AZ

“Bu, sülh yolunda çox böyük irəliləyişdir” Politoloq

ain.az, 525.az portalına istinadən məlumat verir.

“8 avqust Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqazda yeni münasibətlər sistemini görürük. Hesab edirəm ki, bu sülhə, təhlükəsizliyə, sabitliyin qorunmasına, etimad quruculuğuna xidmət edir”.

Bu barədə 525.az-a politoloq İlyas Hüseynov Azərbaycan-Ermənistan sülh prosesində son addımları şərh edərkən deyib.

Onun sözlərinə görə, bir sıra pozitiv məqamlar sırasında əvvəlcə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini gördük, ardınca Qazaxıstan taxılı Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana çatdırıldı, son olaraq neft məhsulları Gürcüstan vasitəsilə Ermənistana göndərildi:

“Hətta qonşu və dost Gürcüstan bu marşrutun formalaşdırılmasında tranzit gəlirlərindən də imtina etdi. Düşünürəm ki, bu, sülh yolunda çox böyük irəliləyişdir, hətta tarixi hadisədir. Lakin sülh istiqamətində jestlər birtərəfli qaydada olmamalıdır. Qarşılıqlı sülhə dair ümumi vizyon və addımlar həyata keçirilməlidir”.

Politoloq hesab edir ki, Paşinyanın hazırkı reallıqlarda Zəngəzur dəhlizinin keçdiyi marşrut üzrə müxtəlif koordinatlar yönündə söylədiyi fikirlər praktiki müstəviyə keçməlidir, söhbət Arazdəyən bölgəsindən gedir: “Məhz Horadiz-Ağbənd istiqaməti üzrə Azərbaycan avtomobil və dəmir yolu çəkilişini icra etməkdədir. Hətta yaxın müddətdə biz bu işlərin tamamlandığının da şahidi ola bilərik. Lakin Vətən müharibəsindən keçən 5 il ərzində biz Ermənistan ərazisində heç bir iqtisadi-texniki əsaslandırma işinin getmədiyinin şahidi olmuşuq. TRİPP marşrutu ilə bağlı əldə olunan razılaşma həm də Ermənistanı məcbur edir ki, daha mühüm addımlar atılsın və bu addımların atılması həm də nəqliyyat arteriyalarının açılmasına, infrastruktur əlaqələrinin yaradılmasına xidmət etsin”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
525.az

1Mənbələr