“Baksol yolu" adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölməsi ilə bağlı açılan cinayət işi üzrə ittiham edilən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Aznews.az xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azər Cümşüdovun vəkili Anar Ramazanov vəsatətlərlə çıxış edib.
O, daşınmaz əmlakın reyestri və kadastrı üzrə mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilməsini istəyib. Həmçinin Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin mütəxəssislərinin də prosesə cəlb olunmasını təklif edib. Vəkil hadisə baş verən ərazidə olan obyektlərin “Təhlükəsiz şəhər” kameraları ilə bağlı da müvafiq qurumlara sorğu verilməsini istəyib.
Məhkəmə birinci və ikinci vəsatəti təmin edib. Digər vəsatətlərin isə sənədlərin tədqiqi mərhələsində müzakirə olunmasına qərar verilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan verib.
A.Cümşüdov ittihamla özünü təqsirli bilməyib.