Azərbaycan xalqı öz Prezidentinə güvənir
Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Ona və Ailəsinə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasının daha da inkişafı naminə bütün işlərində və təşəbbüslərində yeni-yeni uğurlar arzulayırıq.
Bu gün müasir müstəqil Azərbaycanın memarı, xalqın etimadını 21 ildən artıq müddətdə inamla doğruldan, dövlətçiliyimizi yeni zirvələrə yüksəldən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Bu əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi ürəkdən təbrik edir, Ona və ailəsinə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə bütün fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Prezident İlham Əliyevin siyasi liderliyi təkcə bir dövlət başçısının fəaliyyəti deyil, bütöv bir xalqın taleyini dəyişən, tarixi ədaləti bərpa edən, milli qüruru ayağa qaldıran misilsiz rəhbərlik nümunəsidir. Dövlət başçısının böyük qürur hissi ilə söylədiyi “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!” ifadəsi müasir tariximizin qızıl səhifəsidir.
Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilərkən Azərbaycan xalqına verdiyi bütün vədləri ləyaqətlə yerinə yetirdi. Onun 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində söylədiyi fikirlər bu tarixi missiyanın məntiqi yekunu oldu:
“2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır.”
Bu etimad və birlik nəticəsində Azərbaycan son 21 ildə iqtisadi, siyasi, hərbi və diplomatik baxımdan güclü, müstəqil, söz sahibi olan dövlətə çevrildi.
Müasir Azərbaycan dövlətçiliyinin ideoloji, siyasi və institusional əsasları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun müəyyənləşdirdiyi strateji yol milli maraqlara söykənən, xalq–dövlət birliyini əsas götürən, müstəqil və balanslaşdırılmış siyasət modelidir. Bu yol təkcə bir dövrün deyil, Azərbaycanın gələcək inkişafının möhkəm təməlidir. Məhz bu möhkəm təməl üzərində Prezident İlham Əliyevin liderliyi formalaşmış və yeni tarixi mərhələdə dövlətçilik ənənələri daha da zənginləşdirilmişdir.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dağılmaq təhlükəsindən xilas oldu, sabitlik və inkişaf yoluna qədəm qoydu. Güclü dövlət, peşəkar ordu, müstəqil xarici siyasət, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsipləri Ulu Öndərin dövlətçilik konsepsiyasının əsas sütunlarını təşkil edirdi. Bu konsepsiyanın davamlılığını təmin etmək məqsədilə Heydər Əliyev siyasi varislik məsələsinə xüsusi həssaslıqla yanaşaraq 2003-cü ildə xalqa tarixi müraciət etdi və İlham Əliyevi müasir dünyanın çağırışlarını dərindən bilən, yüksək intellektə və praqmatik düşüncəyə malik lider kimi təqdim etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev yolu yeni məzmun və yeni keyfiyyət mərhələsinə yüksəldi. Əgər Ulu Öndər Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirdisə, İlham Əliyev bu müstəqilliyi dönməz və sarsılmaz etdi. Dövlət başçısının fəaliyyəti göstərdi ki, Heydər Əliyev siyasəti sadəcə tarixi miras deyil, müasir dövrdə uğurla tətbiq olunan, nəticə verən canlı dövlətçilik modelidir.
İlham Əliyev Heydər Əliyev məktəbinin əsas prinsiplərini – milli maraqların üstünlüyünü, güclü iqtisadiyyatın güclü dövlətin əsas şərti olmasını, ordu quruculuğunun prioritetliyini, beynəlxalq hüquqa əsaslanan xarici siyasəti və xalqla birliyi real nəticələrlə təsdiqlədi. Məhz bu siyasətin məntiqi davamı olaraq Azərbaycan tarixi Zəfərə nail oldu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Heydər Əliyevin “nə qədər ki, Azərbaycan var, mən də varam” fəlsəfəsi bu gün İlham Əliyevin liderliyində real siyasi və mənəvi məzmun kəsb edir. Azad edilmiş torpaqlarda üçrəngli Bayrağımızın dalğalanması, Böyük Qayıdış Proqramının uğurla icrası, Azərbaycanın beynəlxalq nüfuzunun misilsiz dərəcədə artması Heydər Əliyev yolunun İlham Əliyev tərəfindən tarixi qələbələr mərhələsinə çatdırıldığını sübut edir.
