AZ

11 abituriyent məhkəməyə cəlb olunub

Yazını böyüt
Yazını kiçilt

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumatda bildirilib.

Qurum xatırladıb ki, ibtidai istintaqla İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abituriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilməsi barədə ictimaiyyətə açıqlama verilmişdi.

"Dekabrın 23-də məhkəmənin baxış iclası keçirilib. İclasda iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin ifadələri dinlənilib, təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin sualları cavablandırılıb. İttiham aktına əsasən, təqsirləndirilən şəxslər - İslam Elşan oğlu Babayev, Ayxan İlham oğlu Məmmədov və Murad Mahir oğlu Məmmədov - hazırlıq kurslarına gələn və ya tanışı olan abituriyentlərə müxtəlif məbləğdə pul vəsaiti qarşılığında onların imtahanda yüksək bal toplayacaqlarını bildirərək onlara gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə qaydalarını izah edib, imtahan günü xüsusi ayaqqabıların içərisinə sözügedən alətləri yerləşdirib və binaya daxil olmuş abituriyentlərə sualların cavablandırılmasında köməklik göstərə biləcəklərini qeyd ediblər.

İstintaqın gedişi zamanı bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyentlər şahid qismində ifadə verib, öz əməllərini ifadələrində etiraf ediblər. Abituriyentlərdən bəziləri sözügedən texniki vasitələrlə imtahan binasına daxil olub və istifadə edib, bəziləri imtahan keçirilən otağa texniki vasitələrlə daxil olsalar da, yaranmış texniki nasazlıq səbəbindən onlardan istifadə edə bilməyib, bəziləri növbəti imtahanda binaya girişdə yoxlama rejimini həyata keçirən əməkdaşlar tərəfindən üzərində qurğular aşkarlandığı üçün imtahana buraxılmayıb, bəziləri isə girişdə yoxlama rejimindən çəkinib geri qayıdaraq ayaqqabılarını dəyişərək adi qaydada binaya daxil olublar", - məlumatda deyilir.

DİM-dən bildiriblər ki, 11 abituriyentdən 9-nun imtahan (müsabiqə) nəticəsi ləğv edilib və onlar ixtisas seçiminə buraxılmayıblar:

"İş üzrə şahid qismində adı hallanan digər iki abituriyent isə binaya daxil olana qədər sözügedən texniki vasitələri çıxarıb adi qaydada imtahanda iştirak etdiyi üçün onların nəticələri ləğv edilməyib.

İttiham aktında qeyd olunur ki, İslam Elşən oğlu Babayev gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satış məqsədilə istehsal etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satıb, qeyrilərinin köməkliyi ilə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Murad Mahir oğlu Məmmədov və Ayxan İlham oğlu Məmmədov isə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə və təkrarən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satmaqla, qeyrisinin vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etməkdə təqsirləndirilirlər".

Məhkəmənin növbəti iclası 2026-cı il yanvarın 22-si saat 10:30-a təyin olunub.

Xatırladaq ki, həmin gün saat 15:30-da imtahanlarda qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı digər bir cinayət işi üzrə təqsirləndirilən şəxslər Gündüz Yaşar oğlu Abbasov və Kamran Alim oğlu Əsədovun da məhkəməsi keçiriləcək.

Seçilən
43
40
hafta.az

10Mənbələr