AZ

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb - Yenilənib

Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında vəfat etdiyini təsdiqləyib.

O bildirib ki, təyyarədə Baş Qərargah rəisi Əl-Həddadla yanaşı, Quru Qoşunları Komandanı general-leytenant Əl-Fayturi Qərib, Liviya Hərbi Sənayesinin rəisi briqada generalı Mahmud Əl-Qətivi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab və Baş Qərargah rəisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Məhcub da olub.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarənin qalıqları tapılıb.Bu barədə "HaberGlobal" xəbər verir.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya da qəzaya uğrayan Falcon 50 təyyarəsinin qalıqlarının aşkarlandığını təsdiqləyib.

O bildirib ki, təyyarənin qalıqları Haymana rayonunun Kesikkavak kəndindən 2 kilometr cənubda hadisə yerinə ezam olunmuş axtarış-xilasetmə heyəti tərəfindən aşkarlanıb.

***

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankarada qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama verib.

"Bu axşam saat 20:10-da Ankara Esenboğa hava limanından Tripoliyə gedən "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb; lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb.

Təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin var. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək", - deyə nazir bildirib.

***

Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

 

***

Liviyanın Baş Qərargah rəisinin olduğu "Falcon-50" tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb.Bu barədə yerli KİV məlumat yayıb.

Hadisə ilə əlaqədar Esenboğa Hava Limanında uçuşlar dayandırılıb.

***

Türkiyədə Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "Falcon 50" özəl təyyarəsi ilə əlaqə kəsilib.

APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Təyyarədə Liviyanın Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın olduğu bildirilir.

Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə görüşüb.

Seçilən
48
1
anews.az

9Mənbələr