AZ

"Müzəffər Lider: xalqın inam və etimad ünvanı" - Millət vəkili yazır

Müstəqil dövlətin inkişaf trayektoriyasının uğurlu olması ilk növbədə milli maraqlara söykənən, dərin düşünülmüş və real çağırışlara cavab verən siyasətin mövcudluğu ilə şərtlənir. Bu siyasətin praktik müstəvidə reallaşdırılması isə qətiyyətli siyasi iradə və güclü Lider faktoru olmadan mümkün deyil. Müasir dövrdə əldə olunan çoxşaxəli nailiyyətlər aydın şəkildə göstərir ki, ölkəmizin inkişafı uzunmüddətli strateji baxışın, ardıcıl qərarların və xalqın mənafeyini üstün tutan idarəetmə fəlsəfəsinin məntiqi nəticəsidir. Dövlətimizin qarşıya qoyduğu hədəflər əvvəlcədən dəqiq müəyyənləşdirilir, bu işlərin icrası üçün mərhələli fəaliyyət planları hazırlanır və icra prosesi sistemli şəkildə həyata keçirilir.

Belə ki, milli maraqların qorunması və xalqın sosial rifahının təmin olunması dövlət siyasətinin prioritet istiqamətləri sırasında dayanır. Bu kontekstdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sabit inkişaf yolunda inamla irəliləyir. 2003-cü ildən etibarən formalaşan yeni siyasi mərhələ Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik kursunun davamlılığını nümayiş etdirir. Ötən dövrdə siyasi varislik yalnız ideoloji və konseptual səviyyədə deyil, konkret addımlar, real islahatlar və uğurlu nəticələrlə təsdiqlənib. Xalqa verilmiş vədlərin ardıcıl şəkildə yerinə yetirilməsi, sosial ədalətin qorunması, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi və idarəetmədə səmərəliliyin artırılması həmin kursun əsas mahiyyətini təşkil edir.

Bu siyasi xəttin davam etdirilməsi ölkədə sabit və proqnozlaşdırılan idarəetmə mühitinin formalaşmasına səbəb olub. Eyni zamanda, cəmiyyətin dövlətə olan inamı əhəmiyyətli dərəcədə artıb, ictimai münasibətlərdə sağlam dialoq mühiti formalaşıb. Milli həmrəyliyin güclənməsi, gələcəyə inamın möhkəmlənməsi və vətəndaşların dövlət quruculuğu prosesində fəal iştirak etməsi bu ardıcıl siyasətin təzahürü kimi yüksək dəyərləndirilir. Beləliklə, siyasi varislik ölkənin inkişafında mühüm sabitləşdirici və istiqamətləndirici amilə çevrilib.

Dövlətimizin başçısının rəhbərliyi ilə formalaşmış müasir idarəetmə modeli rasional siyasi davranışa, dərin analitik təhlilə və milli məqsədlərə xidmət edən praqmatik yanaşmaya əsaslanır. Qərarların qəbulunda obyektiv reallıqların nəzərə alınması, qlobal və regional risklərin əvvəlcədən qiymətləndirilməsi, mövcud imkanların səmərəli istifadəsi bu modelin əsas xüsusiyyətləri sırasındadır. Dövlət idarəçiliyində planlılıq və məsuliyyət prinsiplərinin önə çəkilməsi idarəetmənin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Bununla yanaşı, siyasi mədəniyyətin inkişaf etdirilməsi, milli mənəviyyata uyğun siyasi əxlaq standartlarının tətbiqi və etik davranış prinsiplərinin möhkəmləndirilməsi cəmiyyətin ümumi siyasi atmosferinə müsbət təsir göstərib. Bu yanaşma dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın artmasına, ictimai sabitliyin möhkəmlənməsinə və uzunmüddətli inkişaf üçün sağlam sosial mühitin formalaşmasına imkan yaradıb.

2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib. Həmin boru xətti dövlətin enerji strategiyasında mühüm dönüş nöqtəsi olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıqlar formalaşdırıb. Bu layihə regionun enerji xəritəsini əsaslı şəkildə dəyişdirərək ölkəni qlobal enerji təhlükəsizliyinin mühüm aktorlarından birinə çevirib. Eyni zamanda, beynəlxalq tərəfdaşlıq münasibətlərinin genişlənməsinə və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin formalaşmasına güclü təkan verib. Enerji diplomatiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi iqtisadi sabitliyin möhkəmlənməsinə, maliyyə resurslarının genişlənməsinə və xarici siyasət mövqelərinin güclənməsinə xidmət edib. Həmin strategiya dövlətin geosiyasi çəkisini artıraraq, qlobal arenada etibarlı tərəfdaş imicinin formalaşmasına mühüm töhfə verib.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkə üzrə tarazlı və inklüziv inkişafın təmin olunmasında əsas mexanizmlərdən birinə çevrilib. Bu proqramlar çərçivəsində nəqliyyat, enerji, kommunal və sosial infrastruktur yenilənib, regionların iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar yaradılıb. Kənd təsərrüfatının müxtəlif sahələri üzrə konkret inkişaf layihələrinin icrası bölgələrdə iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artırıb. Regionlarda yeni iş yerlərinin yaradılması, əhalinin gəlir səviyyəsinin yüksəlməsi və sosial məsələlərin mərhələli şəkildə həlli nəticəsində sosial rifah güclənib. Qeyri-neft sektorunun inkişafı naminə formalaşan əlverişli mühit iqtisadiyyatın şaxələndirilməsini sürətləndirərək dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradıb.

Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü və ardıcıl siyasətin nəticəsi olaraq qalib dövlət modeli formalaşıb. Bu model artan beynəlxalq nüfuz, güclü iqtisadi potensial, təhsilli və fəal cəmiyyət, eləcə də yüksələn sosial rifah kimi əsas göstəricilərlə xarakterizə olunur. Əldə olunan nailiyyətlər uzunmüddətli perspektivdə yeni sosial-iqtisadi inkişaf mərhələsinin əsaslarını formalaşdıran mühüm amillərdir.

“Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” postpandemiya və postkonflikt dövründə dövlətin strateji baxışını əks etdirən fundamental yol xəritəsidir. Bu sənəd innovasiyaya əsaslanan iqtisadiyyatın qurulmasını, maliyyə dayanıqlığının möhkəmləndirilməsini, insan kapitalının inkişafını və yüksək rifah cəmiyyətinin formalaşdırılmasını əsas hədəf kimi müəyyənləşdirir və gələcək inkişafın ideoloji-siyasi əsasını təşkil edir.

2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi müasir dövlətçilik tarixində fundamental dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu müharibə təkcə hərbi Zəfər deyil, eyni zamanda milli iradənin, dövlətin qətiyyətinin və xalq–ordu birliyinin real təzahürü olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiya nəticəsində uzun illər davam edən işğala son qoyulub, tarixi ədalət bərpa edilib. Belə ki, Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Şanlı Qələbə dövlətin gücünü, milli birlik və həmrəyliyi bütün dünyaya nümayiş etdirib. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub. Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verilib. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Beləliklə, üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb. Dövlətimizin başçısı qeyd edib: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

Vətən müharibəsi ilə yaradılan yeni reallıqlar Azərbaycan Ordusu tərəfindən 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə tamamlanıb. Bu əməliyyat dövlətin suveren hüquqlarının tam bərpasına, konstitusiya quruluşunun bütün ərazilərdə bərqərar olmasına xidmət edib. Qısa müddətdə və yüksək peşəkarlıqla icra olunan bu tədbirlər bir daha sübut edib ki, dövlətimiz təhlükəsizlik məsələlərində hər zaman qətiyyətlidir. Həmin addımlar dövlətin beynəlxalq mövqelərini daha da gücləndirib, regionda yeni təhlükəsizlik balansının formalaşmasına səbəb olub. Azərbaycan artıq postmünaqişə dövrünü uğurla idarə edən, sabitlik və inkişaf modeli təklif edən regional aktor kimi çıxış edir.

Postmüharibə dövründə əsas diqqət reinteqrasiya prosesinə yönəlib, dövlət tərəfindən həyata keçirilən tədbirlər azad edilmiş ərazilərimizə qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizliyinin təmin olunmasına, ictimai həyatın normallaşdırılmasına xidmət edir. Bu mərhələdə hüquqi mexanizmlər, sosial proqramlar və iqtisadi təşəbbüslər paralel şəkildə həyata keçirilir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri tarixi Qələbələrin strateji nəticələrinin konkret ifadəsidir. Yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun qurulması və Böyük Qayıdış Proqramının icrası həmin ərazilərin ölkənin ümumi sosial-iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir.

Beləliklə, formalaşmış yeni reallıqlar şəraitində həyata keçirilən gələcəyə hesablanmış dövlət siyasəti milli maraqlara söykənən, uzunmüddətli strateji baxışa əsaslanan və cəmiyyətin bütün təbəqələrinin rifahını hədəfləyən konseptual yanaşma kimi çıxış edir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış prosesinin ardıcıl şəkildə davam etdirilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi və müasir ordu quruculuğu dövlətin gücünü və dayanıqlığını təmin edən əsas meydarlardır. Eyni zamanda, elmə və yüksək texnologiyalara əsaslanan iqtisadi modelin formalaşdırılması, sosial rifahın yüksəldilməsi, idarəetmədə səmərəliliyin artırılması, müstəqil və balanslı xarici siyasət xətti, şəffaflıq, ictimai iştirakçılıq və siyasi dialoqun dərinləşdirilməsi cəmiyyət–dövlət münasibətlərinin daha sağlam əsaslar üzərində qurulmasına xidmət edir. Zəngin mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması ilə tamamlanan bu siyasət Azərbaycanın güclü, sabit və perspektivli inkişaf yolunda inamla irəlilədiyini təsdiqləyir və gələcək nəsillər üçün möhkəm dövlətçilik fundamenti yaradır.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

 

Seçilən
42
14
unikal.az

10Mənbələr