AZ

Liviya miqrantların deportasiyasını intensivləşdirib

Qahirə, 23 dekabr, AZƏRTAC

Liviyada qeyri-qanuni miqrasiya ilə mübarizə aparan aidiyyəti qurumlar quru və hava yolu ilə “könüllü deportasiya” əməliyyatlarını intensivləşdiriblər. Saxlanılanlar kütləvi şəkildə öz ölkələrinə qaytarılırlar.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, miqrantların deportasiyası rəsmi Tripolinin irəli sürdüyü “milli proqram” çərçivəsində həyata keçirilir. Bu proqram ölkədə 3 milyon qeyri-qanuni miqrantın olduğu müəyyən edildikdən sonra tətbiq olunub.

Qeyd olunur ki, ölkənin şərqində Benqazidəki müvafiq qurumlar da bu sahədə fəaliyyətlərini genişləndiriblər.

Benqazidəki təhlükəsizlik orqanları qeyri-qanuni miqrantların izlənməsi və aşkarlanması əməliyyatlarını bazarlar da daxil olmaqla müxtəlif məkanlarda, eləcə də uzaq ətraf bölgələrdə intensivləşdiriblər. Qeyri-qanuni Miqrasiya ilə Mübarizə İdarəsindən bildirilib ki, deportasiya əməliyyatları “gündəlik və müntəzəm şəkildə, yüksək intizam və təşkilatçılıq səviyyəsində” davam etdirilir.

Liviyada əhalinin rəsmi siyahıya alınması hələ keçirilməyib. Ona görə də ölkədəki miqrantların sayını əhali sayı ilə müqayisə etmək mümkün deyil. Amma miqrantların deportasiyası ilə bağlı hazırlanan proqram ölkədə bu sahədə vəziyyətin ürəkaçan olmadığından xəbər verir.

Qeyd olunur ki, miqrantlar, əsasən səhra bölgələrindən və nəzarətsiz keçid məntəqələrindən daxil olublar. Avropa təşkilatlarının əvvəlki hesabatlarına görə, ölkədə bir milyon 500 min mühacir yaşayır.

Miqrantların əksəriyyəti sonradan Avropaya keçmək üçün Liviyaya gəliblər. Beynəlxalq Miqrasiya Təşkilatı noyabrın 2-dən 8-dək 568 miqrantın Avropa sahilləri yaxınlığında saxlanılaraq Liviyaya geri qaytarıldığını bildirib. Bu ilin əvvəlindən ümumilikdə 23513 miqrantın saxlanılaraq geri qaytarıldığı barədə məlumat verilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
90
1
azertag.az

2Mənbələr