AZ

Şəhid leytenant Mərhəmət Həmzəyevin xatirəsi yad edilib

Dekabrın 22-də Şahbuz rayonunun Keçili kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Mərhəmət Həmzəyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, Şahbuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon gəncləri, ağsaqqallar və ziyalılar, hərbçilər, həmçinin şəhidin döyüş yoldaşları iştirak ediblər.

Şəhidin məzarı başında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra mərasim iştirakçıları şəhidin əziz xatirəsini dərin ehtiramla anaraq məzarı üzərinə gül dəstələri düzüblər.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından danışıb, şəhid Mərhəmət Həmzəyevin keçdiyi şərəfli döyüş yolundan və göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs ediblər.

Şəhidin ailə üzvləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda iştirakçılar üçün ehsan süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Qeyd edək ki, ailənin böyük oğlu olan Mərhəmət Həmzəyev 1997-ci il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olub. Keçili kənd tam orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra sənədlərini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə verib. Qəbul imtahanlarından müvəffəqiyyətlə keçərək hərbi liseyin kursantı adını qazanan Mərhəmət Həmzəyev təlim-tərbiyəsi və biliyi ilə müəllim və zabitlərinin rəğbətini qazanıb.

O, 2015–2019-cu illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və məzun olduqdan sonra hərbi hissələrin birində xidmətə başlayıb.

Leytenant Mərhəmət Həmzəyev Vətən müharibəsində Murovdağ istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Döyüş zamanı üç yaralı silahdaşını atəş altından çıxarmağa nail olan igid zabit düşmən gülləsinə tuş gələrək oktyabr ayında şəhidlik zirvəsinə yüksəlib. Uzun müddət itkinlər siyahısında olan şəhidimizin nəşi sonradan tapılaraq dekabrın 22-də doğulub boya-başa çatdığı Keçili kəndində torpağa tapşırılıb.

Mərhəmət Həmzəyev həmçinin Tovuz döyüşlərinin də iştirakçısı olub. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə “Rəşadət” ordeni, eləcə də “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qəhrəman şəhidimizin xatirəsini yaşatmaq məqsədilə Keçili kəndində bulaq-abidə inşa olunub. Şəhid Mərhəmət Həmzəyevin xatirəsinə ucaldılan bu bulaq-abidədə Naxçıvandan olan bütün şəhidlərin fotoları da yer alır.

Ruhu şad olsun!

Bəxtiyar Əliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Seçilən
31
herbiand.az

1Mənbələr