AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan silsilə yazıları davam etdirir
Bakı, 24 dekabr, AZƏRTAC
Anadolu aşıq məktəbi türk mədəniyyət tarixində sözlə sazın qovuşduğu ən mötəbər sənət ocaqlarından biridir. Bu məktəbin təşəkkülü XIII–XIV əsrlərə təsadüf edir. Lakin onun kökləri daha qədimdir. XI–XII əsrlərdə ozan sənətinin tədricən aşıq yaradıcılığına çevrilməsi Anadoluda yeni bir sənət mühitinin formalaşmasına zəmin yaratdı. Xalq şeiri ənənələri, yenicə yaranan saz havaları və bu havaları öz repertuarına daxil edən qədim saz şairləri Anadolu aşıq məktəbinin ilkin mənzərəsini müəyyənləşdirdi.
Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın Anadolu aşıq məktəbi ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.
Bu dövrdə aşıq sənəti iki əsas istiqamətdə inkişaf etməyə başladı. Birinci istiqamət Yasəvilik ənənəsi ilə bağlı idi. Təsəvvüf dünyagörüşünə söykənən bu ifaçılıq tərzi xalq arasında Allaha məhəbbət, ilahi eşq və mənəvi kamillik ideyalarını yayırdı. Sufi düşüncəsi ilə yoğrulan bu sənət forması XIII–XIV əsrlərdə həm məzmun, həm də poetik ustalıq baxımından yeni bir mərhələyə yüksəldi.
İkinci istiqamət isə ozanların improvizasiya və ifaçılıq ənənəsini davam etdirən, lakin təkkə-dərviş dünyasından nisbətən uzaq duran peşəkar aşıqların fəaliyyəti ilə bağlı idi. Bu xətt daha geniş coğrafiyanı əhatə edərək Qafqazdan Şimali və Cənubi Azərbaycana, İğdir-Qars bölgəsindən Qərbi Azərbaycana qədər uzanırdı. Burada aşıq sənəti daha çox xalqın gündəlik həyatını, dərdini və sevincini ifadə edən canlı bir söz tribunasına çevrilirdi.
Anadolu aşıq məktəbi formalaşdığı ilk mərhələlərdə peşəkar ifaçıları öz ətrafında birləşdirdi. Xalq şeiri üslubunda qoşma və gəraylılar yaradan el sənətkarları bu məktəbin aparıcı simalarına çevrildilər. XIII–XIV əsrlərin əvvəllərində Yunus Əmrə bu mühitdə xüsusi bir zirvə oldu. Bəzən şair, bəzən aşıq kimi təqdim edilən Yunus Əmrə Anadolu aşıq məktəbinin mənəvi əsaslarını formalaşdıran sənətkarlardandır. Onun açdığı yol XIV əsrin sonlarında Qayğusuz Abdalın yaradıcılığında daha qabarıq şəkildə özünü göstərdi.
XV–XVI əsrlərdə Anadolu aşıq poeziyası Pir Sultan Abdalın timsalında güclü ictimai məzmun qazandı. Onun şeirlərindəki kəskin etiraz ruhu təkcə fərdi hisslərin deyil, dövrün sosial ədalətsizliklərinin də ifadəsinə çevrildi. Bu xətt sonralar Qazax Abdal, Qul Hümmət, Aşıq Hüseyn, Alıoğlu, Şeşil Əhməd kimi sənətkarların yaradıcılığında davam etdirildi. Etiraz səsini ucaldan aşıqlardan biri də XVIII–XIX əsrlərdə yaşamış Aşıq Dərdli İbrahim idi.
XIX əsrdə Anadolu aşıq məktəbi yeni qüdrətli simalar yetişdirdi. Aşıq Seyrani poeziyasında ictimai mövzular xüsusi yer tutdu, Dadaloğlu isə həm forma, həm də məzmun baxımından bu sənəti daha da zənginləşdirdi. Onların yaradıcılığı aşıq sözünün təkcə estetik deyil, həm də ictimai güc daşıdığını göstərirdi.
XIX–XX əsrlərdə Anadolu aşıq poeziyası daha geniş coğrafi və bədii təsir imkanları qazandı. Bu dövrdə müxtəlif aşıq mühitləri formalaşdı, Azərbaycan aşıq məktəblərinin – Təbriz, Göyçə və Şirvan mühitlərinin təsiri daha aydın hiss olunmağa başladı. Qaracaoğlan, Dərdli, Dəli Boran kimi ustadların ənənələri yeni nəslin yaradıcılığında yenidən canlandı. Bu silsilənin ən parlaq simalarından biri də XX əsr Anadolu aşıq sənətinin rəmzinə çevrilmiş Aşıq Veysəl oldu.
Bu gün də Anadolu aşıq məktəbi yaşayır və inkişaf edir. Ozan yaddaşının arxaik qatlarını aşaraq, sazın və sözün canlı nəfəsini qoruyub saxlayan bu sənət ənənəsi milli mədəniyyətin mühüm dayaqlarından biri olaraq öz yolunu davam etdirir.