"İlham Əliyevin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsi milli irsə, tarixi yaddaşa və müasir inkişaf çağırışlarına verilən strateji önəmin parlaq ifadəsidir. Bu qərar Azərbaycanın şəhərsalma və memarlıq məktəbinin çoxəsrlik ənənələrinə sadiqliyin və gələcəyə yönəlik baxışın təzahürüdür".
Redaktor.az xəbər verir ki, bunu deputat Günay Ağamalı Milli Məclisin plenar iclası zamanı dedi:
Deputat qeyd edib ki, Azərbaycan şəhərsalma və memarlıq mədəniyyəti xalqın dünyagörüşünü, estetik zövqünü və milli kimliyini əks etdirən canlı irsdir:
"Tarixi şəhərlərin memarlıq siması Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşaraq milli dəyərləri qoruyub inkişaf etmişdir. Bu baxımdan şəhərsalma və memarlıq ilinin elan olunması milli irsin sistemli qorunması və təbliği baxımından mühüm addımdır".
"Ulu öndər Heydər Əliyevin dövründə tarixi şəhərlərin qorunması və abidələrin bərpası dövlət siyasətinin prioriteti olub və bu xətt İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə müasir memarlıq konsepsiyası ilə milli irsin vəhdəti təmin edilib, paytaxt Bakıda və regionlarda aparılan layihələr ölkənin inkişaf fəlsəfəsinin bariz nümunəsinə çevrilib",- deyə deputat bildirib.
Günay Ağamalı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəni irsin qorunması və tarixi abidələrin bərpası istiqamətində ardıcıl fəaliyyətini də yüksək qiymətləndirib:
"İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, həmçinin yaşıl enerji konsepsiyaları Azərbaycanın şəhərsalma siyasətinin innovativ xarakterini nümayiş etdirir. Xüsusi olaraq Şuşa şəhərinin tarixi simasının qorunaraq bərpası milli iradənin və mədəni yaddaşın təntənəsi kimi vurğulanıb".
Deputat qeyd edib ki, Bakıda 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ölkəmizə olan beynəlxalq etimadın göstəricisidir və şəhərsalma və memarlıq ili çərçivəsində görüləcək işlər şəhərlərin estetik, rahat və dayanıqlı mühitə çevrilməsinə mühüm töhfə verəcəkdir.
Aminə ŞAHSUVARQIZI