Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə nəzarət sisteminin əhatə dairəsini genişləndirməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu NTV telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Türkiyə dəniz nəqliyyatının təhlükəsizliyi sahəsində ciddi səylər göstərir və hazırda Dardanel boğazı və Bosfor da daxil olmaqla bütün boğazlardan keçən gəmilərin hərəkəti müasir monitorinq sistemi vasitəsilə nəzarətdə saxlanılır. “Mərmərə dənizi üzrə bu nəzarəti radarlar vasitəsilə genişləndirəcəyik. Planlarımızda bu sistemi Qara dənizə də tətbiq etmək var”, – deyə Uraloğlu vurğulayıb.
O əlavə edib ki, hakimiyyət orqanları Şərqi Aralıq dənizində də nəzarət sisteminin təcili şəkildə tətbiqini planlaşdırır. Məqsəd Mersindən Kiprə qədər olan ərazidə vəziyyəti daha effektiv izləməkdir.
Nazirin qeyd etdiyi sistem dəniz nəqliyyatına nəzarət xidmətlərinin göstərilməsi üzrə milli layihə çərçivəsində həyata keçirilir. Şərqi Aralıq dənizində bunun üçün müvafiq infrastruktur qurulur: əlavə radiolokasiya və meteoroloji stansiyalar, rabitə məntəqələri və videomüşahidə sistemləri inşa edilir.
Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, avtomatik identifikasiya sistemi, radarlar və digər müşahidə vasitələrindən toplanan bütün məlumatlar vahid infrastrukturda birləşdiriləcək. Bu isə dəniz trafikinə 24 saat fasiləsiz və daha effektiv nəzarət aparmağa, gəmilərə naviqasiya məlumatları və xəbərdarlıqlar ötürməyə, həmçinin onların təhlükəsizliyini təmin etməyə imkan verəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.