Prezident İlham Əliyev: Suveren Dövlət Quruculuğundan Qalib Azərbaycanın Zəfər Yoluna
Müasir müstəqil Azərbaycanın formalaşması, güclənməsi və qalib dövlətə çevrilməsi Prezident İlham Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Onun rəhbərliyi ilə ölkəmiz dövlətçilik baxımından yeni mərhələyə qədəm qoymuş, siyasi sabitliyi möhkəmləndirmiş, milli maraqlara əsaslanan müstəqil inkişaf yolunu inamla davam etdirmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah prinsipləri təşkil edir. Bu strategiya nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmışdır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar ölkənin dayanıqlı inkişafını təmin etmişdir.
Bu fikirləri aia.az-a verdiyi müsahibəsində Elm və Təhsil Nazirliyi Fizika İnstititunun baş meneceri Xanlar Xanlarov deyib.
Daha sonra X. Xanlarov sözlərinə davam edərək deyib ki, Azərbaycan tarixinin dönüş nöqtəsi olan 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, müdrik rəhbərliyinin və xalq–ordu–lider birliyinin bariz nümunəsidir. Bu Qələbə ilə Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, milli qürurunu və tarixi ədaləti də bərpa etmişdir. Ardınca həyata keçirilən tədbirlərlə dövlətimizin suverenliyi tam təmin edilmişdir.
2024-cü ildə prezident seçkilərinin ölkənin bütün ərazisində, o cümlədən Xankəndidə keçirilməsi müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin rəmzi oldu. Prezident İlham Əliyevin Xankəndidə səs verməsi separatizmin ideoloji iflasını və Azərbaycanın qalib dövlət statusunu bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Ölkəmiz BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu platformalarda prinsipial və müstəqil siyasəti ilə çıxış edir, regional və qlobal proseslərdə fəal rol oynayır.
Dövlət başçısının siyasətində insan amili əsas yer tutur. Sosial rifahın yüksəldilməsi, şəhid ailələri və qazilərə göstərilən xüsusi diqqət, əhalinin həssas təbəqələrinin müdafiəsi dövlətin humanist mahiyyətini aydın şəkildə əks etdirir.
X. Xanlarov sözlərinə əlavə edərək bildirib ki, Azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı tarixi ədalətin bərpasının real ifadəsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bu torpaqlara həyatın qayıdışını təmin edir və postmünaqişə dövrünün uğurlu Azərbaycan modelini formalaşdırır.
Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan tarixinin ən parlaq və şanlı mərhələsini təşkil edir. Qalib ordu, tam suveren dövlət, milli birlik və güclənən iqtisadiyyat bu siyasətin əsas nəticələridir. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə böyük inamla addımlayan qalib və qüdrətli dövlətdir.
aia.az
Bayram Xudayarov