AZ

Sülh prosesində yeni mərhələ

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nikol Paşinyan Azərbaycan Prezidentinə təşəkkür edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Prezident İlham Əliyevə yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması və ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması ilə bağlı qəbul edilən qərara görə təşəkkürünü bildirib. Ermənistanın hökumət başçısı qarşılıqlılıq və bərabərhüquqluluq prinsipləri, habelə suverenlik və milli yurisdiksiyalar əsasında ticarət-logistika əməkdaşlığının inkişaf perspektivlərini qeyd edib. Onun sözlərinə görə, baş verən müsbət və konstruktiv dəyişikliklər bu böyük regionun bütün ölkələri üçün yeni imkanlar yaradır, iqtisadi dayanıqlığın möhkəmləndirilməsinə və regional kommunikasiyaların genişlənməsinə töhfə verir.

Qalib Azərbaycanın təşəbbüsü ilə başlayan normallaşma prosesi

Avrasiyada tranzit daşımaları baxımından son dərəcə əlverişli coğrafi yerləşməyə malik Cənubi Qafqaz ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən təxminən 30 il ərzində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə görə müharibə rikləri və təhdidlərlə üz -üzə qalıb. Təbii ki, belə vəziyyət regional əməkdaşlığa da ciddi əngəllər yaradırdı. Yalnız Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə sayəsində Cənubi Qafqazda əməkdaşlıq və inkişaf üçün yeni reallıqlar formalaşdı. Yaranmış fürsətlərdən regionun rifahı naminə istifadə edilməsi üçün isə ilk növbədə sülh və etimad quruculuğu prosesinə başlanılması zəruri idi. Qalib Azərbaycan da Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq məhz belə konstruktiv mövqe ortaya qoydu. Dövlətimizin başçısı ölkəmizin qalib statusuna rəğmən, heç bir ilkin şərt irəli sürmədən qanlı müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq təşəbbüsü ilə çıxış etdi. Müharibə başa çatandan sonra Azərbaycan beynəlxalq hüquq normalarını və prinsiplərini əsas götürməklə hazırladığı 5 bəndlik sülh paketini qarşı tərfə ünvanladı. Burada əksini tapan müddəalar sonradan yekun sülh sazişi sənədinin hazırlanmasında baza kimi əsas götürüldü. Əlbəttə, 5 il ərzində sülyaratma prosesinin rəvan şəkildə irəlilədiyi fikrini ifadə etmək mümkün deyil. Məhz Ermənistan hakimiyyətinin, məğlub ölkədəki revanşist qüvvələrin və regional maraqlarının təmin olunmasına çalışan bəzi xarici güclərin manipulyativ davranışları səbəbindən bütövlükdə sülh prosesi ləng irəlilədi. Bir neçə platformada aparılan danışıqlar prosesi iflasa uğradı.

Ancaq sonda yenə də Azərbaycanın qətiyyəti sayəsində sülh prosesini irəli aparmaq və nəticə əldə etmək mümkün oldu. Belə ki, yekun sülh sazişinin bütün bəndləri ikitərəfli qaydada razılaşdırıldı və cari il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə iki ölkənin xarici işlər nazirləri sənədi parafladılar. Həmin görüşdə əldə olunan razılaşmaya uyğun olaraq təxminən otuz il ərzində səmərəsiz fəaliyyət göstərən Minsk qrupu artıq tarixin arxivinə qovuşub. Bütün bunlar o deməkdir ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi beynəlxalq gündəlikdən tamam çıxarılıb və Ermənistan da daxil olmaqla bütün dünya Azərbaycanın 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticələrinə uyğun yaratdığı reallıqları tam şəkildə qəbul edir. Beləliklə də, postmüharibə dövründə respublikamızın təşəbbüsü ilə başlayan proseslərin nəticəsində hazırda Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar.

İlk və ən mühüm nailiyyətlərdən biri

Sülh prosesində kommunikasiyaların blokdan çıxarılması çox mühüm məqamdır. Vaşinqtonda aparılan müzakirələrin ən mühüm nəticələrindən biri də regionda kommunikasiyaların blokdan çıxarılmasının razılaşdırılmasıdır. Bununla bağlı liderlərin imzaladığı Birgə Bəyanatda konkret müddəalar yer alıb. Belə ki, Vaşinqtonda TRIPP marşrutunun (Zəngəzur dəhlizinin) yaradılması razılaşdırılıb. Bu marşrutla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının yaradılması Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Zəngəzur dəhlizi (TRIPP marşrutu ) fəaliyyətə başladıqdan sonra həm Naxçıvanın blokadasına son qoyulacaq, həm də Azərbaycanın tranzit imkanları daha da genişlənəcək.

Zəngəzur dəhlizinin (TRIPP marşrutunun) yaradılması Ermənistan üçün də həyati əhəmiyyət daşıyır. Belə ki, Zəngəzur dəhlizinin (TRIPP marşrutunun ) yaradılması ilə Ermənistanla Türkiyə arasında məlum səbəblərdən bağlı olan sərhədlər açılacaq və bu ölkənin Avropaya asan çıxışı təmin olunacaq. Bütövlükdə, yeni marşrut optimal regional bağlantını təmin edəcək. O cümlədən Mərkəzi Asiya dövlətləri üçün yeni tranzit imkanları açılacaq. Rusiya və İranın Şimal-Cənub marşrutundan asılılığı azalacaq.

Qalib Azərbaycan sülhə çağırışlarını praktiki müstəvidə atdığı real addımlarla təsdiqləyir. Regionda kommunikasiyaların blokdan çıxarılmasına, Zəngəzur dəhlizinin (TRIPP marşrutunun) yaradılmasına qətiyyətli siyasi iradə göstərən Azərbaycanın öz ərazisindən Ermənistan üçün tranzit imkanları yaratması bunun əyani təsdiqidir. Qeyd edək ki, artıq ölkəmizin ərazisindən Ermənistana Rusiya və Qazaxıstan taxılının ilk həcmləri çatdırılıb. Eləcə də  respublikamızdan qonşu ölkəyə neft məhsullarının ixracı həyata keçirilib. Ermənistanın Baş naziri Azərbaycanın qərarlarını yüksək dəyərləndirdiyini bildirərək vurğulayıb: “... Yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması, eləcə də ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması barədə qərara görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm. Bu, regionda sülhün və sabitliyin bərqərar olunması çərçivəsində əldə edilmiş ilk və ən mühüm nailiyyətlərdən biridir”.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
yeniazerbaycan.com

2Mənbələr