Başa çatmaqda olan 2025-ci il də Azərbaycanın tarixində növbəti uğurlu mərhələ kimi yadda qalacaq. Ötən dövrün siyasi mənzərəsi və sosial-iqtisadi reallıqları göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr il ərzində uğurla icra olunub, respublikamız özünün milli məqsəd və prioritet hədəflərinə doğru inamla irəliləyib. Bu il Prezident İlham Əliyev Azərbaycanın həm regional, həm də beynəlxalq səviyyədə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Ölkəmiz Çin və ABŞ kimi dünyanın siyasi-iqtisadi nəhəngləri, eləcə də Avropa İttifaqının üzvləri ilə strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirib.
Liderlik formulu
2025-ci il Azərbaycanın Qarabağ Zəfərinin beynəlxalq səviyyədə qəbul edilməsi baxımından əlamətdar il oldu. Bu ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətninin paraflanması Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində regionda yaranmış yeni reallıqların qlobal miqyasda tam qəbul edilməsinin təzahürüdür. Bütün bunlar həm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin təntənəsi, həm də dövlətimizin başçısının ölkəmizdə elan etdiyi "Konstitusiya və Suverenlik İli"nə böyük töhfəsidir.
2025-ci ilin nailiyyətləri həm də belə bir həqiqəti bir daha təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin ölməz ideyaları, müəyyən etdiyi strateji yol layiqincə davam və inkişaf etdirilir. Heydər Əliyevin ideyaları isə Azərbaycanın inkişafının, yüksəlişinin əsas təməl prinsipləridir və gələcəyə gedən yolunun mayakıdır. Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin hər bir mərhələsi liderlərin dövlətlərin və xalqların tarixindəki rolu barədə söylənən bütün fikirlərin təsdiqidir desək, yanılmarıq. Tarix sübut edir ki, məhz güclü liderləri sayəsində dövlətlər daha da güclənir, inkişaf edir. Güclü və uğurlu liderlər milli ideyanın formalaşmasında və möhkəmlənməsində mühüm rol oynayırlar. Onlar cəmiyyətin dəyərlərini, milli maraqlarını və strateji məqsədlərini aydın şəkildə ifadə edərək xalqı, milləti ümumi ideya ətrafında birləşdirirlər. Bu birlik isə dövlətin güclənməsinə, milli həmrəyliyin artmasına və beynəlxalq arenada nüfuzunun yüksəlməsinə şərait yaradır. Bu baxımdan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər bir mərhələsi güclü, müqayisəsiz liderliyin praktik və real nəticələrinin nümünələridir.
Bu gün isə Prezident İlham Əliyev Heydər Əliyev siyasi yolunun ən layiqli davamçısı kimi özünün fəaliyyəti ilə güclü liderliyin ən mükəmməl formulunu yaradır. Prezident İlham Əliyevin dünya çapında yorulmaz fəaliyyətindən damışanda, ölkəmizə rəhbərlik etdiyi dövrün siyasi-iqtisadi mənzərəsinə qısa ekskurs edəndə həm də Ulu Öndər Heydər Əliyevin nə qədər müdrik şəxsiyyət olduğunu bir daha anlayırıq. Hələ 2003-cü ildə prezident seçkilərindən əvvəl xalqa müraciətində Ulu Öndər demişdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bəli, ötən 22 ildən artıq dövrün göstəriciləri, reallıqları və həqiqətləri Ulu Öndər Heydər Əliyevin cənab İlham Əliyevə özü qədər inanmaqda, Ona böyük etimad göstərməkdə nə qədər haqlı və uzaqgörən olduğunu, eyni zamanda nə qədər müdrik şəxsiyyət və güclü siyasi strateq, nəhəng lider olduğunu göstərir.
İnkişafın banisi
2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkiləri Azərbaycan tarixinin mühüm siyasi hadisələrindən birinə çevrildi. Ulu Öndərin müstəqil dövlətimiz qarşısındakı tarixi xidmətlərini hər zaman yüksək qiymətləndirən və Azərbaycanın etibarlı gələcəyinin məhz hakimiyyətin siyasi kursu ilə bağlı olduğunu qəbul edən qədirbilən xalqımız bu seçkidə də böyük Heydər Əliyev yoluna əbədi sadiq olduğunu bir daha nümayiş etdirdi.
2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində isə ilk dəfə Azərbaycan Prezidenti kimi and içən cənab İlham Əliyev özünün fəaliyyət proqramını, qarşıda dayanan ümummilli hədəfləri açıqlayaraq demişdi: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
İlham Əliyevin andiçmə mərasimindəki çıxışı sadəcə prezident seçkilərinin protokolundan irəli gələn bir məsələ deyildi. Prezidentin həmin vaxt söylədiyi fikirlər qarşıya qoyulan vəzifələrin, tarixin ən güclü Azərbaycanı üçün gediləcək yolun mükəmməl yol xəritəsi idi. Bu çıxış respublikamızın qalib dövlətə çevrilməsi yolunda onun daha da inkişafının, yüksəlişinin özülünü təşkil edən əsas tezislərin ictimaiyyətə açıqlanması idi.
