AZ

2026-cı ilin dövlət büdcəsi Azərbaycanın inkişafına, rifahına və təhlükəsizliyinə xidmət edəcək

Dövlət suverenliyimizin iqtisadi əsaslarının möhkəmləndirilməsi yeni büdcə zərfinin prioritet hədəfidir

Qalib Azərbaycan dövləti öz tarixində tamamilə yeni mərhələyə qədəm qoyur. Postmüharibə dövrü adlandırdığımız bu mərhələdə taleyüklü məsələlərin 2026-cı ilin dövlət büdcəsi zərfində nəzərə alınması onun unikallığını ifadə edir. Tamamilə bərpa etdiyimiz dövlət suverenliyinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, "Böyük qayıdış" proqramının icrası, ölkəmizin təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-tranzit infrastrukturunun dəstəklənməsi və bütün bunların sosial müdafiə tədbirləri ilə müşayiət edilməsi yeni büdcə sənədinin həm əsas xüsusiyyəti, həm də üzərinə düşən başlıca missiyadır.

Biz ötən günlərdə Şanlı Zəfərimizin 5 illiyini qeyd etdik. Möhtəşəm hərbi paradda nümayiş etdirilən təkcə hərbi qüdrətimiz deyildi, həm də iqtisadi gücümüz idi. Biz Qalib ölkənin Qalib iqtisadiyyatını qurmuşuq və onu daha da gücləndiririk.

Büdcə müzakirələrinin parlament formatı və onun xüsusiyyətləri

Möhtərəm Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə zərfinin parlament tərəfindən müzakirəsi uğurla başa çatmış və qəbul edilmişdir. Deputat həmkarlarımız büdcə müzakirələrində dəyərli fikirlər və təkliflər səsləndirmişlər. Müvafiq dövlət qurumlarının nümayəndələri büdcə zərfinin müxtəlif aspektləri ilə bağlı geniş təqdimatlarla çıxış etmişlər.

Səslənən fikirlər sahəvi, regional və ictimai xarakterli olmaqla, dövlət büdcəsi üçün təbii ki, əlavə maliyyə öhdəlikləri yaradır. Bununla belə, hesab edirik ki, bu fikir və mülahizələr ümumilikdə parlamentin büdcə zərfinə dəstəyini ifadə etməklə yanaşı, həm də ölkəmizin sosial-iqtisadi inkişafına, dövlət siyasətinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsinə, o cümlədən regionlarda mövcud problemlərin həllinə xidmət edir. 

Qeyd etmək lazımdır ki, 2-ci oxunuşdan sonra dövlət büdcəsinə fiskal qaydanın tələbləri nəzərə alınmaqla, növbəti ilin dövlət büdcəsinin və icmal büdcənin gəlir və xərcləri çərçivəsində 52 mln. manat həcmində dəyişikliklər edilmişdir. Bununla belə, büdcənin ümumi parametrləri dəyişməz olaraq qalmışdır. 

Həmkarlarımız tərəfindən qaldırılmış bəzi məsələlər və onların maliyyə təminatı aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilmişdir. İrəli sürülən təkliflərin bir qisminin dövlət investisiya proqramı çərçivəsində həll ediləcəyi gözlənilir. 

Nəzərə almalıyıq ki, büdcə prosesi sadəcə bir illə məhdudlaşmır, o, davamlı və uzunmüddətli xarakter daşıyır və bu səbəbdən də hər zaman təkmilləşməyə məruz qalır. 

Büdcə sisteminin təkmilləşdirilməsi mərhələlərindən biri artıq təsdiq olunmuş dövlət büdcəsinin icrasına dair hesabatın parlamentə təqdim edilməsidir. Yeni büdcə zərfinin müzakirəsi zamanı qaldırılan bir çox məsələ və verilən suallar həm də bir qayda olaraq icraya dair hesabat mərhələsində cavablandırılır. 

