AZ

“ADA da irs günü: Bölgəmizin mədəniyyətindən akademik dünyaya körpü” adlı sərgi və elmi seminar keçirilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Ağstafa, 23 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Qazax Müəllimlər Seminariyası və ADA Universitetinin Qazax Mərkəzinin birgə təşkilatçılığı ilə “ADA-da irs günü: Bölgəmizin mədəniyyətindən akademik dünyaya körpü” adlı sərgi və elmi seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, elmi seminarda ADA Universitetinin Qazax Mərkəzinin magistrları, BDU Qazax filialının müəllim və tələbələri, "Avey" Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və kollektivi, bölgənin tarixi abidələrində elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparmış alimlər, bölgənin tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları, bölgənin abidə mühafizəçiləri, bölgənin ümumtəhsil məktəblərinin tarix müəllimləri, tədqiqatçılar, rayon ziyalıları, gənc könüllülər iştirak ediblər. Elmi seminarın keçirilməsində məqsəd bölgəmizin qədim mədəni irsini geniş auditoriyaya tanıtmaq, Keşikçidağ qoruğunda aparılan arxeoloji tədqiqatların nəticələrini ictimaiyyətə təqdim etmək və elmi müzakirələr üçün platforma yaratmaqdır.

Əvvəlcə İsrafil Ağa Hamamı İncəsənət Mərkəzində qoruğun arxeoloji tapıntılarından ibarət sərgi nümayiş olunub.

ADA Universitetinin Qazax Mərkəzində keçirilən elmi seminarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev və ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü tədbirin keçirilməsinin məqsədi, əhəmiyyəti və gələcəkdə bu istiqamətdə qurulacaq əməkdaşlıq əlaqələri barədə danışıblar.

Sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, arxeoloq Lola Hüseynova bölgədə, o cümlədən Keşikçidağ Kurqanlar Vadisində yerləşən arxeoloji abidələrdə aparılan arxeoloji tədqiqatların nəticələri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, antropoloq Ülkər Allahverdiyeva antropoloji tədqiqatlar, müstəqil tədqiqatçı Faiq Nəsibov isə bölgənin mədəni irsi haqqında söz açıblar.

Elmi seminarın sonunda iştirakçılar sual-cavab və müzakirə formatında fikir mübadiləsi aparıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
azertag.az

1Mənbələr