Azərbaycanda son vaxtlar yas mərasimlərində dəbdəbəli süfrələrin qurulmasına rəsmi səviyyədə qadağalar qoyulur. Qərarın arxasında israfçılıqla mübarizə, dinə dəqiq riayət, sosial baxımdan isə bərabərlik niyyəti dayanır. Lakin ictimaiyyət arasında haqlı suallar yaranır: bəs toylarda niyə oxşar qadağalar tətbiq olunmur? Niyə toylar üçün “xeyir işdir, hər adamın ömründə bir dəfə olur” deyib göz yumduğumuz israf, yasda qəbahət sayılır? Əgər məqsəd israfçılığın qarşısını almaqdırsa, toylarda gərəksiz menyular, israf edilən cürbəcür yeməklər, həddindən artıq şou elementlərinə də qadağa qoyulsun. Sosial ədalət və ümumi rifah yalnız yaslara deyil, toy mərasimlərinə də tətbiq olunmalıdır. Təəssüf ki, yas məclislərindəki dəbdəbəyə qarşı sərt addımlar atılsa da, toy sənayesi hələ ki “toxunulmazlığ”ını qoruyur.
Bəs nə vaxtsa, toylarda da dəbdəbəli süfrələr yığışdırıla bilərmi?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, bu məsələ vaxtaşırı ictimaiyyət arasında, sosial şəbəkələrdə və müxtəlif məclislərdə gündəmə gətirilir:

“Doğrudan da bəzi toy mərasimlərində süfrə son dərəcə dəbdəbəli şəkildə hazırlanır və əvvəlcədən bəlli olur ki, təqdim olunan yemək və içkilərin əhəmiyyətli bir hissəsinə heç toxunulmayacaq. Bu isə israfçılıqla yanaşı, toy sahibinin üzərinə əlavə maliyyə yükü qoyur. Bundan əlavə, övladının toyunu böyük çətinliklə keçirən insanlar arasında da bu hal narazılıq və qıcıq doğurur. Mənə elə gəlir ki, bu məsələlər ciddi ictimai müzakirələrə çıxarılmalıdır. Eyni zamanda, tanınmış şəxslərin bu istiqamətdə nümunə göstərməsi çox vacibdir. Artıq vaxt yetişib ki, dəbdəbəli toylar yerini daha sadə, amma yadda qalan və səmimi toy mərasimlərinə versin. Əgər kimsə övladının toyunu unudulmaz etmək istəyirsə, bu məqsədlə xərcləyəcəyi vəsaitin bir hissəsini ehtiyacı olan ailələrə yardım kimi sərf etməsi daha mənalı olar”, – deputat yekunlaşdırıb.