3 oktyabr 2019-cu ildə "Valday" Beynəlxalq Diskussiya Klubunun sessiyasında Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır və nida işarəsi" deməsi ilə ölkəmizin haqlı və prinsipial mövqeyini ortaya qoydu.
Növbəti ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev rəsmi "X" səhifəsində işğal altında olan torpaqlarımızın artıq azad olunduğu xəbərini verirdi.
Üzərindən cəmi üç il keçdikdən sonra - 2023-cü ilin payızında isə beynəlxalq ictimaiyyət və qlobal siyasi aktorlar Azərbaycanı ərazi bütövlüyünü, dövlət suverenliyini və konstitusion quruluşunu tam təmin etməsi münasibətilə təbrik edir, şəxsən Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət, diplomatik manevrlər, hərbi taktika nəticəsində əldə olunan böyük nailiyyətlərə görə heyrət qarışıq təqdir və rəğbətlərini ifadə edirdilər.
Bu tarixi paralelin özü belə cənab Prezident İlham Əliyevin Azərbaycanı müəyyənləşdirdiyi strateji xətt üzrə inkişaf etdirərək dövlətçilik salnaməmizdə necə nəhəng bir epoxa başlatdığını əyani şəkildə göstərir.
Yerinə yetirilən and
Dünyada gedən siyasi proseslərin, geostrateji mövqelər uğrunda güc mərkəzləri arasında baş verən intriqaların, münaqişə və müharibələrin, habelə tez-tez müşahidə olunan ikili standartların fonunda da cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlar aydın şəkildə özünü göstərir və nümunəvi xarakter daşıyır. Müstəqilliyini bərpa etdikdən dərhal sonra işğal faktı ilə üz-üzə qalan, ordusu hələ tam formalaşmamış, bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə qarşılaşan, dərin sosial-iqtisadi çətinliklər yaşayan Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti və onun layiqli siyasi davamçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü siyasət nəticəsində misilsiz bir tərəqqi yolu keçmişdir. Bu gün Azərbaycan dünyanın aparıcı siyasi, iqtisadi gücləri ilə bir sırada dayanaraq daha ədalətli dünya nizamının formalaşdırılması prosesində fəal iştirak edir, sülh çağırışları və bu istiqamətdə atdığı ardıcıl, adekvat addımlarla beynəlxalq ictimaiyyət üçün örnək ortaya qoyur.
2003-cü il oktyabrın 31-də Prezident kimi müqəddəs Qurani-Kərimə əl basaraq and içən cənab İlham Əliyev çıxışında belə demişdi: "Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir...
...Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir".
Həmin tarixi məqamda dövlət başçısı dünyanın ən böyük azərbaycanlısı, xalqımızın Ulu Öndəri Heydər Əliyevə müraciətlə bildirmişdi ki, onun əsəri olan müasir Azərbaycan daha da gücləndiriləcək, zənginləşdiriləcək, hərtərəfli inkişaf etdiriləcək və bu şərəfli yol yeni qələbələrə doğru inamla davam etdiriləcək.
Hazırda Azərbaycanın bərqərar olduğu regional lider dövlət statusu, formalaşdırdığı dayanıqlı siyasi-iqtisadi idarəetmə modeli açıq şəkildə göstərir ki, cənab İlham Əliyevin 2003-cü ilin oktyabrında Prezident kimi ilk dəfə and içərkən xalqına və şəxsən Ümummilli Lider Heydər Əliyevə verdiyi bütün vədlər ortaya qoyulan siyasi iradə və effektiv dövlət idarəçiliyi əsasında tam şəkildə gerçəkləşdirilib.
Dövlətçilik tariximizdə taleyüklü mərhələdə - 1993-cü il iyunun 15-də üzərinə böyük məsuliyyət götürərək Azərbaycanı qurtuluş yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-diplomatik strategiya yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin başlıca fəaliyyət prioritetləri ölkəmizin iqtisadi dayaqlarını möhkəmləndirmək, qlobal səviyyədə nüfuzunun güclənməsini təmin etmək, beynəlxalq tərəfdaşlar qazanmaq və əlbəttə ki, ən əsası torpaqlarımızın işğaldan azad edilməsinə və suverenliyimizin bərpasına nail olmaqdan ibarət idi.
