AZ

Deputat: Guya ondan başqa bu ölkədə xalqın dərdinə yanan yoxdur

"Bu gün acı bir həqiqəti danışmaq üçün yazılmışam. Biz illərdir bu ölkənin hər küncündə ədalət üçün səs qaldırdıq. Amma bu mübarizədə elə bir siyasətçi var ki, o, yalnız iqtidarı yox, bütün müxalifəti, bütün dostları özünə düşmən elan etdi.

Söhbət illərdir siyasətin zirvəsində dayanmağa çalışan, 80-ci illərdən bəri fəaliyyət göstərən, lakin əlində nə bir qələbə, nə də bir dostluq əli qalan şəxsdən - AXCP sədri Əli Kərimlidən gedir. Həbs edildiyi anda – ölkədə heç bir siyasi təşkilat onu müdafiə etmədi. Beynəlxalq qurumlar və səfirliklər belə susdu. Bir Avropa Parlamenti nəsə dedi. Bu, bir insanın siyasətdəki ən böyük faciəsidir: kütləvi təkliyin fəlsəfəsi. Bütün fəaliyyəti boyu o, birləşdirməyə deyil, damğalamağa üstünlük verdi. O, digər müxalif qüvvələri, bütün digər partiyaları – siyasi prosesin iştirakçısı deyil, özünün siyasi saflıq hekayəsinin fonu hesab etdi. Nəticə etibarilə müxalifətin hər bir tərəfində yandırılmış körpülər qaldı. O, siyasi rəqiblərinə "satqın" damğası vurmaqla əslində öz gələcək təcridinin sənədini imzalayırdı".

Ölkə.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib. 

Deputat bildirib ki, Əli Kərimlinin siyasəti bir qızıl qayda üzərində qurulub: ya mənimlə olacaqsan, ya da mən səni satqın elan edəcəyəm: "Mənə və mənim kimi prinsipial, konstruktiv yöndə siyasət aparan siyasətçilərə dəfələrlə "satqın" damğası vurmağa çalışdı. O, elə bir ab-hava yaradırdı ki, guya ondan başqa bu ölkədə xalqın dərdinə yanan yoxdur. Onilliklər boyu belə davranış müxalifəti aciz duruma saldı. Necə ola bilər ki, on illərlə eyni ideallar uğrunda mübarizə aparan yoldaşlarını satqın adlandıraraq təkliyə məhkum olasan?! Bu siyasət nəticə vermədi! Hələ də 80-ci illərin şüarları ilə qaldıq. Nə bir ciddi islahat, nə bir vahid cəbhə, nə də yeni bir strategiya! İllərdir süfrədə eyni soyuq yemək var, çünki özünü baş aşpaz adlandıran şəxs yeni resept axtarmaq istəmirdi və axtaranları da satqın adlandırırdı. Müxalifət bu gün təcridxanada deyil, təcrid olunmuş siyasətin içindədir! Bizə yeni siyasət lazımdır, amma etik, hörmətli və nəticəyönümlü siyasət və birlik! Biz bir-birimizi satqın adlandıra-adlandıra miskin günə qalmışıq. Bu miskinliyin ideya və yaradıcı müəllifi AXCP sədri Əli Kərimlidir və bu gün nə yaxşı ki, o Azərbaycan siyasətindən silinmək üçün son çabalarını göstərir. 

Biz parçalayıcı, damğalayıcı və nəticəsiz siyasətin köhnə libasını çıxarıb atmalıyıq. Əgər bir lider deyilən şəxs hər kəsi satqın adlandırırsa, sonunda özü tək qalacaq və bu təkliyin məsuliyyətini də yalnız özü daşıyacaq".

Deputat əlavə edib ki, Azərbaycan müxalifəti bu gün kimin "daha təmiz" olduğunu sübut etmək üçün yox, dövlət və xalq üçün işləmək həvəsindədir.

Mürtəza

Seçilən
42
3
olke.az

4Mənbələr