AZ

Milli maraqları qətiyyətlə təmin edən siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildən ötən 22 il ərzində ölkəyə rəhbərliyi dövründə Azərbaycanın hərtərəfli inkişafında, müstəqillik və suverenliyimizin möhkəmləndirilməsində, eləcə də beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsində mühüm və tarixi nailiyyətlərə imza atmışdır. Onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət, ardıcıl iqtisadi islahatlar və genişmiqyaslı sosial layihələr Azərbaycanı regionda və dünyada etibarlı və önəmli siyasi aktora çevirmişdir.

Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, parçalanmadan, xaosdan və siyasi qeyri-sabitlikdən xilas edən müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ulu Öndəri Heydər Əliyev 2003-cü il oktyabrın 1-də xalqa müraciətində qarşıdan gələn prezident seçkiləri ilə bağlı tarixi çağırış edərək bildirmişdir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram..." Bu müraciətdə Ulu Öndər İlham Əliyevin yüksək intellektə malik, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən, enerjili və təşəbbüskar bir lider olduğunu xüsusi vurğulamış, onun Azərbaycan dövlətinin inkişafı və xalqın rifahı naminə mühüm işlər görəcəyinə dərin inamını ifadə etmişdir.

Zaman bir daha sübut etdi ki, uzaqgörən və müdrik lider Heydər Əliyevin bu fikirləri tamamilə əsaslı idi. Prezident İlham Əliyevin 22 illik fəaliyyəti dövründə əldə olunan çoxsaylı uğurlar bu etimadın nə qədər düzgün olduğunu açıq nümayiş etdirdi.

Şübhəsiz ki, İlham Əliyevin 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində qələbə qazanmasında onun Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi bu siyasi kursu dərindən mənimsəməsi mühüm rol oynamışdır. Bununla yanaşı, xalqın ona etimad göstərməsində İlham Əliyevin şəxsi keyfiyyətləri, müasir düşüncəsi, zəngin siyasi təcrübəsi və idarəçilik bacarığı da həlledici amillər sırasında olmuşdur.

İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin birinci və ikinci çağırışlarında deputat kimi fəaliyyət göstərmiş, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş və həmin qurumun vitse-prezidenti vəzifəsini icra edərək ölkəmizin maraqlarını beynəlxalq müstəvidə uğurla müdafiə etmişdir. Yeni Azərbaycan Partiyasının I qurultayında sədr müavini, II qurultayında isə birinci sədr müavini seçilən İlham Əliyev, 2000-ci il parlament seçkilərində partiyanın seçki kampaniyasına rəhbərlik edərək, mühüm siyasi uğurlar qazanmışdır.

Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi fəaliyyəti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olaraq, idman sahəsində əldə olunan nailiyyətlərə verdiyi töhfələr, eləcə də Azərbaycan Respublikasının Baş naziri vəzifəsində qazandığı zəngin idarəçilik təcrübəsi İlham Əliyevin peşəkar və müasir siyasətçi kimi formalaşmasında mühüm rol oynamışdır. Məhz bu çoxşaxəli fəaliyyət, liderlik keyfiyyətləri və dərin biliklər onun 2003-cü il prezident seçkilərində qələbəsini şərtləndirən əsas amillərdən olmuşdur.

Sonrakı prezident seçkilərində İlham Əliyevin qazandığı qələbələrin əsas səbəbləri artıq onun dövlət başçısı kimi həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət, eləcə də rəhbərliyi dövründə Azərbaycanın keçdiyi davamlı inkişaf yolu ilə bilavasitə bağlı olmuşdur. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsi, ölkədə ictimai-siyasi sabitliyin qorunması, davamlı tərəqqiyə və xalqın rifahının yüksəldilməsinə xidmət edən siyasət Prezident İlham Əliyevin dövlət idarəçiliyi fəlsəfəsinin əsasını təşkil etmişdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasət müasir, güclü Azərbaycanın formalaşmasına, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına mühüm töhfələr vermişdir. Bununla yanaşı, onun təşəbbüsü ilə tolerantlıq və multikulturalizm ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üçün nüfuzlu beynəlxalq məkana çevirmişdir.