Hakimiyyətə gəldiyi ilk gündən respublikamızda iqtisadi inkişafın təmin edilməsi, sosial dövlət modelinin həyata keçirilməsi və vətəndaşların sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm qərarlar qəbul edən Prezident İlham Əliyev bu məqsədlərə xidmət edən çoxsaylı dövlət proqramlarının və inkişaf layihələrinin icrasına nail oldu. Təsadüfi deyil ki, 2003-2007-ci illər ərzində ölkədə mövcud olan bütün çadır şəhərcikləri ləğv edilərək humanitar problem davamlı həllini tapdı.
Bir sıra dövlətlərlə Azərbaycanın yeni regional əməkdaşlıq və enerji təhlükəsizliyi sahəsində əlaqələrinin qurulmasında təməl rol oynayan Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri dövlətimizin enerji diplomatiyasının, uğurlu xarici iqtisadi siyasətinin başlanğıcı oldu. Ardınca reallaşdırılan Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, "Cənub qaz dəhlizi" və digər strateji layihələr Azərbaycanı qlobal enerji təhlükəsizliyi sahəsində əsas aktora, eyni zamanda beynəlxalq nəqliyyat-logistika qovşağına çevirdi.
Artan iqtisadi güc ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və silahlı qüvvələrin modernləşdirilməsi prosesinə birbaşa rəvac verdi. Çünki ərazi bütövlüyü pozulmuş, işğal və təcavüzlə üzləşmiş bir dövlət üçün hərbi güc milli təhlükəsizliyin əsas şərtlərindən biri olmaqla yanaşı, uzun illər nəticəsiz qalan sülh danışıqlarının perspektivsizliyini də ortaya qoyurdu.
Azərbaycanın işğalla üz-üzə qaldığı 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Lakin bu qətnamələr düz 27 il ərzində yerinə yetirilmədən olduğu kimi qaldı. Eyni zamanda 1992-ci ildə münaqişənin danışıqlar yolu ilə tənzimlənməsi üçün yaradılan ATƏT-in Minsk qrupu bu istiqamətdə 28 il ərzində hansısa müsbət iş görmədi. Həmsədrlər məsələnin olduğu kimi dondurulmasına, Azərbaycanın işğal faktı ilə barışmasına çalışdılar. Ermənistan işğal siyasətinə görə beynəlxalq səviyyədə heç bir sanksiyaya, təzyiqlərə məruz qalmadı. Ancaq Azərbaycan həqiqətlərini dünyaya çatdıran və qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan elan edirdi ki, ölkəmiz mütləq öz ərazi bütövlüyünü və suverenliyini təmin edəcək. Proseslərin inkişafı isə göstərirdi ki, Ermənistana havadarlıq edən güclər də münaqişənin olduğu kimi qalmasını istəyirlər və buna görə də nə sülhün, nə də müharibənin olmasına razıdırlar.
Yəni süni şəkildə yaradılan şərait Azərbaycanın əleyhinə işləyirdi və belə olduğu təqdirdə rəsmi Bakı Ermənistanın hərbi təxribatlarından sonra doğru bildiyi həll yolunu - müharibə variantını seçməli oldu.
Torpaqlarını ya sülh, ya da müharibə yolu ilə qaytaracağını hər zaman bəyan edən Azərbaycan illər ərzində ordu quruculuğu istiqamətində modern tələblərə uyğun mühüm islahatlar həyata keçirdi. Bu sayədə dünyanın ən güclü orduları sıralamasında layiqli yer tutan Azərbaycan Ordusunun hərbi qüdrətini 2016-cı ilin 4 günlük Aprel döyüşlərində həm Ermənistan, həm də ona havadarlıq edən qüvvələr gördü. Daha danışıqlar adı altında imitasiya ilə məşğul ola, torpaqlarımızı işğal altında saxlaya bilməyəcəyini başa düşən İrəvan son cəhd kimi 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təxribat aktını törətdi.
Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "İrəli!" əmri ilə döyüşə atılan Azərbaycan Ordusu həm havada, həm də yerdə düşmənə sarsıdıcı zərbələr vurdu və Vətən müharibəsinin ilk günündən ərazilərimizi işğaldan azad etməyə başladı.
27 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev xalqa müraciətində bəyan etdi ki, biz haqq yolundayıq və tarixi ədalət bizim tərəfimizdədir: "Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə "Qarabağ Ermənistandır", bu, yalandır. Mən deyəndə ki, "Qarabağ Azərbaycandır", bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir...
... Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il ərzində işğal altında qalmış ərazilərimiz İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla azad edildi. Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin mühüm strateji yüksəkliklər işğaldan qurtarıldı. 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad edilməsi ilə Azərbaycan Ermənistanı kapitulyasiya, məğlubiyyət aktına qol çəkməyə məcbur etdi və beləliklə, Vətən müharibəsi ölkəmizin zəfəri ilə başa çatdı. 44 günlük müharibənin gedişində Prezident İlham Əliyev informasiya sahəsində də mübarizə apardı, onlarla xarici KİV-ə müsahibə verərək ölkəmizin həqiqətlərini çatdırdı, bəzi hallarda ona ünvanlanan qərəzli sualları faktlara dayanan sərrast və tutarlı cavabları ilə alt-üst etdi.
10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, bir itki verilmədən qaytarıldı. Bu, ölkəmizin hərbi zəfərinin diktə etdiyi diplomatik qələbə idi və həmin rayonların müharibə yolu ilə azad edilməsinin böyük itki bahasına başa gələcəyi reallığını göz önünə gətirdikdə də bunun necə həyati əhəmiyyətə malik məsələ olduğu bir daha öz təsdiqini tapır.
Bütün ərazilərimiz üzərində milli suverenliyimizi təmin edən qətiyyətli siyasət
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Şuşa zəfəri sonrakı qələbələrin təmin olunmasına yol açdı. 23 aprel 2023-cü ildə Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bütün sərhədlərimizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Həmin ilin sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam təmin edildi, vaxtilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası bütün ərazilərimizdə hüquqi qüvvəyə mindi.
Bir gündən də az müddətdə davam edən antiterror tədbirləri zamanı erməni separatçıları ağ bayraq qaldırmağa məcbur edildilər və məğlub olduqlarını anlayan kriminal rejim özünü buraxdığını elan etdi.
Bütün bu tarixi hadisələrin "Heydər Əliyev İli"ndə - Ulu Öndərin anadan olmasının 100 illiyini qeyd etdiyimiz ildə baş verməsi də elə amalı Azərbaycanın bu günlərini görmək olan dahi siyasətçi Heydər Əliyevin xatirəsinə ən böyük ehtiram oldu.
Azərbaycana rəhbərliyinin 20-ci ili tamam olan gündə - 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində dövlət bayrağını ucaldan zaman Prezident İlham Əliyev əldə olunan qələbələrə görə duyduğu qürur hisslərini belə dilə gətirdi: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Azərbaycanın müstəqillik tarixində açılan parlaq səhifələrdən biri də Böyük qayıdışla bağlıdır. Vətən müharibəsindən dərhal sonra dövlətimiz Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və quruculuq işlərinə başlayıb və büdcəmizin əsas prioritetlərindən biri də elə bu istiqamətdir. İşğaldan azad edilən ərazilərdə "ağıllı şəhər" və "ağıllı kəndlər"in qurulması, bu ərazinin "yaşıl zona" elan edilməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının dünya standartlarına və zamanın tələblərinə adekvat formada qurulduğunu göstərir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bu ərazilərdə abidələrin bərpasını müvəffəqiyyətlə həyata keçirir.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan birinci xanım Mehriban Əliyeva öz çoxşaxəli fəaliyyəti ilə ölkəmizin hərtərəfli inkişafında müstəsna rol oynayır. Birinci xanımın dövlətimizin rəhbəri İlham Əliyevlə birlikdə Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərlər etməsi, təməlqoymalarda, açılışlarda iştirak etməsi də göstərir ki, Mehriban xanım işğaldan azad edilən yurdlarımızın dirçəldilməsi istiqamətində də yorulmaz fəaliyyət göstərir. Heydər Əliyev Fondunun bu ərazilərdə tarixi, mədəni, dini irsimizi bərpa edərək yaşatması da elə Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə ən böyük töhfəsidir.
Uğurla həyata keçirilən Böyük qayıdış konsepsiyası sayəsində hazırda bu ərazilərə mütəmadi olaraq qayıdış həyata keçirilir və on minlərlə keçmiş məcburi köçkün öz evinə dönüb.
7 fevral 2024-cü ildə suverenliyimizin tam təmin edildiyi tarixi şəraitdə ilk dəfə ölkəmizdə prezident seçkiləri keçirildi. Həmin vaxt növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı ona qələbələr yaşadan cənab İlham Əliyevə yekdilliklə səs verərək onu özünün rəhbəri seçdi. Bununla həm də xalqımız Azərbaycanın parlaq gələcəyinə səs vermiş oldu. Bu, həm də Prezident İlham Əliyevin xalqın dəstəyi və sevgisi ilə qazandığı möhtəşəm qələbə kimi tarixə düşdü.