Ötən 22 ilin siyasi və iqtisadi mənzərəsi Prezident İlham Əliyevin verdiyi bütün vədlərin həyata vəsiqə aldığını bütün miqyası və əzəməti ilə təsdiq edir. Böyük qürurla qeyd etməliyik ki, İlham Əliyevin müəllifliyi ilə ötən 22 ildə Azərbaycanın müasir dövlətçiliyinin möhtəşəm, şərəfli və qürurverici tarixi yazılıb. Müqayisəli təhlil etsək, həm iqtisadi, həm də dövlətin nüfuzunu müəyyən edən göstəricilərin bu illərdə nə qədər dəyişdiyini görərik. İlham Əliyevin 2003-cü ildə respublikamıza rəhbərliyi zamanı müəyyən etdiyi prioritet vəzifələrdən biri ölkəmizdə bərqərar olmuş sabitlik fonunda iqtisadi inkişafın sürətləndirilməsi idi. Cəmi bir neçə statistik göstəriciyə nəzər salmaqla bu inkişafın əzəmətli nəticəsini görmək mümkündür. 2003-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri təxminən 1,2 milyard manat civarında olmuşdur. Bu gün, yəni 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri artıq 41 milyard manatı ötüb. 2003-cü ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 7 milyard dollar səviyyəsində idisə, təkcə 2025-ci ilin birinci yarısında ölkəmizdə 72 milyard manatlıqdan artıq ümumi daxili məhsul istehsal edilib və bu rəqəmin ilin sonuna 129 milyard manatı ötəcəyi gözlənilir. 22 il əvvəl Azərbaycanın strateji valyuta ehtiyatları 1,6 milyard ABŞ dolları həcmində idi. Bu gün isə strateji valyuta ehtiyatlarımız 83,5 milyard ABŞ dollarına çatıb. Bütün bu göstəricilər Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərabycanın getdiyi inkişaf yolunu əks etdirən rəqəmlərdir. Bu illər ərzində Heydər Əliyevin əsasını qoyduğu enerji siyasətinin qətiyyətlə davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənub qaz dəhlizi" kimi nəhəng enerji infrastukturlarının yaradılması Azərbaycanın iqtisadi inkişafına böyük təkan verməklə yanaşı, dövlətimizi regionda və qlobal səviyyədə söz sahibinə çevirib. Təsadüfi deyil ki, bu gün həm regionda, həm də Avropa səviyyəsində aparılan enerji müzakirələrində Azərbaycan söz sahibi olan dövlət kimi çıxış edir və bütün bunlar Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı yüksək qlobal nüfuzdan xəbər verir.
Dövlətimizin başçısının yürütdüyü qətiyyətli, müstəqil və balanslaşdırılmış xarici siyasətinin nəticəsi olaraq Azərbaycan bu gün dünyanın bütün siyasi və iqtisadi qütbləri ilə səmimi strateji tərəfdaşlıq münasibətlərinə malikdir. İlham Əliyevin özü isə dünyanın ən nüfuzlu siyasi liderləri sırasında yer alıb. Təkcə son bir neçə ayda Prezident İlham Əliyevin etdiyi xarici səfərlərə və iştirak etdiyi beynəlxalq tədbirlərin statusuna nəzər salsaq bunu görə bilərik. İlham Əliyevin bu ilin avqustunda ABŞ və Çinə səfərləri, BMT Baş Assambleyasının 80-ci sessiyasında, "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə Görüşündə, Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın güclü qlobal mövqeləri ilə bərabər, dövlətimizin başçısının bütün siyasi platformalarda böyük ehtiramla qarşılanan böyük siyasi lider olduğunu açıq nümayiş etdirir.
Müzəffər komandan
Prezident İlham Əliyevin fəaliyyətini xarakterizə edən ən mühüm göstəricilərdən biri verdiyi bütün vədləri qətiyyətlə, dönmədən yerinə yetirməsidir. Yadımızdadır ki, dövlətimizin başçısı ölkəmizdə çadır şəhərciklərinin ləğvi ilə bağlı verdiyi vədi vaxtından bir il tez - 2007-ci ildə yerinə yetirdi. Hələ o zaman Azərbaycan ictimaiyyəti əmin idi ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq və məcburi köçkünlər üçün doğma Qarabağda yeni evlər inşa ediləcək. Çünki hələ bundan bir neçə il əvvəl 2003-cü ildə keçirilən andiçmə mərasimində cənab İlham Əliyev demişdi: "Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Beləliklə, İlham Əliyevin Azərbaycana rəhbərliyinin ilk günündən torpaqlarımızın işğaldan azad olunmasını prioritet vəzifə kimi müəyyən etməsi, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirməsi, bütün çıxışlarında ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini qətiyyətlə bildirməsi başqa cür düşünməyə əsas vermirdi. Və bütün bunlar xalqımızın iradəsinin, inamının əsasında dayanan göstəricilər, əsas amillər idi.
