“Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri Naima Ben Yahia arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə uşaqların rəqəmsal təhlükəsizliyi, onlayn zorakılıq və istismar riskləri, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyi əsas müzakirə mövzuları olub.
Tərəflər bildiriblər ki, rəqəmsal mühitdə uşaqların qorunması üzrə vahid yanaşmaların formalaşdırılması və təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan ilə Mərakeş arasında ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, ekspert mübadiləsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsi imkanları müzakirə olunub.
Tərəflər bu istiqamətdə dialoqun davam etdirilməsinə, institusional əməkdaşlığın möhkəmləndirilməsinə və uşaqların hüquqlarının müdafiəsi sahəsində birgə təşəbbüslərin reallaşdırılmasına hazır olduqlarını ifadə ediblər.