AZ

Azər Məmmədrəhimov: Rəqəmsallaşmanın sürətlənməsi, eyni zamanda, daha mürəkkəb və dinamik kibertəhlükə mühitini formalaşdırır

Naxçıvan, 23 dekabr, AZƏRTAC

Müasir dövrdə informasiya təhlükəsizliyinin təmin edilməsi dövlət idarəetməsinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Rəqəmsallaşmanın sürətlənməsi, elektron hökumət xidmətlərinin genişlənməsi, bulud texnologiyalarının tətbiqi, eləcə də süni intellekt əsaslı sistemlərin idarəetmədə istifadəsi yeni imkanlarla yanaşı, eyni zamanda, daha mürəkkəb və dinamik kibertəhlükə mühitini formalaşdırır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən Dövlət qurumlarının inormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısında çıxışı zamanı muxtar respublikanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov deyib.

O qeyd edib ki, bu gün dövlət informasiya resursları təkcə ənənəvi texniki risklərlə deyil, hədəfli kiberhücumlar, sosial mühəndislik cəhdləri, məlumat sızmaları və kritik infrastrukturun fəaliyyətini pozmağa yönəlmiş kompleks təhdidlərlə üz-üzədir. Belə şəraitdə kritik informasiya infrastrukturlarının etibarlı qorunması, dövlət qurumları arasında təhlükəsiz informasiya mübadiləsinin təşkili, insidentlərin operativ aşkarlanması və çevik reaksiya mexanizmlərinin qurulması Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə koordinasiyalı fəaliyyət çərçivəsində strateji əhəmiyyət kəsb edir.

"Proaktiv təhlükəsizlik yanaşmalarının tətbiqi, risklərin qabaqcadan dəyərləndirilməsi, heyətin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də vahid idarəetmə və monitorinq mexanizmlərinin formalaşdırılması artıq zəruri tələblər sırasındadır. Bu baxımdan VII Zirvə toplantısı aktual çağırışların birgə müzakirəsi, yanaşmaların uzlaşdırılması, qabaqcıl təcrübələrin paylaşılması və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə dövlət qurumları arasında koordinasiyalı təhlükəsizlik modelinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayır", - deyə Azər Məmmədrəhimov əlavə edib.

Seçilən
53
1
azertag.az

2Mənbələr