AZ

Yeni qanun sosial şəbəkələri nəzarətə götürür: 30 gün həbs...

Yeni ildən Azərbaycanda sosial şəbəkələrdə davranış qaydaları sərtləşir. Milli Məclisdə ilk oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, barmaq jestləri ilə söyüş söyən istifadəçilər cərimələnəcək. Əgər bu tədbirlər kifayət etməzsə, istifadəçi 30 günədək inzibati həbsə məruz qala bilər. 

“Yeni Sabah”a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, bir sıra Avropa ölkələrində də sosial mediada açıq təhqir hüquqi məsuliyyət yaradır:

“Dünyada sosial şəbəkələrdə təhqir, nifrət nitqi və zorakılığa çağırış kimi davranışların cərimələnməsi və hüquqi məsuliyyətə çevrilməsi yeni deyil. Məsələn, Avropa ölkələrində sosial mediada açıq təhqir və nifrət nitqi yazan şəxslər cərimələnir. Nümunə olaraq, Almaniyada isə platformalar bu cür paylaşımları vaxtında silməsə, şirkətlərin özünə də böyük cərimələr tətbiq olunur. Böyük Britaniya və Fransa kimi ölkələrdə onlayn davranış artıq real həyatda edilən hərəkətlərlə eyni hüquqi çərçivədə qiymətləndirilir.

Yəni “internetdir, hər şey olar” yanaşması çoxdan aradan qalxıb. Amma bu cür sistemlər tətbiq edilərkən ən həssas məsələ istifadəçi gizliliyi və hüquqlarıdır. Davranışların izlənməsi o demək deyil ki, hər kəsin şəxsi yazışmaları oxunur və ya məxfiliyi pozulur”.

Ekspert vurğulayıb ki, nəzarət şəxsi yazışmalara deyil, açıq paylaşımlara və ictimai şərhlərə şamil olunur:

“Adətən, nəzarət açıq paylaşımlara, şərhlərə və ictimai kontentə şamil olunur. Əsas risk odur ki, qaydalar qeyri-müəyyən və ya həddən artıq geniş yozularsa, ifadə azadlığına zərər dəyə bilər. Ona görə də belə qanunlarda çox aydın meyarlar olmalıdır: nə təhqirdir, nə fikir bildirməkdir, harada sərhəd keçir və s. bunlar dəqiq izah edilməlidir. Əks halda insanlar öz fikrini deməkdən çəkinə bilər.

Sosial şəbəkələrdə sərt davranış qaydalarının açıq sərbəst sözlü yanaşmanın təsirinə gəldikdə isə, burada balans çox vacibdir. Əgər məqsəd söyüşü, təhqiri, təhdidi azaltmaqdırsa, bu cəmiyyət üçün müsbət təsir göstərə bilər. Amma qaydalar fikir, tənqid və satiranı da cəzalandıracaq qədər sərtləşərsə, bu zaman insanlar öz fikrini açıq deməkdən qorxar. Yəni əsas məsələ cəzanın özü yox, onun necə və nə üçün tətbiq olunmasıdır”.

Mövzuya hüquqi aspektdən yanaşan hüquqşünas Ramil Süleymanov isə bildirib ki, özünüifadə yalnız sözlə deyil, jest və hərəkətlərlə də mümkündür:

“Ümumiyyətlə, şəxsin özünüifadə formaları yalnız səsli və ya dil vasitəsilə ifadə ilə məhdudlaşmır; hərəkətlər, susqunluq və müxtəlif jestikulyasiyalar da özünüifadə forması hesab olunur.

Milli Məclisin bu məsələlərlə bağlı qanunlara əlavə və dəyişikliklərin edilməsi mücərrəd xarakter daşıya bilər və ciddi problemlərə, habelə geniş mübahisələrin yaranmasına səbəb ola bilər. Artıq müxtəlif messencer platformalarında əl hərəkətlərini ifadə edən emojilərin mövcudluğu da onu göstərir ki, insanlar öz fikirlərini həmin işarələr vasitəsilə ifadə edirlər. Bu baxımdan, belə bir yanaşma gələcəkdə pis nümunə və təhlükəli presedent yarada, hətta ümumilikdə sosial şəbəkələrin qadağan olunmasına aparıb çıxara bilər”.

Ramil Süleymanov əlavə edib ki, Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında əl işarələri ilə ötürülən mesajları ifadə azadlığının bir forması kimi tanıyır:

“Bu mövzu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə dəfələrlə şikayətlər təqdim olunub. Məhkəmə öz qərarlarında vətəndaşların əl işarətləri vasitəsilə müəyyən mesajlar ötürməsini ifadə azadlığının bir forması kimi qiymətləndirib, habelə inzibati orqanların qərarlarına etiraz məqsədi daşıyan bu cür ifadələri müsbət və legitim mesajlar hesab edib”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
24
1
yenisabah.az

2Mənbələr