İlham Əliyevin siyasi kursunun mahiyyətini xalqa güvənən, xalqın dəstəyi ilə reallaşdırılan, birlik və həmrəylik mühitinin möhkəmlənməsinə xidmət edən, dayanıqlı demokratik ənənələrin formalaşmasını təmin edən mütərəqqi yanaşma təşkil edir. Bu siyasətin əsas ideyası xalqın gücünə arxalanmaq və milli birliyi dövlətin ən möhkəm dayağına çevirməkdir. Məhz bu səbəbdən Prezident İlham Əliyevin siyasi fəlsəfəsinin rəmzinə çevrilən "Biz birlikdə güclüyük" şüarı sonradan düşməni məhv edən "dəmir yumruq" ideyasının da ideoloji əsasını təşkil etmişdir.

Azərbaycanda yaşayan bütün xalqlar Prezident İlham Əliyevin siyasətindən bərabər şəkildə faydalanmış, ölkədə etnik mənsubiyyətə, dini inanclara və siyasi baxışlara görə heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir. Bu yanaşma sağlam əməkdaşlıq və siyasi dialoq mühitinin formalaşmasına, nəticə etibarilə ümumxalq birliyinin möhkəmlənməsinə şərait yaratmışdır. Son illər ərzində siyasi partiyalar tərəfindən imzalanmış birgə bəyanatlar və müraciətlər, eləcə də partiya rəhbərləri ilə keçirilən mütəmadi görüşlər ölkədə formalaşmış konstruktiv siyasi dialoqun və xalq-dövlət birliyinin bariz nümunəsidir. Bütün siyasi partiyalar üçün bərabər fəaliyyət imkanlarının yaradılması demokratik ənənələrin inkişafına mühüm töhfə vermişdir.

Prezident İlham Əliyevin siyasi kursunda xüsusi yer tutan və daim təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etmiş, onların intellektual və fiziki potensialından səmərəli istifadə olunmasına şərait yaratmışdır. Bu siyasət milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər və məsuliyyətli gənclərin formalaşmasını təmin etmişdir. Dövlətin gənclərə göstərdiyi davamlı diqqət və dəstək nəticəsində Vətən müharibəsi zamanı Azərbaycan gəncliyi həm döyüş meydanında, həm də arxa cəbhədə və informasiya müharibəsində ölkənin əsas aparıcı qüvvəsinə çevrilmişdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Qarabağın işğaldan azad edilməsi kimi tarixi bir uğura imza atmış, bütün dünyanı heyrətləndirən möhtəşəm Zəfər qazanmışdır. Bu tarixi qələbə Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi strateji siyasətin, güclü dövlət və ordu quruculuğu xəttinin məntiqi nəticəsi olmuşdur.

44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tarixi ədaləti bərpa etdiyi, Ermənistanın işğalçı siyasətinə son qoyduğu, Qarabağın və Şərqi Zəngəzurun azad edildiyi şanlı bir Zəfər kimi tarixə düşmüşdür. Bu qələbənin əsasını dövlət başçısının illərlə apardığı məqsədyönlü siyasət, hərbi potensialın ardıcıl şəkildə gücləndirilməsi təşkil etmişdir. Prezident İlham Əliyev beynəlxalq müstəvidə Azərbaycanın haqq səsini qətiyyətlə müdafiə etmiş, Ermənistanın işğalçı siyasətini dünya ictimaiyyətinə ardıcıl şəkildə çatdırmışdır. Müharibə dövründə xarici mediaya verdiyi çoxsaylı müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə qəbul olunmasında mühüm rol oynamışdır. Ali Baş Komandanın əsas prioritetlərindən biri olan ordu quruculuğu siyasəti nəticəsində həyata keçirilən hərbi islahatlar, müasir texnologiyaların tətbiqi və peşəkar kadr hazırlığı Azərbaycan Ordusunu regionun ən güclü silahlı qüvvələrindən birinə çevirmişdir.

