AZ

Paşinyanın Putinlə görüşdə İlham Əliyevə TƏŞƏKKÜRÜ – Pərdəarxası MƏQAMLAR

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistan ərazisinə yüklərin Azərbaycan vasitəsilə tranzitinin açılması ilə bağlı təşəkkürünü bildirib.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan ötən gün keçirilən İqtisadi Əməkdaşlıq üzrə Avrasiya İqtisadi İttifaqı (EAEU) liderlərinin iclasında çıxışında bu barədə danışıb. “Azərbaycan Respublikasının prezidentinə Ermənistana yüklərin Azərbaycan ərazisindən tranzitinin açılması və ikitərəfli ticarətin başlanması üçün şərait yaratdığına görə təşəkkürümü bildirirəm” , – deyə Ermənistanın baş naziri vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə etməsi, xüsusilə İlham Əliyevin İqtisadi Əməkdaşlıq üzrə Avrasiya İqtisadi İttifaqı (EAEU) liderlərinin iclasında iştirak etmədiyi kontekstdə necə qiymətləndirilməlidir? Bu təşəkkür mesajı ikitərəfli münasibətlərin normallaşmasına və regionda iqtisadi əməkdaşlığın genişlənməsinə ciddi bir siqnaldır, yoxsa siyasi-diplomatik jest xarakterli, simvolik bir addımdır?

Bu cür vəziyyət Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafı və regional tranzit strategiyaları üçün hansı mümkün nəticələr doğura bilər?

Zeynal Fətulla

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın sözügedən forum çərçivəsində Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə bağlı səsləndirdiyi fikirlər və Azərbaycan tərəfinə ünvanlanan təşəkkür simvolik mənada mühüm jest hesab edilə bilər:

“Bu bəyanatın məhz Rusiyada verilməsi isə xüsusi diqqət çəkir. Bu, Ermənistan daxilində mövcud olan revanşist dairələrə qarşı da dolayısı ilə verilmiş siyasi mesaj kimi qiymətləndirilə bilər. Azərbaycan tərəfinin bu açıqlamaya müsbət yanaşması isə regionda formalaşan yeni siyasi reallıqların düzgün oxunduğunu göstərir. Ermənistanın indiki siyasi rəhbərliyinin münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar yalnız formal bəyanatlarla məhdudlaşmamalıdır. Siyasi iradə real və ardıcıl addımlarla təsdiqlənməli, sülh prosesi imitasiya yox, səmimi əməkdaşlıq üzərində qurulmalıdır. Əgər bu yanaşma qorunarsa və əvvəlki Ermənistan rəhbərlərinin buraxdığı strateji səhvlər təkrarlanmazsa, bu əməkdaşlıq öz real bəhrəsini verə bilər”.

Şərhçinin sözlərinə görə, belə bir ssenari yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin başlanğıcı deməkdir:

“Sülh, sabitlik və iqtisadi əməkdaşlıq regionu uzun illər davam edən qarşıdurma və qeyri-müəyyənlikdən çıxara, Qafqazı əməkdaşlıq və təhlükəsizlik məkanına çevirə bilər”.

Seçilən
46
nocomment.az

1Mənbələr