Dövlət büdcəsi suverenlik kontekstində

 2026-cı ilin büdcə zərfinin hazırlandığı dövr "Konstitusiya və Suverenlik İli"nə təsadüf etmişdir. Bu gün Azərbaycan dövlət suverenliyinin, iqtisadi müstəqilliyin uğur hekayəsini yazmış qətiyyətli, ləyaqətli və nüfuzlu dövlətdir. 

Ölkəmizdə siyasi və iqtisadi müstəqilliyin uzlaşdırılması dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən edilmişdir. Prezident İlham Əliyev bu siyasətin mahiyyətini aydın bir şəkildə belə ifadə edib: "İqtisadiyyatımız nə qədər güclü olsa, bizim siyasi addımlarımız da o qədər cəsarətli və uğurlu olacaqdır... İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir..." 

Azərbaycanın indiyə kimi reallaşdırdığı strateji təşəbbüslər, yürüdülən müstəqil siyasət əsasən daxili resurslar hesabına həyata keçirilmiş, ölkəmizin heç bir xarici dövlətdən, donor təşkilatlardan asılılığına yol verilməmişdir.

Bir məsələni xüsusi olaraq nəzərə almalıyıq ki, büdcə vəsaitlərimiz də, valyuta ehtiyatlarımız da dövlətimiz üçün təkcə maliyyə təminatı deyil, həm də ləyaqətli və qətiyyətli müstəqil siyasətin həyata keçirilməsi üçün, yeni tarixi mərhələdə qarşımızda dayanan taleyüklü məsələlərin həlli üçün mühüm maliyyə vasitəsidir. 

Dövlət büdcəsi ali siyasi sənəd kimi

Suverenliyimizin və iqtisadi müstəqilliyimizin maliyyə əsası olan yeni büdcə zərfi hər şeydən əvvəl dövlət başçısının iradəsini və irəli sürdüyü təşəbbüsləri, müəyyən etdiyi strateji vəzifələri və təşəbbüsləri özündə əks etdirir və onların reallaşdırılması üçün maliyyə təminatı yaradır. Bu səbəbdən büdcə zərfini biz həm də ali siyasi sənəd kimi dəyərləndiririk. 

Ötən dörd il ərzində növbəti ortamüddətli dövr üçün hazırlanmış büdcə çərçivəsi sənədlərində əks olunan çağırışların əksəriyyəti 2026-2029-cu illərdə öz aktuallığını qoruyacaq.

İlin əvvəlindən başlayaraq, hökumətin çevik koordinasiyası ilə hazırlanan və ciddi müzakirə mərhələlərindən keçən büdcə zərfi iqtisadi blokun vahid mövqeyini ifadə edir. Bu mənada büdcə zərfi həm də ciddi hökumət sənədidir. 

Büdcə zərfi öz mahiyyəti etibarilə dövlətin maliyyə strategiyasını və inkişaf hədəflərini əks etdirən olduqca mürəkkəb və çoxşaxəli strateji sənəd olduğuna görə onun dəyərləndirilməsi sistemli və konseptual baxış, ciddi makroiqtisadi təhlil tələb edir. 

Gələn ilin büdcə zərfi məzmunu, strukturu, qarşıya qoyduğu hədəfləri baxımından əvvəlki illərin təsdiq edilmiş büdcələrindən əhəmiyyətli dərəcədə fərqləndiyinə görə, onun əsas xüsusiyyətlərinin nədən ibarət olduğunu bilməliyik.

Dövlət büdcəsinin bu xüsusiyyətləri bir-biri ilə sıx bağlıdır, biri digərini şərtləndirir və tamamlayır. Və ciddi keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan bu cəhətlər məzmunca 2026-cı ildə həyata keçiriləcək büdcə konsolidasiyası siyasətini xarakterizə edir. 

2026-cı ilin dövlət büdcəsinin parametrləri

Beləliklə, 2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,6 mlrd. manat, xərcləri 41,7 mlrd. manat nəzərdə tutulur. Bu, gəlir və xərclər üzrə 0,7 faizlik artım deməkdir. Dövlət büdcəsi kəsirinin yuxarı həddi isə 3,1 mlrd. manat olmaqla ÜDM-in 2,3 faizini təşkil edəcəkdir.