Azərbaycanın nəhəng miqyaslı qələbələri bölgədə yeni geostrateji situasiya formalaşdırıb. Cənubi Qafqazda de-fakto sülhə nail olunması, əməkdaşlıq və daha geniş coğrafiya üçün tərəqqi vəd edən hazırkı sabitlik mühiti ölkəmizin davamlı səylərinin nəticələridir.
İkinci Qarabağ müharibəsindən dərhal sonra Bakı İrəvana beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürüb, sülh müqaviləsi layihəsini təqdim edib. Qarşı tərəfin müxtəlif manipulyasiyalarına, qərəzli güc dairələrinin təxribatlarına rəğmən və məhz Azərbaycanın səyləri ilə iki ölkə arasında məsələlərin dialoq formasında yoluna qoyulması istiqamətində hazırda real addımlar atılır. Bakının təşəbbüsü ilə başladılan danışıqlar prosesi müsbət nəticələr də verib ki, Qazax rayonunun 4 kəndinin azad edilməsi, sərhəddə demarkasiya və delimitasiya işlərinə start verilməsi kimi mühüm işlər də bunun tərkib hissəsidir. Vətəndaş cəmiyyətləri nümayəndələrinin qarşılıqlı səfərləri, Azərbaycanın Ermənistana tranzit yük məhdudiyyətini aradan qaldırması və bu qəbildən olan addımlar da sülh prosesinin tərkib hissələridir.
Cari il 8 avqust tarixində Prezident İlham Əliyevin ABŞ-nin rəhbəri Donald Trampın dəvəti ilə Vaşinqtona həyata keçirilən işgüzar səfəri Amerika-Azərbaycan əlaqələrində tamamilə yeni səhifə açdı.
Bu tarixi səfər çərçivəsində "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalandı.
Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri zamanı Prezident Donald Trampın "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalaması, Ağ Evin rəmzi açarını dövlətimizin rəhbərinə təqdim etməsi iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və dostluğa əsaslandığının əyani isbatı oldu.
Vaşinqton Sammitində həmçinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan-Azərbaycan arasında Birgə Bəyannamə imzalandı, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflandı.
Zəngəzur dəhlizinin (TRIPP) timsalında bölgədə kommunikasiyaların açılması ilə bağlı razılaşmanın əldə edildiyi sammitdə həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladılar. Dekabrın 1-də ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırdı və onunla bağlı strukturları ləğv etdi.
Azərbaycan 2020-ci ildə hərbi gücü sayəsində qazandığı qələbələrlə həm BMT TŞ-nin düz 27 il kağız üzərində qalan qətnamələrini yerinə yetirdi, həm də 28 il boyu mənasız danışıqlarla məşğul olan ATƏT-in keçmiş Minsk qrupunun görməli olduğu işi, Qarabağ münaqişəsini birdəfəlik həll etdi.
Bu anlamda Prezident İlham Əliyevin 25 sentyabrda Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Azərbaycanın əzm və səylə qət etdiyi inkişaf konsepsiyasına və uğur formuluna toxunması təsadüfi xarakter daşımırdı.
Uzun illər boyu ölkəmizin haqq səsini digər nüfuzlu tribunalarla yanaşı, BMT kürsüsündən də çatdıran dövlətimizin rəhbəri İlham Əliyev 25 sentyabrda bu platformada artıq ərazi bütövlüyünü, suverenliyini özü təmin edən güclü dövlətin rəhbəri kimi çıxış edir, ədaləti bərqərar etdiyimizi dünyaya çatdırdı: "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam".
Sentyabrın 23-də Nyu Yorkda Prezident Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda ABŞ rəhbərinin dövlətimizin başçısı haqqında yüksək fikirlər səsləndirməsi də Azərbaycanın güclü və qətiyyətli liderinə olan yüksək ehtiramın təzahürü idi: "Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız".
Qlobal miqyasda nüfuz sahibi
Azərbaycanın regionda sahib olduğu strateji mövqe və artan beynəlxalq nüfuzu Prezident İlham Əliyevin milli maraqlara əsaslanan ardıcıl və sistemli dövlət siyasətinin məntiqi nəticəsidir.
Bu yolda qarşıya çıxan geosiyasi riskləri, regional və qlobal çağırışları uğurla dəf edən Azərbaycan bu gün müəyyənləşdirdiyi strateji prioritetləri qətiyyət və siyasi iradə ilə gerçəkləşdirir. Dövlətimizin yeni strateji çağırışlarla zəngin xarici siyasət kursu beynəlxalq müstəvidə yüksək səviyyədə təqdir olunur.
Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi COVID-19 pandemiyası dövrünə təsadüf etmişdi. Həmin mürəkkəb vaxtda ölkəmiz QH sədri qismində qlobal həmrəylik təşəbbüsləri irəli sürmüş və pandemiyadan çıxış yollarının kollektiv əməkdaşlıq əsasında müəyyənləşdirilməsini təklif etmişdi. Həmin vaxt ölkəmizin bu təşəbbüsləri üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmişdi.
Ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanın müəyyənləşdirdiyi qlobal iqlim gündəliyi əsasında formalaşması və dünyanı narahat edən problemlərlə bağlı effektiv siyasi qərarların qəbul olunması ölkəmizin qlobal idarəetmə proseslərində artan rolunu vurğuladı.
Azərbaycanın ərazilərini öz gücünə bərpa etməsi, suverenliyini tam təmin etməsi hazırda müstəmləkə zülmündən əziyyət çəkən xalqlar üçün ümid yerinə çevrilib. Beynəlxalq platformalarda ölkəmizin XXI əsrdə hələ də həyata keçirilən neokolonial siyasətə qarşı apardığı mübarizə dünyada böyük rezonans doğurub.
Bu gün Azərbaycan türk dünyasının siyasi həmrəyliyinin lokomotivi, aparıcı gücü kimi çıxış edir. Prezident İlham Əliyev əsası Naxçıvanda qoyulan Türk Dövlətləri Təşkilatının (TDT) türkdilli dövlətlərin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əsas güc mənbəyinə çevrilməsinə böyük əhəmiyyət verir. 2024-cü il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında da cənab Prezident bu strateji baxışını aydın ifadə etdi: "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır".
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və uzaqgörən siyasət təkcə regional deyil, beynəlxalq səviyyədə müsbət proseslərə stimul verir. Çoxsəviyyəli əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərən ölkəmiz aktual qlobal problemlərin həllində fəal iştirak edir və bu sayədə dünya nizamındakı rolunu artırır.
Yerləşdiyi regionda dayanıqlı sülh, rifah və tərəqqi üçün yeni qapılar açan ölkənin lideri olaraq Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etməsi bu mənada təsadüfi xarakter daşımırdı.
Prezident İlham Əliyevin 13 oktyabr tarixində Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etməsi Azərbaycan rəhbərinin sülh missiyasına verilən yüksək dəyərin və qlobal diplomatiyada söz sahibi olmasının ifadəsi idi.
Respublikamızın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri beynəlxalq səviyyəli əhəmiyyət daşıyır. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan zəngin qaz yataqları hesabına bu gün dünyanın 14 ölkəsinə təbii qaz ixrac edir ki, onlardan 8-i Avropa İttifaqına üzv ölkələrdir. Geostrateji mövqeyə sahib ölkəmiz hazırda investisiya axınları üçün cəlbedici ünvana çevrilib.
Azərbaycanın nəqliyyat habı kimi Şərqlə Qərb arasında körpü rolunu oynaması Orta dəhliz layihəsində fəal iştirakı və Zəngəzur dəhlizi perspektivi ilə daha da güclənir. Bu vacib amillər ölkəmizin Avrasiya məkanında logistika və tranzit mərkəzi statusunu daha da möhkəmləndirir.
Məqsədyönlü və uzaqgörən siyasət, müxtəlif dövlətlərlə balanslaşdırılmış siyasi-diplomatik əlaqələr, beynəlxalq təşəbbüslər, qlobal səylər hazırda Azərbaycanı dünyaya sabitlik, inkişaf ünvanı kimi təqdim edir. Bu isə onu ölkələrin əməkdaşlıq, ikitərəfli əlaqələr yaratmaqda maraqlı olduğu mərkəz halına gətirir.
Bəli, Prezident İlham Əliyev respublikamıza rəhbərlik etdiyi 22 illik dövr ərzində Azərbaycanı sosial-iqtisadi, hərbi və digər sahələrdə elə bir inkişaf mərhələsinə çatdırıb ki, bu, xalqımıza davamlı qələbələr yaşadır.
Qüdrətli Azərbaycanın memarı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi uzunmüddətli strateji xətt bundan sonra da ölkəmizə yeni nailiyyətlər qazandıracaq.
Asif ƏSGƏROV,
Milli Məclisin deputatı