AZ

Mayamidən sonra...

Yeni görüş gözlənilir

Mayamidə Rusiya - Ukrayna müharibəsinin dayandırılması və problemin sülh yolu ilə həlli istiqamətində yeni danışıqlar raundu baş tutub. Görüş bir neçə saat çəkib. Ukrayna nümayəndə heyəti  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatovdan ibarət olub. Amerika nümayəndə heyətini isə Cared Kuşner, Ağ Ev rəsmisi Coş Qruenbaum və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edib.

4 plan üzrə...

Görüşdən sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov danışıqların yekunlarına dair birgə bəyanat yayımlayıblar. Mətbuat üçün açıqlama Ukrayna və ingilis dillərində dərc olunub. Bəyanatda bildirilir ki, 3 gün ərzində Floridada olan Ukrayna nümayəndə heyəti amerikalı və avropalı tərəfdaşlarla “məhsuldar və konstruktiv” görüşlər silsiləsi keçirib. Danışıqlar zamanı ABŞ ilə Ukrayna nümayəndə heyəti arasında 4 əsas sənəd müzakirə olunub. Müzakirə edilən əsas sənədlərə gəldikdə isə, bu, 20 maddədən ibarət plan, çoxtərəfli təhlükəsizlik zəmanətləri, ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətləri sistemi və iqtisadi inkişaf və rifah planıdır.

Birgə açıqlamada vurğulanır ki, Ukrayna ədalətli və davamlı sülhə nail olmaq məqsədinə tam sadiq qalır. “Ukrayna Birləşmiş Ştatların liderliyini və dəstəyini, eləcə də bu mühüm işin növbəti mərhələlərində tərəfdaşlarla sıx koordinasiyanın davam etdirilməsini yüksək qiymətləndirir”, - deyə bəyanatda bildirilib. Danışıqların detalları açıqlanmasa da, yayılan məlumatlar Vaşinqton-Kiyev xəttində təhlükəsizlik və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçə biləcəyinə dair siqnallar kimi qiymətləndirilir.

Vitkoff təsdiqlədi...

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff danışıqların əsas mövzuları ilə bağlı “X” sosial media platformasında paylaşım edib. Xüsusi nümayəndənin sözlərinə görə, görüş məhsuldar, konstruktiv olub - o, görüşün dörd əsas məsələ üzərində qurulduğunu bir daha təsdiqləyib. “Müzakirə növbəti addımların vaxtı və ardıcıllığı üzərində fokuslanıb”, - deyə Vitkoff vurğulayıb.

Trampın sözçüsü bildirib ki, “bizim ortaq prioritetimiz qətllərə son qoymaq, zəmanətli təhlükəsizliyi təmin etmək və Ukraynanın bərpası, sabitliyi və uzunmüddətli rifahı üçün şərait yaratmaqdır. Sülh sadəcə hərbi əməliyyatlara son qoymaqdan daha çox, həm də sabit gələcək üçün layiqli bir təməl olmalıdır”. Stiven Vitkoffun sözlərinə görə, Ukrayna nümayəndə heyəti Mayamidə avropalı tərəfdaşlarla da görüşüb.

Aİ təmsilçiləri də Ukrayna və ABŞ nümayəndələri ilə görüşüb

Sonradan Ukrayna təmsilçiləri ilə Aİ nümayəndələri arasında da görüş baş tutub. Avropanın əsas milli təhlükəsizlik məsləhətçiləri Ukrayna, ABŞ və Avropa arasında ortaq strateji yanaşmanı əlaqələndirmək üçün müzakirəyə qoşulublar. Bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik Şurasının (NSDC) katibi Rüstəm Umerov özünün Telegram kanalında məlumat verib. “ABŞ-da Amerika və Avropa tərəfdaşları ilə görüşümüzü başa vurduq”, - deyə o, Ukrayna Prezidenti Volodimir Zelenskiyə nəticələr barədə məlumat verdiyini qeyd edərək yazıb. Onun sözlərinə görə, danışıqlar zamanı növbəti addımlar və yaxın gələcəkdə birgə işlərin davam etdirilməsi barədə razılıqlar əldə edilib.