Büdcə zərfi makroiqtisadi sabitliyi səciyyələndirən proqnozlara əsaslanır. Belə ki, növbəti ildə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır. 

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış iqtisadi və sosial inkişaf proqnozları baza ssenarisinə əsaslanmaqla təkcə 2026-cı ili deyil, həm də sonrakı üç ili əhatə edir. Bir qayda olaraq bu proqnozların tərtibi zamanı dünya enerji, ərzaq və maliyyə bazarlarındakı trendlər, qlobal və regional iqtisadi proseslərin milli iqtisadiyyata mümkün təsirləri də nəzərə alınır.

Növbəti ildə real ifadədə qeyri-neft-qaz ÜDM-in 5,0 faiz artması, neft-qaz ÜDM-in isə 2,4 faiz azalması proqnozlaşdırılır. ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payı 72 faizdən 75,8 faizə, 2029-cu ildə isə 80 faizə çatacaqdır. 

Ortamüddətli dövrün sonuna - 2029-cu ildə ÜDM-in həcminin 161,8 mlrd. manata, onun adambaşına həcminin isə təxminən 9140 ABŞ dollarına çatacağı gözlənilir.

Neftin orta illik ixrac qiyməti 1 barel üçün 65 dollar götürülüb. Manatın məzənnəsinin isə sabit qalacağı gözlənilir. 

Xatırladaq ki, dünya iqtisadiyyatında artım 3,1 faiz, qlobal inflyasiya 3,7 faiz səviyyəsində qərarlaşacaqdır. 

Növbəti il üçün planlaşdırılan cari xərclər 25,2 mlrd. manat təşkil etməklə xərclərin 60,3 faizini təşkil edir. Bu, 2025-ci illə müqayisədə 407,3 mln. manat və ya 1,6 faiz çoxdur. Əsaslı xərclər 14,1 mlrd. manat olmaqla xərclərin 33,8 faizi həddindədir. Büdcə xərclərinin 2,5 mlrd. manatı və ya 5,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərdən ibarətdir. Bu rəqəm 2025-ci illə müqayisədə 58,0 mln. manat və ya 2,4 faiz çoxdur. 

Növbəti ilin dövlət büdcəsi gəlirlərinin qurumlar üzrə strukturunu nəzərdən keçirək. 2026-cı ilin dövlət büdcəsi gəlirlərinin 16,9 mlrd. manat və ya 43,8 faizi Dövlət Vergi Xidməti xətti ilə daxilolmaların, 12,8 mlrd. manatı və ya 33,2 faizi Neft Fondundan transfertin, 6,9 mlrd. manatı və ya 17,8 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 1 mlrd. manatı və ya 2,6 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 981,0 milyon manatı və ya 2,6 faizi isə digər gəlirlərin payına düşür.

2026-cı ilin icmal büdcəsinin parametrləri

İcmal büdcənin gəlirləri 44,9 mlrd. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2025-ci ilə nisbətən 1018,8 milyon manat və ya 2,3 faiz çoxdur.

İcmal büdcənin xərcləri 48,8 mlrd. manat olmaqla 2025-ci ilə nisbətən 1,2 mlrd. manat və ya 2,5 faiz çox nəzərdə tutulur.

İcmal büdcənin kəsiri 3,9 mlrd. manat təşkil etməklə 2025-ci illə müqayisədə 191,1 mln. manat və ya 5,2 faiz çoxdur. Kəsir proqnozlaşdırılan ÜDM-in 2,9 faizinə bərabər olacaqdır.

Büdcə qaydası icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti göstəricisi kimi hesablanır. 2026-cı ildə bu göstəricinin cari ildən 3,4 faiz bəndi az olmaqla 19 faiz təşkil edəcəyi gözlənilir. Əslində, bu fiskal qayda tətbiq olunduğu dövrdən indiyə kimi ən yaxşı göstəricidir. 

