AZ

Alimlər döymələrin immun sisteminə təsir etdiyini təsdiqlədi

Alimlər döymə pigmentlərinin yalnız dəridə qalmadığını, bədən daxilində hərəkət edərək limfa düyünlərində toplandığını və immun sisteminə təsir göstərdiyini müəyyən ediblər.

Editor.az xəbər verir ki, bu fakt Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunan siçanlar üzərində aparılmış araşdırmada öz təsdiqini tapıb. Tədqiqat döymələrin sadəcə lokal kosmetik müdaxilə olması ilə bağlı mövcud yanaşmanı şübhə altına alır.

Araşdırma zamanı alimlər döymə zamanı istifadə olunan həll olunmayan mürəkkəb hissəciklərinin tətbiqdən sonra limfatik sistem vasitəsilə daşındığını və limfa düyünlərində toplanaraq immun hüceyrələri ilə qarşılıqlı təsirə girdiyini aşkar ediblər.

Təcrübələr siçanlar üzərində aparılıb. Belə ki, heyvanların pəncə altı nahiyələrinə qara, qırmızı və yaşıl mürəkkəblərlə döymələr vurulub. Son dərəcə həssas mikroskopik üsullardan istifadə edən alimlər pigmentlərin hərəkət trayektoriyasını izləyiblər və hissəciklərin bir qisminin ilk bir neçə saat ərzində yaxınlıqdakı limfa düyünlərinə çatdığını müəyyən ediblər. Burada həmin hissəciklər immun cavabın formalaşmasında mühüm rol oynayan makrofaqlar tərəfindən udulub.

Döymə vurulduqdan bir gün sonra limfa düyünlərində makrofaqların sayında kəskin azalma müşahidə edilib. Bu da bəzi immun hüceyrələrinin mürəkkəblə təmasdan sonra məhv olduğunu göstərir. Bununla yanaşı, döymə pigmentlərinin özlərinin ən azı iki ay müddətində limfa düyünlərində qaldığı məlum olub. Onların immun sisteminə təsiri isə konkret olmayıb və müxtəlif şərtlərdən asılı olaraq dəyişib.

Araşdırmada maraqlı nəticələrdən biri də peyvəndlərlə bağlı olub. Belə ki, mRNA əsaslı COVID-19 peyvəndi döymə vurulmuş nahiyəyə tətbiq edildikdə immun cavabın, xüsusilə anticisim istehsalının zəiflədiyi müşahidə edilib. Əksinə, inaktivləşdirilmiş qrip peyvəndi istifadə edildikdə makrofaqların ölümü ilə müşayiət olunan lokal iltihab immun reaksiyanı gücləndirib.

Tədqiqatın müəllifləri bu nəticələrin birbaşa insanlara şamil edilməsinin hələ tez olduğunu vurğulayırlar. Bununla belə, döymə pigmentlərinin immun sistemi üzərində uzunmüddətli təsirlərinin kifayət qədər öyrənilmədiyini nəzərə alaraq döymə edilmiş nahiyələrə birbaşa peyvənd vurulmamasını və ümumilikdə peyvəndləmə zamanı daha diqqətli olunmasını tövsiyə edirlər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
37
editor.az

1Mənbələr