Aİ-nin xarici siyasət rəhbəri adanın gələcəyi ilə bağlı qərarın yalnız Qrenlandiya sakinləri və Danimarkaya məxsus olduğunu vurğulayıb...
Poliqon xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Qrenlandiyanın statusunu müəyyən etmək hüququnun yalnız adanın sakinlərinə və Danimarkaya aid olduğunu bəyan edib. Onun bu açıqlaması ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi elçi təyin etməsi fonunda səslənib.
Kaja Kallas bildirib ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazidir və bu status beynəlxalq hüquqla tanınır.
“Biz bütün tərəfdaşlarımızdan Danimarkanın və Qrenlandiyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, eyni zamanda beynəlxalq öhdəliklərə əməl etməyi gözləyirik”, deyə o vurğulayıb.
Xatırladılır ki, Donald Tramp Qrenlandiya üzrə xüsusi elçi vəzifəsinə Luiziana ştatının qubernatoru Ceff Lendrini təyin etdiyini açıqlayıb. ABŞ prezidenti bu qərarı əsaslandırarkən bildirib ki, yeni təyinat ABŞ-nin maraqlarının, “müttəfiqlərin sağ qalmasının və mahiyyət etibarilə bütün dünyanın təhlükəsizliyinin” təmin edilməsinə xidmət edəcək.
Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen isə bu təyinata münasibət bildirərək qeyd edib ki, Vaşinqtonun bu addımı adadakı real vəziyyətə və daxili siyasi proseslərə təsir göstərməyəcək. Onun sözlərinə görə, Qrenlandiyanın gələcəyi ilə bağlı qərarlar yerli əhali və Danimarka ilə birgə qəbul olunur.
Qeyd edək ki, ötən ilin dekabr ayının sonunda Donald Tramp Qrenlandiya üzərində nəzarətin ABŞ-nin milli təhlükəsizliyi baxımından vacib olduğunu bildirib və adanın ABŞ-yə birləşdirilməsi ehtimalını istisna etməyib. O, bu kontekstdə Danimarkanı ticarət rüsumları ilə hədələyib. Bu bəyanatlar Kopenhagendə sərt reaksiya doğurub. Danimarka parlamentinin – Folketingin müdafiə komitəsinin sədri Rasmus Yarlov Vaşinqtonun Qrenlandiya ilə bağlı iddialarının hətta Danimarka ilə ABŞ arasında müharibə riskinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Poliqon.info