AZ

Türkmənbaşı limanı Trans-Xəzər nəqliyyat marşrutunun inkişafında mühüm rol oynayır

Bakı, 23 dekabr, AZƏRTAC

Türkmənistanın Xəzər dənizi sahilində yerləşən Türkmənbaşı limanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında mühüm rol oynayaraq Asiya ilə Avropa arasındakı yükdaşımalara böyük töhfə verir.

Bu sözləri AZƏRTAC-a aşıqlamasında Türkmənistan Dəniz və Çay Marşrutları Agentliyinin sədri Batır Annayev deyib. O bildirib ki, bu liman Şərq-Qərb dəhlizinin halqası olmaqla Mərkəzi Asiyanın tranzit sistemində mühüm rol oynayır. İldə 17 milyon ton yükdaşıma qabiliyyətinə malik olan bu liman regionda tələbatın olduğu bütün növ malları qəbul etmək iqtidarındadır. Müntəzəm yük daşımaları Türkmənbaşı ilə Xəzəryanı dövlətlərin limanları üzrə həyata keçirilir.

“Türkmənistan Türkmənbaşı dəniz limanı vasitəsilə yüklərin daşınmasını artırmaq üçün mühüm addımlar atır. Tranzitin stimullaşdırılması üçün dəniz limanı rüsumları üzrə imtiyazların və daşımalarda güzəştlərin verilməsi daxil olmaqla, müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Türkmənbaşı ilə Bakı arasında müntəzəm bərələr hərəkət edir və quru yük gəmiləri fider daşınmasını təmin edir. Türkmənbaşı limanında “gömrük anbarı” rejimi malları gömrük rüsumu ödəmədən 3 ilə qədər saxlamağa imkan verir”, - deyə B.Annayev əlavə edib.

Onun sözlərinə görə, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı bütün Mərkəzi Asiya regionunun əsas logistik mərkəzlərindən birinə çevrilmək imkanına malikdir.

Agentlik rəhbəri vurğulayıb ki, dünyada baş verən geosiyasi hadisələr və Mərkəzi Asiyadan ənənəvi ixrac malları (gübrələr, kimya və neft məhsulları) bazarında qeyri-sabitlik fonunda yükdaşıma marşrutları dəyişir: “Asiya və Çindən malların daşınması üçün ən populyar marşrutlar Şimal (Rusiya vasitəsilə), Orta (Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa) və Cənub (Qırmızı dəniz vasitəsilə) marşrutlarıdır. 2024-cü ilin əvvəlində Qırmızı dənizdə və digər bölgələrdə baş verən siyasi hadisələr Avropaya yüklərin daşınması qiymətlərinin kəskin artmasına səbəb olub. Bu baxımdan Xəzər və Qara dənizləri arasında Orta Dəhlizinin əhəmiyyəti artır. Layihədə iştirak edən ölkələrin onun inkişaf etdirilməsi üçün səylərini birləşdirilməsi isə geniş perspektivlər açır”.

Seçilən
62
1
azertag.az

2Mənbələr