Büdcə sistemi haqqında qanunvericiliyə müvafiq dəyişikliklərdən sonra onun yuxarı həddinin yalnız ortamüddətli dövrün sonuna müəyyən edilməsi nəzərdə tutulur. 2026-cı ilin dövlət büdcəsi zərfinə əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2029-cu ilin sonuna 13,0 faizə endirilməsi gözlənilir.

Dövlət büdcəsi və maliyyə təhlükəsizliyi

Qlobal iqtisadi təsirlərə baxmayaraq, iqtisadiyyatımız konyunktur risklərdən sığortalanmaq üçün etibarlı maliyyə təhlükəsizliyi yastığına malikdir. Ölkəmiz 82,5 mlrd. dollarlıq, başqa sözlə, ÜDM-in həcmindən çox strateji valyuta ehtiyatlarına malikdir. Xarici dövlət borcumuz 4,9 mlrd. dollar olmaqla ÜDM-in cəmi 6,5 faizi həddindədir. Valyuta ehtiyatlarımızın xarici dövlət borcunu təxminən 17 dəfə üstələməsi ölkəmizin beynəlxalq maliyyə öhdəliklərini hər an yerinə yetirmək qabiliyyətində olduğunu göstərir.  Büdcə zərfi dövrün çağırışlarını nəzərə almaqla həm də maliyyə təhlükəsizliyinin gücləndirilməsini, o cümlədən valyuta ehtiyatlarımızın qorunmasını hədəfləyir. Prezident İlham Əliyevin Neft Fondu ilə bağlı və bu günümüz üçün olduqca aktual səslənən bir fikrini xatırlatmaq istərdim: "Dövlət Neft Fondu bizim iqtisadi suverenliyimizin əsas dayağıdır". Məhz bu səbəbdən də fondun aktivlərinin qorunması, dövlət büdcəsinin əsasən qeyri-neft gəlirləri hesabına formalaşdırılması, fiskal risklərin azaldılması ölkəmizin iqtisadi və maliyyə təhlükəsizliyinin başlıca şərtidir. 

 

İdeal, yoxsa rasional büdcə?

Təqdim edilmiş büdcə zərfi hər şeydən əvvəl, hökumətin rasional büdcə siyasəti təşəbbüslərini nümayiş etdirir. Nəzərə almalıyıq ki, dünyanın hər yerində ehtiyaclar sonsuz, resurslar məhduddur. Buna görə də hər bir ölkə ideal deyil, məhz rasional büdcə tərtib etmək niyyətində olur. Çünki ideal büdcə ölkənin bütün ehtiyaclarının tam ödənilməsidir. 

Elə ölkəmiz üçün də yeni dövrün çağırışları maliyyə ehtiyaclarımızı kəskin artırmışdır. Təkcə "Böyük qayıdış" proqramının icrasına növbəti il üçün planlaşdırılan 3,5 mlrd. manat da nəzərə alınmaqla, 2020-2026-cı illərdə 25,3 mlrd. manat büdcə vəsaiti ayrılmışdır. Təsdiq edilmiş iqtisadi inkişaf strategiyasının və digər dövlət proqramlarının da icrası üçün milyardlarla manat vəsaitə ehtiyac var. Belə bir şəraitdə büdcə prosesinə rasional və realistik yanaşma zərurəti yaranır. 

Rasional büdcə o büdcədir ki, dövlətin strateji məqsədləri və prioritetləri ilə uyğun qurulur, makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını qoruyur, sosial ədalət və iqtisadi səmərəlilik arasında balans yaradır, büdcə xərcləri real gəlir imkanlarına əsaslanır və risklər nəzərə alınır.

Ən təsirli sosial siyasət rasional iqtisadi siyasətdir

Büdcə zərfinin əsas xüsusiyyətlərindən biri ənənəvi olaraq onun sosial xarakteri ilə bağlıdır. Sosialyönümlü xərclərin 17,1 mlrd. manat olmaqla dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin növbəti ildə də prioritetliyini ifadə edir. Eyni zamanda təhsil, sosial müdafiə və təminat xərcləri üzrə artımlar nəzərdə tutulur. Bu artımlar icmal səhiyyə xərclərini də əhatə edir. 

