Hə, hadisələrin axarı ondan xəbər verir ki, bu qış “Qarabağ”dan ayrılan ilk futbolçu Marko Yankoviç olacaq. Qurban Qurbanovun “Qəbələ” ilə oyundan sonra gileylənməsi, ah-nalə çəkməsi təsadüfi deyilmiş. Gedənin biri Yankoviç olacaq, o biri Nəriman Axundzadə, üçüncüsü Pedro Bikalyo, dördüncüsü, beşincisi...
Vallah-billah, mən bircə öləcəyim günü bilmirəm, hələ bəlkə o həzin son ərəfəsində Allah-təaladan hansısa mesaj gələ. Deməli, “Qarabağ” səfərdə “Napoli”yə məğlub olandan sonra “Yankoviç niyə “yandı” sərlövhəli yazım oldu, monteneqrolunu məğlubiyyətin əsas səbəbkarlarından biri kimi göstərdim, penaltiyə səbəbkar olandan sonra elə meydandaca komanda yoldaşı Pedro Bikalyo ilə münasibətləri aydınlaşdırmağa çalışmasını yolverilməz hərəkət kimi dəyərləndirdim. Hətta yazının girişində belə bir ifadə də var idi: “Ya yaş özünü göstərir, ya Monteneqro yığmasının dünya çempionatından kənarda qalmasından acıqlıdı, ya da sadəcə, oyunun təzyiqi altından çıxa bilmədi”.
Əlbəttə, Markonun və ya azərbaycanlı futbolsevərlərin təbirincə desək, Maestronun hədsiz gərgin olmasında bütün bu məqamların rolu var idi. Üstəlik həmvətəni və adaşı Veşoviçin “Qarabağ”dan ayrılmasını da götürə bilməyib. Zərrələr yığılıb və göl olub, Markoya deyiləsi son söz “yaxşı yol” olub.
Bilirəm, “Futbol+” oxucusu “Napoli” ilə oyundan sonrakı haqlı tənqid zamanı olduğu kimi, bu yazını oxuyandan sonra məni yenə “topa tutacaq”. Guya futbolu bilmirəm, guya “Qarabağ”ı və ya Yankoviçi gözüm götürmür... Dostlar, 40 ildən artıqdı futbola baxıram, 30 ildən artıqdı jurnalistikadayam, lap uşaq yaşlarımdan da futbol oynayıram, düzdü, indi uzağı həftədə bir dəfə. Dediyim odu ki, futbolda yaxşını pisdən, ürəkdən və həvəssiz oynayan futbolçuları bir-birindən ayıra bilirəm. Odu ki, gəlin, özümüzü aldatmayaq. “Qarabağ” “Ayntraxt”ı Yankoviçsiz də məğlub edə bilər, daha doğrusu, mümkün zəfərin memarı heç bir halda monteneqrolu yarımmüdafiəçi olmayacaq. Onun Ağdam klubundakl missiyası bitib. Mənə elə gəlir ki, Maestro ilə vidalaşmağın tam zamanıdı. “Napoli” ilə həmin biabırçı oyundan sonra getsəydi, lap yaxşı olardı. Amma indi də gec deyil. Onun potensial müştəriləri arasında gah Yaponiya, gah da Yunanıstan klublarının adı çəkilir. Kim dolu pul kisəsi ilə “Qarabağ”ın elçi daşının üstündə oturacaqsa, ona da versinlər, getsin. Daha naz etməsin, Qurban bəyin əsəbləri ilə oynamasın. Adam, qitənin ən mötəbər klub turnirinin əsas mərhələsində oynayırsan, bir az daha qeyrət göstərsən, ilk “24-lüy”ə düşəcəksən. Bir peşəkar, iddialı futbolçuya bundan artıq nə lazımdı ki?! Yox, sənə pul lazımdısa, onda dünəndən get, bəhanəsiz get, elə get ki, izin-tozun da qalmasın!
ORXAN
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta