Ukrayna Prezidenti Volodimir Zelenski Rus ordusunun ötən gecədən bəri ölkəsinə qarşı hava hücumlarını davam etdirdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Ukrayna Prezidenti Rusiyanın Ukraynanın müxtəlif bölgələrində enerji və mülki infrastrukturu hədəf aldığını, indiyədək 30-dan çox raketin və 650-dən artıq İHA-nın buraxıldığını bildirib.
“Kiyev vilayətində bir qadın Rusiya İHA hücumu nəticəsində həyatını itirib. Xmelnitski vilayətində bir nəfərin öldüyü bildirilir. Jitomir vilayətində Rusiya İHA-sının bir binaya düşməsi nəticəsində dörd yaşlı uşaq həlak olub”, - o qeyd edib.
Mövcud məlumatlara görə 13 bölgəyə hava hücumları həyata keçirildiyini paylaşan Ukrayna Prezidenti İHA və raketlərin əhəmiyyətli hissəsinin vurularaq zərərsizləşdirildiyini də bildirib.
Rusiya Prezidenti Vladimir Putinin müharibəni dayandırmaq istəmədiyini deyən Zelenski qeyd edib: “Bu Rusiya hücumu Rusiyanın prioritetlərinin son dərəcə açıq göstəricisidir”.