Sosial müdafiə və sosial təminat xərcləri üçün 4873,0 mln. manat vəsait proqnozlaşdırılmışdır. Bu 2025-ci illə müqayisədə 121,2 mln. və ya 2,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 721,8 mln. manat və ya 17,4 faiz çoxdur. Bu xərclərin büdcə xərclərində payı 11,7 faizdir.

Aztəminatlı ailələrin və sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsi üçün 2750,9 mln. manat nəzərdə tutulur. Bu rəqəm də 2025-ci illə müqayisədə 150,7 mln. manat və ya 5,8 faiz çoxdur. Sosial müavinətlərə 2144,7 mln. manat (2025-ci ilə nisbətən 201,8 mln. manat və ya 10,4 faiz çox) ayrılması planlaşdırılır.

Bununla belə, nəzərə almalıyıq ki, ən təsirli sosial siyasət rasional iqtisadi siyasətdir. Bu baxımdan sosial xərclərin makroiqtisadi sabitliklə, xüsusilə də minimal inflyasiya ilə müşayiət edilməsi olduqca vacibdir. 

 

Təhlükəsizlik büdcəsi: iqtisadi gücdən hərbi gücə

Müzakirəyə təqdim edilmiş büdcə zərfi həm də təhlükəsizlik büdcəsidir. Belə ki, müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə büdcə xərclərinin 21 faizi qədər - 8,7 mlrd. manat vəsait nəzərdə tutulmuşdur. Bu, 2025-ci illə müqayisədə 318,5 mln. və ya 3,8 faiz, 2024-cü illə müqayisədə isə 2,2 mlrd. və ya 32,8 faiz çoxdur. Ümumiyyətlə, müdafiə xərclərimiz son beş ildə (2022-2026-cı illər) 3,8 mlrd. və ya 1,8 dəfə artım dinamikasına malikdir.

Hesab edirik ki, müdafiə qabiliyyətimizin gücləndirilməsi, müasir ordu quruculuğu prosesinin hələ davam etməsi büdcə vasitəsilə hərbi gücün artırılmasını tələb edir. 

Hərbi xərclərin artırılması, yalnız döyüş əməliyyatları üçün deyil, həm də müdafiə infrastrukturunun yenilənməsi, hərbçilərin sosial müdafiəsi və texnoloji modernizasiya kimi hədəflərə xidmət edir. Bu isə bilavasitə sülhün davamlılığının təminatı deməkdir.

Sülh müqaviləsinin paraflanması əhəmiyyətli bir mərhələdir. Lakin bu, sülhün tam və qəti şəkildə bərqərar olması demək deyil. Ermənistan cəmiyyətində hələ də revanşist meyillər, Azərbaycanın ərazi bütövlüyünə qarşı səsləndirilən ritorikalar, hərbi ritorikaya meyillilik və sabitliyi poza biləcək radikal siyasi qruplar mövcuddur. Azərbaycan dövləti bu riskləri önləmək üçün öz müdafiə qabiliyyətini azaltmır, əksinə, sülhü qoruyan güc balansını davam etdirir. Bu, regional və qlobal təhlükəsizlik arxitekturasında yerimizi möhkəmləndirmək üçün vacibdir.

Bu gün neytral statuslu ölkələr - Finlandiya, İsveç, Avstriya və digərləri - hərbi xərclərini artırmaqda davam edirlər. NATO-ya üzv ölkələr artıq ÜDM-in 2 faizindən çoxunu müdafiəyə ayırmaq öhdəliyini yerinə yetirirlər. Bəzi ölkələr bu göstəricini 4-5 faizədək çatdırmağı planlaşdırır. Bunun fonunda Azərbaycanın artan hərbi xərcləri nə militarizm, nə də müharibə ritorikası kimi qiymətləndirilə bilməz. Əksinə, bu, qlobal meyillərə uyğunlaşdırılmış ehtiyatlı və rasional siyasətdir.

