Rusiya XİN: Görüşlər səfirliklərin işinin normallaşdırılmasına yönəlib...
Rusiya və ABŞ arasında diplomatik nümayəndəliklərin fəaliyyətinin normallaşdırılması məqsədilə aparılan danışıqların növbəti raundu bir neçə gün əvvəl baş tutub.
Poliqon xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Qusarov “İzvestiya” nəşrinə müsahibəsində məlumat verib.
Aleksandr Qusarovun sözlərinə görə, əldə olunan nəticələrin əhəmiyyəti kiçildilməməlidir. O bildirib ki, son görüş zamanı konkret məsələlərin həllində irəliləyiş əldə olunub. Xüsusilə, səfirlik əməkdaşlarının müəyyən kateqoriyaları üçün viza verilməsi, eləcə də onların qəbul edən ölkə ərazisində hərəkətinin sadələşdirilməsi müzakirə edilib.
Bununla yanaşı, rusiyalı diplomat qeyd edib ki, danışıqlar prosesi “ağır və ləng” şəkildə davam edir və tərəflərin yanaşmalarındakı fərqlər tempin azalmasına səbəb olur. Onun fikrincə, bu vəziyyət prinsip etibarilə mənfi deyil, lakin dövlət başçılarının qarşıya qoyduğu ikitərəfli münasibətlərin sabitləşdirilməsi məqsədinə real yaxınlaşmaq üçün tərəflərin ambisiya səviyyəsi xeyli yüksək olmalıdır.
Xatırladaq ki, diplomatik missiyaların fəaliyyətinin normallaşdırılması üzrə məsləhətləşmələr fevral ayında Ər-Riyadda keçirilmiş Rusiya–ABŞ danışıqlarının nəticəsi olaraq başlayıb. Fevral və aprel aylarında baş tutan iki raunddan sonra ABŞ tərəfi məsləhətləşmələrdə fasilə verib.
Poliqon.info