AZ

Almaniyada qəza törədən azərbaycanlı adam öldürməyə cəhddə ittiham olunur

BAKI, 24 dekabr. TELEQRAF

Almaniyanın Hessen əyalətinin Giessen şəhərində avtobus dayanacağına avtomobillə girən 32 yaşlı azərbaycanlı sürücü psixiatrik xəstəxanaya yerləşdirilib.

Teleqraf xəbər verir ki, Baş Prokurorluq hadisə ilə bağlı adam öldürməyə cəhd maddəsi üzrə istintaq aparır.

Məlumata görə, hadisə dekabrın 23-də saat 16:30 radələrində baş verib. “Audi” markalı avtomobilin sürücüsü, 32 yaşlı Azərbaycan vətəndaşı Asim B., Bleichstrasse yaxınlığında zolaq dəyişərkən yüksək sürətlə park edilmiş avtomobilə çırpılıb. Zərbənin təsirindən avtomobil avtobus dayanacağına doğru yönəlib.

Hadisə zamanı avtobus dayanacağında olan 64 yaşlı qadın ağır xəsarət alıb. Bundan sonra sürücünün səkidə hərəkətini davam etdirdiyi, iki piyadanı vuraraq onlara yüngül xəsarət yetirdiyi, daha sonra isə yenidən park edilmiş avtomobilə çırpıldığı bildirilir.

Şahidlərin sözlərinə görə, 29 yaşlı piyada polis gələnədək sürücünü saxlayıb. Ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Dövlət Cinayət Polisi İdarəsinin (LKA) məlumatına əsasən, sürücüdə kəskin psixoz şəklində ruhi pozuntu əlamətləri müşahidə olunur. Bu səbəbdən prokurorluğun vəsatəti əsasında məhkəmə onun psixiatrik xəstəxanaya yerləşdirilməsi barədə qərar qəbul edib.

Prokurorluq sürücüyə qarşı yol hərəkətinə təhlükəli müdaxilə və ağırlaşdırılmış hücum maddələri üzrə də ittiham irəli sürüb. Eyni zamanda istintaq orqanları hadisənin terror aktı olmadığını açıqlayıb.

Araşdırmalar davam etdirilir.

Seçilən
41
teleqraf.com

1Mənbələr