AZ

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

Aznews.az xəbər verir ki, “Azərenerji” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

Bildirilib ki, yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Bu Micro-SCADA sistemi “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq.

Dövlətimizin başçısına Qarabağ və Şərqi Zəngəzurda 1000 kilometrədək məsafədə yaradılmış dairəvi elektrik təchizatı sisteminin və istismarının təşkilində innovativ texnologiyaların tətbiqi barədə də məlumat verildi.

Seçilən
12
49
aznews.az

3Mənbələr