Müharibə zamanı Prezident İlham Əliyev "Biz birlikdə güclüyük" prinsipini praktiki şəkildə bir daha təsdiqləmişdir. Xalqın sarsılmaz dəstəyi, milli birliyin təmin olunması və müharibə strategiyasının düzgün qurulması nəticəsində Azərbaycan Ordusu parlaq qələbə əldə etmişdir. Bu zəfər nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa daxil olmaqla 300-dən artıq yaşayış məntəqəsi işğaldan azad edilmiş, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur.

44 günlük müharibədən sonra Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməməsi və separatçı rejimin Qarabağda qanunsuz fəaliyyətini davam etdirməsi Prezident İlham Əliyevi bölgədə konstitusiya quruluşunun tam bərpası üçün qətiyyətli addımlar atmağa vadar etmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı Azərbaycanın suverenliyinin tam təmin edilməsi, bölgədə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi məqsədi daşıyırdı. Əməliyyat qısa müddətdə uğurla başa çatmış və separatçı rejim təslim olmağa məcbur edilmişdir.

Prezident İlham Əliyev həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü il antiterror əməliyyatında nümayiş etdirdiyi qətiyyətli liderlik, strateji düşüncə və siyasi iradə ilə Azərbaycanın milli maraqlarının qorunmasında müstəsna rol oynamışdır.

Son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə enerji və nəqliyyat sahələrində reallaşdırılan irimiqyaslı layihələr Azərbaycanın regionda lider mövqeyini daha da möhkəmləndirmişdir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən "Cənub qaz dəhlizi" layihəsi Azərbaycan qazının Avropa bazarına çıxarılmasını təmin etməklə qitənin enerji təhlükəsizliyinə mühüm töhfə vermiş, eyni zamanda ölkəmizin geostrateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. 2022-ci ilin iyul ayında Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və bu sənədin qısa müddətdə icrası nəticəsində Avropaya enerji ixracı əhəmiyyətli dərəcədə genişlənmişdir.

 Prezident İlham Əliyevin enerji siyasəti yalnız neft-qaz sektoru ilə məhdudlaşmır, eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişafını da əhatə edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək enerjisi layihələrinin icrası Azərbaycanın "yaşıl enerji" strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslərin fəal iştirakçısı və müəllifi kimi çıxış edir. 2011-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının bariz göstəricisi olmuşdur. Azərbaycan həmçinin Qoşulmama Hərəkatına uğurla sədrlik edərək bu beynəlxalq platformada fəal və prinsipial mövqeyini nümayiş etdirmişdir.

Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi, eləcə də qardaş Türkiyə başda olmaqla dost və tərəfdaş ölkələrlə münasibətlərin möhkəmləndirilməsi Prezident İlham Əliyevin xarici siyasətində prioritet istiqamətlərdəndir. Son 22 il ərzində Azərbaycanın çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi ölkəmizin qlobal miqyasda rolunu və etibarlılığını daha da artırmışdır.

Pandemiya dövründə Prezident İlham Əliyev qlobal həmrəylik prinsiplərinə əsaslanan mövqeyi ilə liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. Qoşulmama Hərəkatının sədri qismində onun təşəbbüsü ilə 2020-ci ildə BMT Baş Assambleyasında pandemiyaya həsr edilən xüsusi sessiyanın keçirilməsi Azərbaycan rəhbərliyinin beynəlxalq aləmdə artan nüfuzunun təsdiqi olmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan mədəniyyət, elm, təhsil və idman sahələrində də mühüm nailiyyətlər əldə etmişdir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Avroviziya" Mahnı Müsabiqəsi və digər beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə təşkili Azərbaycanın mədəni və humanitar sahədə artan imkanlarını nümayiş etdirmişdir.

