
Bu gün Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə ilin yekunlarına dair Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş ümumrespublika seminarı keçirilib.
Seminarda müxtəlif yaş və çəki dərəcələrindən olan uşaq, yeniyetmə, gənc və veteran idmançılar iştirak edib.
Tədbir Azərbaycanda Braziliya Ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənovun rəhbərliyi ilə keçirilib. İdmançılar Taleh Həsənov tərəfindən attestasiya imtahanından keçərək müxtəlif dərəcələrdə kəmərlər alıblar.
Seminarda açılış sözü ilə çıxış edən İctimai Birliyin təsisçisi, I Qarabağ Müharibəsi iştirakçısı Taleh Həsənov Birliyin fəaliyyət planına tariximizin şanlı Zəfər günlərinə həsr olunmuş silsilə seminar və tədbirlərin daxil olmasının verdiyi qürur hissindən məmnunluğunu ifadə edib, xalqımıza və idmançılarımıza daim müvəffəq olmağı arzu edib.
Birliyin həmtəsisçisi Vüsal Həsənov da çıxışı zamanı şanlı zəfər tarixinin fonunda tariximizin və keçmişin unudulmamasının, daim təbliğ edilməsinin və dəyərlərimizə sadiq qalmağın əhəmiyyətini vurğulayıb.
Daha sonra İctimai Birliyin prezidenti Aqil Acalov öz çıxışında müasir tariximizin ən şərəfli səhifələrinə çevrilən II Qarabağ Müharibəsindən danışmış və orada qəhrəmanlıq göstərən idmançılarımızın və bütün qəhrəman oğullarımızın mübarizə əzminin yetişməkdə olan gənc nəslə ən vacib örnək olduğunu qeyd edib.
İctimai Birliyin sədri Fuad Kərimov da öz çıxışında idmançılara uğurlar arzulayıb, onların ölkə gənclərinin həm fiziki, həm də mənəvi sağlamlığında verdiyi töhfələrin vacibliyindən söz açıb.
Seminarın sonunda imtahandan keçən idmançılar layiq görüldükləri kəmər dərəcələri ilə mükafatlandırılıblar.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()