Milli iqtisadiyyatda struktur transformasiyasını əks etdirən dövlət büdcəsi

Son illər milli iqtisadiyyatımızda nəzərə çarpan ciddi struktur dəyişikliklərinin büdcə zərfini müşayiət etməsi onun vacib xüsusiyyətlərindən biridir. Belə ki, növbəti ildə neft-qaz ÜDM-in 2,4 faiz azalması fonunda qeyri-neft-qaz ÜDM 5 faizlik artımla proqnozlaşdırılır. Bununla da, ölkə iqtisadiyyatının strukturunda qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 72 faizdən 2026-cı ildə 76 faizə, 2029-cu ildə isə 80 faizə çatacağı gözlənilir. 

Neft sektorunda azalmanın qeyri-neft iqtisadiyyatında artımla müşayiət edilməsi, ÜDM-də özəl bölmənin payının 81 faizə, təkcə xidmət sektorunun payının isə 43 faizə çatması, hərbi sənayenin inkişafı, nəqliyyat-tranzit potensialının reallaşması ölkəmizdə iqtisadi artımın keyfiyyətini yüksəltməkdədir. 

Hesab edirik ki, Prezident İlham Əliyevin innovativ və texnoloji inkişaf, insan kapitalı, rəqəmsallaşma, süni intellektlə bağlı sahələri prioritet elan etməsi, əlavə dəyər yarada bilən fəaliyyət istiqamətlərini dəstəkləməsi uzunmüddətli dövr üçün yüksək məhsuldarlığa əsaslanan iqtisadi artıma xidmət edəcəkdir. 

2026-cı ildə gözlənilən 2,9 faizlik iqtisadi artım patologiyadırmı?

İqtisadiyyatın strukturunda baş verən meyillərdən bəhs edərkən bir məsələyə də münasibət bildirmək istərdik. Neft sektorunun iqtisadiyyatda payının azalması və bunun fonunda iqtisadi artımın cari ilin 10 ayında 1,3 faiz təşkil etməsi, cari ilin sonuna 3 faiz gözlənilməsi və növbəti il üçün 2,9 faiz proqnozlaşdırılması bəzilərinin təqdim etdiyi kimi nə durğunluqdur, nə də hər hansı bir iqtisadi patologiyadır. 

2026-cı il üzrə gözlənilən qlobal artım tempi ilə demək olar ki, eyni səviyyədə proqnozlaşdırılan iqtisadi artım sənayenin strukturundakı dəyişiklikləri, konkret olaraq neft hasilatının aşağı düşməsini əks etdirir. Reallıq bundan ibarətdir ki, hasilatın azalması da öz növbəsində struktur transformasiya səbəbindən qeyri-neft sektorunda artım tempini aşağı sala bilir. Görəsən, iqtisadiyyatın və sənayenin strukturundakı yeniləşmə, neft hasilatının geoloji və texnoloji xüsusiyyətlərindən irəli gələn azalma meyilləri nə vaxtdan iqtisadi tənəzzül və ya durğunluq hesab edilir? 

Xatırlatmaq istərdim ki, Azərbaycanın neft sənayesi üzrə hasilat dinamikası hələ "Əsrin müqaviləsi" çərçivəsində uzunmüddətli geoloji və texniki proqnozlara əsasən müəyyən edilmişdir. Faktiki rəqəmlərə baxsaq, neft hasilatı 1995-ci ildə 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatmışdır. 2011-ci ildən isə hasilat tədricən azalaraq 2020-ci ildə 34 mln. tona, 2025-ci ilin 10 ayında 23 mln. tona enmişdir. Neft hasilatının bu dinamikası dövlətimizin iqtisadi strategiyasında, xüsusilə də büdcə planlaşdırılmasında, neft gəlirlərinin idarə edilməsi modelində nəzərə alınmışdır. 

(Ardı var)

 Azər ƏMİRASLANOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Seçilən
42
azerbaijan-news.az

1Mənbələr