektivdir və reallıqdan uzaqdır

Ankara, 22 dekabr, AZƏRTAC

Cənubi Qafqazda proseslərin inkişafı ilə bağlı səhv və qərəzli proqnozlar, eləcə də xəbər materialları Azərbaycanla Ermənistan arasında münasibətlərin uzunmüddətli normallaşdırılması istiqamətində göstərilən səylərə zərər vurmağa yönəlib.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin eksperti Selenay Erva Yalçın Böyük Britaniyanın “The Economist” jurnalının 2026-cı il üçün proqnozlarını şərh edərkən səsləndirib.

O, Bakı ilə İrəvan arasında qorunub saxlanmış dialoqda mövcud müsbət dinamikaya diqqət çəkərək bildirib ki, bu hal “Cənubi Qafqazda qarşıdurma yaratmağa çalışan müəyyən dairələrin narazılığına səbəb olur”.

S.E.Yalçın Britaniya nəşrinin Azərbaycanla Ermənistan arasında münasibətlərin perspektivlərinə dair “aktiv münaqişə” terminindən istifadə etməsini xüsusi vurğulayıb.

Türkiyəli ekspert qeyd edib ki, Azərbaycan və Ermənistanı Rusiya, Ukrayna, Konqo, Ruanda, Yəmən, Myanma, Cənubi Sudan və Uqanda kimi xarici siyasət aktorları ilə eyni sırada qoymaq olmaz. “Yuxarıda adı çəkilən, aktiv münaqişə vəziyyətində olan və ya ərazisində problemli bölgələr mövcud olan ölkələrdən fərqli olaraq, Azərbaycanla Ermənistan arasında silahlı münaqişə yoxdur, insanlar həlak olmur. “The Economist”in proqnozu açıq şəkildə reallıqlardan və obyektiv təhlil anlayışından uzaqdır”, – deyə o vurğulayıb.

Ankara analitik mərkəzinin təmsilçisi Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilmiş görüşünü və sülh sazişi mətninin paraflanmasını xatırladıb. “Azərbaycan və Ermənistan liderləri vaxtaşırı görüşür, iki ölkə arasında danışıqlar müsbət məcrada davam edir. Ermənistanın rəsmi şəxsləri dəfələrlə Azərbaycanın tələblərinin müzakirəsinə hazır olduqlarını bəyan ediblər. Bu tələblər sırasında həmin ölkənin Konstitusiyasının redaksiyasının dəyişdirilməsi məsələsi də var”, – deyə türkiyəli ekspert bildirib və Bakının Azərbaycan üzərindən Ermənistana yük tranziti yolunda maneələrin aradan qaldırılması ilə bağlı qərarını xatırladıb.

Bu baxımdan ekspert qeyd edib ki, müəyyən oxucu auditoriyasına malik olan və özünü “Qərbin nüfuzlu nəşrlərindən biri” kimi təqdim edən “The Economist” jurnalının mövqeyi dərc olunan materialın əsl məqsədləri ilə bağlı suallar doğurur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
24
azertag.az

1Mənbələr