2013-cü ildə Azərbaycanın ilk süni peykinin orbitə buraxılması isə ölkəmizin kosmik sənayedə də söz sahibi olduğunu göstərən tarixi hadisələrdəndir. Bu istiqamətdə fəaliyyətin davamı olaraq, 2023-cü il oktyabrın 2-6-da Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Konqres çərçivəsində onlarla konfrans, 190-dan çox texniki sessiya və sərgi təşkil edilmiş, 36 ölkədən 150-dən artıq kosmik qurum və şirkət öz stendləri ilə iştirak etmişdir.

2024-cü ildə Bakıda keçirilmiş COP29 İqlim Konfransı Azərbaycanın qlobal miqyasda artan rolunun daha bir parlaq nümunəsi olmuşdur. Prezident İlham Əliyevin strateji baxışı və güclü liderliyi sayəsində Azərbaycan təkcə enerji sahəsində deyil, eyni zamanda ekoloji davamlılıq və "yaşıl enerji" təşəbbüsləri üzrə qlobal əməkdaşlığın fəal iştirakçısına çevrilmişdir. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq tədbirlər üçün etibarlı mərkəz kimi tanınmasının və qlobal ekoloji gündəlikdə fəal rolunun açıq göstəricisidir.

Konfrans çərçivəsində İtki və Zərər Fondu yaradılmış, Yaşıl Maliyyə Fondu təsis edilmiş, bərpaolunan enerji layihələrinə investisiyaların cəlb edilməsi istiqamətində mühüm qərarlar qəbul olunmuş, Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq, İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması təmin edilmişdir. Bu mühüm tədbir Azərbaycanın qlobal problemlərin həllində fəal iştirak edən nüfuzlu dövlətlər sırasında mövqeyini daha da möhkəmləndirmişdir.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi partiyanın ölkənin əsas siyasi qüvvəsi statusunu qoruyub saxlamasını təmin etmişdir. Onun rəhbərliyi altında YAP ardıcıl modernləşmə və institusional güclənmə yolu keçmiş, üzvlərinin sayının artması və ictimai-siyasi fəallığının yüksəlməsi İlham Əliyevin siyasi strategiyasının səmərəliliyini aydın şəkildə nümayiş etdirmişdir.

Azərbaycan xalqının tarixi Qələbəsi nəticəsində Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların əsas komponentlərindən biri Qərbi Azərbaycana qayıdış məsələsinin dövlət siyasəti səviyyəsinə yüksəldilməsidir. İlham Əliyev bu mövzunu dəfələrlə çıxışlarında vurğulayaraq Qərbi Azərbaycan məsələsini təkcə tarixi ədalətin bərpası kontekstində deyil, həm də regionda davamlı sülhün və sabitliyin təmin olunmasının ayrılmaz tərkib hissəsi kimi təqdim etmişdir. Xüsusilə 2025-ci il ərzində bu məsələnin beynəlxalq və yerli platformalarda dəfələrlə səsləndirilməsi Qərbi Azərbaycan mövzusunun artıq formalaşmış yeni regional reallığın ideoloji və siyasi sütunlarından birinə çevrildiyini göstərir.

Qərbi Azərbaycana qayıdışın sülh yolu ilə həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında hazırlanmış "İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyası" bu prosesin konseptual və normativ əsaslarını müəyyən etmişdir. Konsepsiya beynəlxalq hüququn fundamental prinsiplərinə - insan hüquqları, təhlükəsiz qayıdış və mülki əhalinin müdafiəsi prinsiplərinə əsaslanmaqla, məsələnin legitimliyini gücləndirmişdir.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində 2025-ci il avqustun 7-8-də Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri mühüm siyasi və diplomatik nəticələrlə yadda qalmışdır. Səfər çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş sammit və onun yekununda imzalanmış Birgə Bəyannamə Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə dəstək qazandığını nümayiş etdirmişdir.