Bu gün Heydər Əliyev yolu Prezident İlham Əliyevin liderliyi ilə təkcə qorunmur, eyni zamanda inkişaf etdirilir, zənginləşdirilir və yeni çağırışlara uyğun şəkildə gələcək nəsillərə ötürülür. Bu yol güclü dövlətin, qalib xalqın və parlaq gələcəyin yoludur. Azərbaycan xalqının “Qalib xalqın qalib Lideri”nə göstərdiyi yüksək etimad da məhz bu strateji xəttin düzgünlüyünün və tarixi zərurətinin ən parlaq təsdiqidir.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın qazandığı ən böyük tarixi nailiyyətlərdən biri Zəfər, suverenlik və Böyük Qayıdış konsepsiyasının reallığa çevrilməsidir. Bu üç anlayış bir-birini tamamlayan, müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsini xarakterizə edən fundamental siyasi və milli dəyərlər sistemidir. Zəfər – işğala son qoyulması, suverenlik – dövlət hakimiyyətinin bütün ölkə ərazisində bərqərar olunması, Böyük Qayıdış isə tarixi torpaqlara həyatın qayıtması deməkdir.
2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Azərbaycan xalqının milli iradəsinin, Prezident İlham Əliyevin qətiyyətinin və güclü ordunun vəhdətinin nəticəsi oldu. Bu Zəfər yalnız hərbi uğur deyil, beynəlxalq hüquqa əsaslanan ədalətin bərpası idi. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan müharibəni öz torpaqlarında, BMT Təhlükəsizlik Şurasının icra olunmayan qətnamələrinə əsaslanaraq apardı və haqq savaşında qalib gəldi.
Zəfərin məntiqi davamı olaraq 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirləri ilə Azərbaycan dövlət suverenliyini tam bərpa etdi. Bununla da ölkəmizin Konstitusiya quruluşu bütün ərazilərdə təmin olundu, separatizmə birdəfəlik son qoyuldu. Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə Azərbaycan Bayrağını ucaltması müstəqil dövlətimizin gücünün, siyasi iradəsinin və tarixi haqlarının simvoluna çevrildi.
Suverenliyin tam bərpası Azərbaycanın qarşısında yeni inkişaf imkanları açdı. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgələri yalnız Zəfər məkanları deyil, eyni zamanda bərpa, quruculuq və tərəqqi zonalarıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri qısa müddətdə bu ərazilərin simasını dəyişmiş, infrastruktur, yol, enerji, sosial obyektlər müasir standartlara uyğun şəkildə inşa edilmişdir.
Bu prosesin mərkəzində isə Böyük Qayıdış Proqramı dayanır. Böyük Qayıdış yalnız məcburi köçkünlərin doğma yurdlarına fiziki dönüşü deyil, tarixi yaddaşın, milli ruhun, sosial ədalətin bərpasıdır. Zəngilanın Ağalı kəndindən başlanan bu proses Laçında, Füzulidə, Şuşada, Xocalıda davam etdirilmişdir. Xocalı sakinlərinin Müstəqillik Günündə doğma şəhərlərinə qayıtması Böyük Qayıdışın ən rəmzi və emosional mərhələlərindən biri oldu.
Prezident İlham Əliyevin Xocalıda söylədiyi fikirlər bu prosesin fəlsəfəsini aydın şəkildə ifadə edir: Böyük Qayıdış planlı, mərhələli və davamlı şəkildə həyata keçirilir və bu torpaqlarda həyat artıq dönməz xarakter alıb. Azad edilmiş ərazilərdə yaradılan yeni yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları Azərbaycanın gələcəyə yönəlik inkişaf strategiyasının tərkib hissəsidir.
Zəfər, suverenlik və Böyük Qayıdış siyasəti yalnız daxili məsələ deyil, regional və beynəlxalq əhəmiyyət daşıyan prosesdir. Bu reallıq Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına zəmin yaradır. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, nəqliyyat-logistika dəhlizlərinin açılması regionun inkişafına yeni impuls verir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfər, bərpa olunan suverenlik və həyata keçirilən Böyük Qayıdış proqramı müasir Azərbaycan tarixinin ən möhtəşəm mərhələsini təşkil edir. Bu mərhələ yalnız keçmişin ağrılarını aradan qaldırmır, eyni zamanda gələcəyə inamla baxan, güclü, qalib və bütöv Azərbaycanın möhkəm əsaslarını yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti müstəqil, balanslı və prinsipial xarakter alıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, Qoşulmama Hərəkatına sədrliyi və COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun bariz göstəricisidir.
