Bakı, 23 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar monitorinqlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı şəhərində keçirilən monitorinqlər zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.
Həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
FHN bir daha vətəndaşlara, o cümlədən fiziki və hüquqi şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırıb və xatırladıb ki, bazar və yarmarka ərazilərində, binaların zirzəmi və kürsü mərtəbələrində, o cümlədən həyətyanı sahələrdə propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.