“Axios”un məlumatına görə, danışıqlarda Avropanı Almaniya, Fransa və Böyük Britaniya liderlərinin milli təhlükəsizlik müşavirləri təmsil edib. Növbəti gün Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Ukrayna, Rusiya və Avropa ilə birbaşa danışıqlar aparmağı təklif etdiyini açıqlayıb. Kiyev bu təşəbbüsü dəstəkləyib.

Növbəti məkan - Moskva...

Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev qeyd edib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı növbəti Rusiya-Amerika görüşü Moskvada keçirilə bilər. “Təşəkkür edirəm, Mayami. Növbəti dəfə: Moskva”, Dmitriyev “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, 20 və 21 dekabr tarixlərində Dmitriyev də Mayamidə olub və orada ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff və Cared Kuşner ilə görüşüb. Vitkoff görüşün nəticələri ilə bağlı bildirib ki, Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir. “Rusiya Ukrayna münaqişəsinin həlli və qlobal təhlükəsizliyin bərpası üçün ABŞ-ın səylərini və dəstəyini yüksək qiymətləndirir”,- deyə Uitkof əlavə edib.

Danışıqlardan sonra Dmitriyev “müharibə qızışdıranların” danışıqlar prosesini poza bilmədiyini bildirib.

Vens də alqışladı...

Bu arada ABŞ-ın vitse-prezidenti Cey Di Vens də Ukrayna üzrə aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini bəyan edib. Onun sözlərinə görə, tərəflər arasında əsas problemlər artıq açıq müzakirə mərhələsinə çıxarılıb. “Mən hesab edirəm ki, biz mühüm bir irəliləyişə nail olmuşuq. Bütün problemlər açıq şəkildə masaya qoyulub. Adətən mürəkkəb danışıqların əvvəlində tərəflər vəziyyəti bir qədər dolaşdırır, saxta mövzular arxasında gizlənir və kartlarını açmırlar. Bu, çətin danışıqlarda hər kəs üçün xarakterikdir”, - deyə ABŞ vitse-prezidenti bildirib.

Vens vurğulayıb ki, son bir neçə həftə ərzində həm ukraynalıların, həm də rusların hansı məsələlərin müzakirə mövzusu olmadığını, hansılarının isə danışıla biləcəyini real şəkildə anladıqları aydın görünür. Onun fikrincə, bu anlayış danışıqlar prosesinin irəliləməsi üçün mühüm zəmin yaradır.

800  minlik ordu saxlamaq üçün...

Qeyd edək ki, hələ görüşdən öncə Ukrayna Silahlı Qüvvələrinin Donetsk ərazisindən Rusiya qüvvələri ilə paralel güzgü şəklində geri çəkilməsi məsələsi gündəmə gəlmişdi. Daha əvvəl “Politico” qəzeti Ukraynanın Donbasda silahsızlaşdırılmış azad iqtisadi zona yaratmaq təklifini rədd etdiyini bildirmişdi. Bu arada, 12 dekabrda Yuri Uşakov zamanla Donbasda “nə Rusiya, nə də Ukrayna” qoşunlarının olacağını, lakin Rusiya Milli Qvardiyasının orada asayişi qorumaq üçün yerləşdiriləcəyini irəli sürmüşdü.

“The New York Times” qəzetinin məlumatına görə, Avropa İttifaqı və ABŞ nümayəndələri Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı iki sənəd üzərində razılığa gəliblər və sənəddə Ukraynada Avropa qüvvələrinin yerləşdirilməsi ehtimalı qeyd olunur  - qeyd edək ki, Moskva bu ssenari ilə razılaşmır.

Son açıqlamasında Volodimir Zelenski Ukraynanın 800.000 nəfərlik ordunu müstəqil şəkildə saxlaya bilməyəcəyini etiraf edib. “Xeyr, buna qadir deyilik - maliyyə resurslarımız yoxdur. Məhz buna görə də mən bu ölkələrin liderləri ilə bu dialoqu aparıram, çünki mən ordumuzun tərəfdaşlarımız tərəfindən qismən maliyyələşdirilməsini təhlükəsizliyimizin qarantı hesab edirəm”, - deyə o bildirib.

SADİQ 

Seçilən
36
yeniazerbaycan.com

1Mənbələr