COP29-un Bakıda keçirilməsi Azərbaycanın qlobal problemlərin həllində etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Bu tədbir Azərbaycanın sözünün imzası qədər dəyərli olduğunu bütün dünyaya nümayiş etdirdi.
Müasir Azərbaycan tarixində Prezident İlham Əliyev təkcə dövlət başçısı deyil, xalqın taleyini öz taleyi kimi qəbul edən, hər bir qərarında milli maraqları əsas götürən, xalqın etimadına söykənən Qalib Lider kimi çıxış edir. Onun Prezidentlik fəaliyyəti xalq–dövlət münasibətlərində yeni keyfiyyət mərhələsi yaratmış, “xalqın Prezidenti” anlayışını real siyasi və mənəvi məzmunla zənginləşdirmişdir.
Prezident İlham Əliyevin liderliyinin əsas dayağı xalqın Ona olan sarsılmaz inamıdır. Bu inam isə təsadüfi deyil, konkret əməli nəticələrin, yerinə yetirilən vədlərin və tarixi ədalətin bərpasının məntiqi nəticəsidir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, bütün uğurların mənbəyi Azərbaycan xalqıdır. Məhz bu qarşılıqlı etimad və birlik Azərbaycanı böyük Zəfərə aparan əsas qüvvəyə çevirmişdir.
Qalib Lider anlayışı Prezident İlham Əliyevin şəxsində ilk növbədə Ali Baş Komandan kimi qazandığı tarixi qələbə ilə ifadə olunur. Onun qətiyyəti, siyasi iradəsi və strateji düşüncəsi nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq nümunəsi göstərərək torpaqlarımızı işğaldan azad etdi. Ardınca həyata keçirilən antiterror tədbirləri ilə dövlətimizin suverenliyi tam təmin olundu. Bu qələbələr bir daha sübut etdi ki, Prezident İlham Əliyev yalnız sülhün tərəfdarı deyil, eyni zamanda dövlət maraqları tələb etdikdə qəti və prinsipial qərarlar verən liderdir.
Prezident İlham Əliyevin “xalqın Prezidenti” olmasının ən mühüm göstəricilərindən biri də onun xalqla daimi təması, insanların sevincini və kədərini bölüşməsi, tarixi və əlamətdar günləri məhz vətəndaşlarla birlikdə qeyd etməsidir. Dövlət başçısının doğum günlərini azad edilmiş torpaqlarda, Şuşada, Laçında, Xocalıda, tarixi Zəfər məkanlarında keçirməsi bu mənəvi birliyin rəmzinə çevrilmişdir. Bu, Prezidentlə xalq arasında möhkəm bağın, səmimi münasibətin bariz ifadəsidir.
Qalib Lider İlham Əliyev şəhidlərimizin xatirəsinə xüsusi ehtiramla yanaşır, onların ailələrinə dövlət qayğısını prioritet məsələ kimi müəyyən edir. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və sosial dəstək proqramları dövlətin humanist mahiyyətini və Prezidentin xalqına olan mənəvi bağlılığını açıq şəkildə nümayiş etdirir. Bu siyasət Azərbaycan cəmiyyətində sosial ədalət və milli həmrəylik mühitini daha da möhkəmləndirmişdir.
Prezident İlham Əliyev eyni zamanda gələcəyə baxan, yeni nəsillərin rifahını düşünən Liderdir. Onun rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, regional inkişaf proqramları, gənclərə və təhsilə yönəlmiş dövlət siyasəti “xalqın Prezidenti” anlayışını yalnız bu günün deyil, sabahın da təminatçısına çevirir.
Bu gün Azərbaycan xalqı öz Prezidentinə güvənir, onun ətrafında dəmir yumruq kimi birləşir. Xalq–Prezident birliyi Azərbaycanın güc mənbəyidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib, bütöv və suveren Azərbaycan yeni tarixi mərhələdə daha böyük uğurlara doğru inamla irəliləyir. “Qalib xalqın qalib Lideri” ifadəsi artıq sadəcə siyasi şüar deyil, müasir Azərbaycan tarixinin təsdiqlənmiş gerçəkliyidir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.