AZ

Milli Məclis sədrinin müavini: Qarabağ və Şərqi Zəngəzurda görülən işlər ən yeni Azərbaycanın simasıdır

Bakı, 23 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Sərəncamı böyük əhəmiyyət daşıyır. İlk növbədə, Sərəncamda zəngin şəhərsalma və memarlıq ənənələri olan ölkəmizdə keçilən yol əks etdirilib. Tarixi Böyük İpək Yolunun üstündə, mühüm ticarət yollarının üstündə yerləşən Azərbaycan Şərqin mədəniyyət mərkəzlərindən, o cümlədən zəngin memarlıq ənənələri olan ölkələrindən biri kimi tanınıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini, professor Musa Qasımlı deyib. O bildirib ki, Azərbaycan memarlıq sənəti bir çox qonşu xalqlara və ölkələrə də təsir göstərib: “Bu gün ölkəmizdə yaşı 1000 ildən çox olan bir sıra abidələr qorunub saxlanılır. Onların bəziləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Azərbaycanda şəhərsalma və memarlıq bir neçə mərhələdən keçib, amma planlı şəkildə şəhərsalmaya əsasən XIX əsrdə başlanılıb. Azərbaycanda memarlıq və şəhərsalmada xüsusi yeri Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində görülən işlər təşkil edir. 1969-cu ildən sonra Azərbaycanda bir çox tarix və mədəniyyət abidələri, məscidlər, ibadət yerləri bərpa edildi, tarix, mədəniyyət abidələrinə xüsusi qayğı göstərildi.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin xüsusi anlamı var. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq müasir kəndlər, şəhərlər, qəsəbələr salınır. Həmin ərazilərdə görülən işlər ən yeni Azərbaycanın simasıdır”.

Musa Qasımlı Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə ən yeni Azərbaycan yaratdığını vurğulayıb: “Təkcə şəhərlər salınmır, eyni zamanda, tarix, mədəniyyət abidələri, memarlıq əsərləri bərpa olunur və xalqımıza çatdırılır. Bu gün Ağdamda Qərvənd kompleksinin bərpa edilməsi, Şuşada görülən işlər və digər rayonlarda dağıdılmış memarlıq abidələrinin bərpası Prezidentin tariximizə, mədəniyyətimizə xüsusi diqqətini göstərir. Həmin ərazilərdə yeni memarlıq nümunələri yaradılır. Bütün bu məsələlər sadə iş deyil. Dövlətimiz bir tərəfdən əraziləri dirçəldir, bərpa edir, digər tərəfdən müasir yaşayış məntəqələri inşa edərək keçmiş məcburi köçkün qardaş və bacılarımızı dədə-baba torpaqlarına qaytarır. İşğaldan azad edilmiş ərazilərimizdə körpülərin tikintisi sadəcə yol nəqliyyat vasitəsi deyil, eyni zamanda, gözəl memarlıq nümunələridir. Gələn il ölkəmizdə şəhərsalma və memarlıqla bağlı böyük toplantılar keçiriləcək, xaricdən gələn qonaqlar işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın gördüyü işlərlə tanış olacaqlar. Onlar bir daha əmin olacaqlar ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələri qorunub saxlanılır, inkişaf etdirilir və həmin cərgəyə yeniləri əlavə edilir”.

 

Seçilən
82
1
azertag.az

2Mənbələr