Birgə Bəyannamədə "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda sənəddə sazişin imzalanması və ratifikasiyası üçün əlavə siyasi-hüquqi şərtlərin, xüsusilə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının vacibliyi qeyd olunmuşdur. Bu yanaşma Azərbaycanın sülh prosesində prinsipial və hüquqa əsaslanan mövqeyini bir daha təsdiqləyir.

Birgə Bəyannamənin mühüm müddəalarından biri də regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlıdır. Sənəddə Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsini nəzərdə tutan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsinin həyata keçirilməsi regional inteqrasiyanın yeni mərhələsinə keçidi ifadə edir.

Səfər çərçivəsində həmçinin ATƏT-in Minsk Prosesi və əlaqədar strukturlarının fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciətin imzalanması münaqişənin köhnə formatlar əsasında deyil, yeni siyasi reallıqlar çərçivəsində həll olunduğunu rəsmiləşdirmişdir. 2025-ci il noyabrın 30-da Minsk Prosesi və ona bağlı strukturların rəsmi olaraq bağlanması Cənubi Qafqazda post-münaqişə dövrünün institusional baxımdan tamamlandığını göstərən mühüm mərhələ olmuşdur.

Prezident İlham Əliyevin 2025-ci il dekabrın 10-da imzaladığı "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya" ölkənin uzunmüddətli inkişaf prioritetlərinə uyğun olaraq, iqtisadiyyatın modernləşdirilməsi istiqamətində mühüm addımdır. Strategiya sahibkarlıq mühitində rəqəmsal infrastrukturun genişləndirilməsini, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsini, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasını və insan kapitalının rəqəmsal bacarıqlar baxımından gücləndirilməsini hədəfləyir. Sənəd süni intellekt, böyük verilənlər, blokçeyn, bulud texnologiyaları və "ağıllı şəhər" həlləri kimi 4-cü Sənaye İnqilabının əsas texnologiyalarının bütün iqtisadi sahələrdə tətbiqini nəzərdə tutur və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsini strateji məqsəd kimi müəyyən edir.

Dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətinə çevrilmişdir. Bu çərçivədə 3 dekabr 2020-ci il tarixli sərəncamla Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin yaradılmasına start verilmiş, 2021-ci ildə Hərbi Qənimətlər Parkı, 2024-cü ildə Zəfər Parkı, 2025-ci ildə isə Zəfər muzeyi istifadəyə verilmişdir. Bu addımlar həm şəhidlərin əziz xatirəsinin ucaldılmasına, həm də Qələbə ideologiyasının gələcək nəsillərə ötürülməsinə xidmət edir.

2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı Prezident İlham Əliyevin siyasi iradəsinin və diplomatik baxışının bariz təzahürü olmuşdur. Azərbaycan və Türkiyə hərbçilərinin birgə iştirakı ilə keçirilən parad qardaşlıq və strateji müttəfiqliyin rəmzinə çevrilmişdir. 2025-ci il noyabrın 8-də Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad isə Azərbaycanın artan regional nüfuzunu nümayiş etdirmiş, Türkiyə və Pakistan rəhbərlərinin iştirakı Azərbaycan-Türkiyə-Pakistan strateji üçbucağının möhkəm və davamlı xarakter daşıdığını təsdiqləmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Böyük qayıdış proqramı postmüharibə dövründə bərpa, reinteqrasiya və dayanıqlı məskunlaşma modelinin əsasını təşkil edir. Azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələrinin icrası nəticəsində artıq 60 mindən çox soydaşımız Qarabağ və Şərqi Zəngəzurda yaşayır, çalışır və təhsil alır. Prezidentin 8 noyabr 2025-ci il tarixli çıxışında vurğuladığı kimi, Azərbaycan xalqı bu torpaqlara qalib xalq kimi qayıtmış və burada əbədi yaşayacağını bəyan etmişdir.

2022-ci ildə təsdiqlənmiş "Böyük Qayıdışa dair I Dövlət Proqramı" işğaldan azad edilmiş ərazilərin bərpasını Azərbaycanın 5 milli prioritetindən biri kimi müəyyən etmişdir. Proqramın icra səviyyəsi hazırda təqribən 79 faizə çatmışdır. 2020-2026-cı illər ərzində bu məqsədlə dövlət büdcəsindən 25 milyard manatdan artıq vəsait ayrılmışdır. 2025-ci il mayın 30-da imzalanmış sərəncamla II Dövlət Proqramının hazırlanması tapşırılmış və Böyük qayıdışın davamlılığı institusional əsaslarla təmin edilmişdir.

Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilən bərpa və yenidənqurma işləri postmüharibə dövrü üçün beynəlxalq miqyasda ən sürətli və sistemli modellərdən biri kimi qiymətləndirilir. 5 il ərzində dövlət başçısı azad edilmiş ərazilərdə yüzlərlə tədbirdə iştirak etmiş, onlarla strateji layihənin təməlini qoymuş və istifadəyə verilməsini təmin etmişdir. Nəticədə hava limanları, yollar, dəmir yolları, enerji və sosial infrastruktur obyektləri regionun sürətli inkişafını təmin edən əsas dayaqlara çevrilmişdir.

Azad edilmiş ərazilərə 2025-ci ilin oktyabrınadək 5 mindən çox ailənin qayıdışı təmin olunmuşdur. Hazırda ümumilikdə 62 mindən artıq insan bu ərazilərdə yaşayır və fəaliyyət göstərir. Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması regionun intellektual və elmi potensialının bərpasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin tərkib hissəsi kimi azad edilmiş ərazilərdə məşğulluğun təmin olunması məqsədilə minlərlə yeni iş yeri yaradılmış, özünüməşğulluq və peşə hazırlığı proqramları icra edilmişdir. Ağdam və Cəbrayıl rayonlarında yaradılmış sənaye parkları regionun iqtisadi dirçəlişinin mühüm lokomotivinə çevrilmişdir.

Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində əldə olunan Qələbə regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. İşğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata reinteqrasiyası, nəqliyyat-logistika dəhlizlərinin açılması və regional kommersiya cəlbediciliyinin artması Azərbaycanın gələcək inkişafını şərtləndirən əsas amillərdəndir.

Dövlətimizin başçısının sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması, Dövlət Suverenliyi Gününün təsis edilməsi, habelə müstəqillik tarixinin ən böyük amnistiya aktı təşəbbüsünün irəli sürülməsi və Milli Məclisdə qəbul edilməsi müstəqil dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, humanizm və sosial ədalət prinsiplərinin dövlət siyasətində mühüm yer tutduğunun nümayiş etdirilməsi baxımından mühüm siyasi və hüquqi əhəmiyyət daşıyır. Bununla belə, "Konstitusiya və Suverenlik İli" Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. 

Prezident İlham Əliyevin çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın hərtərəfli güclənməsinə, dövlətçilik əsaslarının möhkəmlənməsinə və xalqın rifahının davamlı şəkildə yüksəlməsinə xidmət edir. Onun qətiyyətli və uzaqgörən rəhbərliyi altında Azərbaycan təkcə regionda lider mövqeyini möhkəmləndirməmiş, eyni zamanda qlobal miqyasda etibarlı və nüfuzlu aktor kimi tanınmışdır. Tam əminliklə söyləmək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı gələcəkdə də daha güclü, daha dayanıqlı və daha parlaq inkişaf yolunda inamla irəliləməyə davam edəcəkdir.

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Seçilən
55
azerbaijan-news.az

1Mənbələr