2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 günə torpaqlarımızın 30 illik işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi xalqımızın bu inamının həyata vəsiqə alması ilə nəticələndi. Düşmənin diz çökdürülməsi ilə başa çatan bu tarixi savaş Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımızı təmin edən qətiyyətli daxili və xarici siyasətinin və milli ordumuzun yüksək döyüş qabiliyyətinin ən möhtəşəm təntənəsinə çevrildi. Bu zəfər sadəcə müasir müstəqillik dövrünün deyil, bütün dövlətçilik tariximizin qızıl qanla, şərəflə yazılan səhifəsi, şanlı hadisəsidir.
2023-cü ildə Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazilərimizdəki erməni separatizminə və dünya erməniliyinin illərdir apardığı böhtan, şər kampaniyasına nidalı son qoyulması isə Müzəffər Ali Baş Komandanın qətiyyətinin, əsl sərkərdə kimi döyüşlərdə göstərdiyi şücaətinin növbəti təcəssümü oldu. Bununla da bütün ərazilərimizdə Azərbaycanın milli suverenliyi və Konstitusiyamızın hüquqi qüvvəsi təmin edildi. Ölməz şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına, milli ordumuzun gücü, qüdrəti ilə əldə edilmiş bu Zəfərlə Ali Baş Komandan bütün dünyaya həm də bir daha göstərdi ki, milli maraqlarımız, Ulu Öndər Heydər Əliyevin də dəfələrlə ifadə etdiyi kimi, heç vaxt müzakirə mövzusu ola bilməz.
Bu ilin avqustunda Vaşinqtonda Sülh Sazişi layihəsinin paraflanması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin (TRIPP) açılması istiqamətində razılaşmanın əldə olunması və ondan sonrakı mərhələdə bu istiqamətdə məqsədəyönəlik fəaliyyətin davam etdirilməsi isə göstərir ki, Zəfərimizin memarı olan İlham Əliyev həm də regionda sülhü, təhlükəsizliyi və əməkdaşlığı təmin edir.
Silahdaşlıq missiyası
Ərazi bütövlüyümüzü tam bərpa edən Prezident İlham Əliyev bu gün lider qətiyyəti ilə işğaldan azad olunmuş torpaqlarımızı dirçəldir, onlara yeni həyat bəxş edir. O torpaqlara hər dəfə səfər etdikcə, ötən 5 ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini gördükcə, düşünürəm ki, cənab Prezidentin işləri həqiqətən əzəmətlidir. Bu prosesdə Prezident İlham Əliyevə ən böyük dəstəyi isə Birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva verir. Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Heydər Əliyev Fondu Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrlə bu ərazilərin bərpa və quruculuğuna böyük töhfələr verir desək, azdır, Mehriban xanım Əliyeva, sözün əsl mənasında, azad Qarabağda və Zəngəzurda yeni bir tarix yazır.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın siyasi və ictimai fəaliyyət sahəsi çoxməzmunlu və əhatəlidir. Lakin daşıdığı bütün vəzifələrdə Mehriban xanımın bir amalı var: dövlətə və xalqa layiqli xidmət etmək. Mehriban xanım Əliyevanın həm respublikamızın Birinci vitse-prezidenti, həm Heydər Əliyev Fondunun prezidenti kimi, həm də 2005-2017-ci illərdəki deputatlıq fəaliyyəti dövrünü təhlil edəndə görürük ki, Onun gördüyü bütün işlərin təməlində respublikamızın yüksəlişinə xidmət missiyası, humanizm prinsipləri dayanıb. Mehriban xanımın daşıdığı bütün vəzifələrin ümumi cəhətləri insanların yanında olmaq, onlar üçün qurmaq, yaratmaq, ehtiyacı olanlara təmənnəsız yaxşılıq, xeyirxahliq etmək, Azərbaycan həqiqətlərini olduğu kimi dünyaya çatdırmaq kimi ülvi məqsədlərdir. Bütün bunlar xanım Mehriban Əliyevanın yüksək vətənpərvərlik dəyərlərinin, böyük Heydər Əliyev yolunun milli ideya daşıyıcısı olduğunu göstərir. Eyni zamanda bütün bunlar Mehriban xanım Əliyevanın malik olduğu milli genetik kodların, mənsub olduğu şəcərənin, xalqımızın tanınmış, ziyalı nəslinin layiqli, sevimli nümayəndəsi olduğunun təcəssümüdür.
Ümumilikdə isə Mehriban xanım Əliyevanın görkəmli siyasi xadim kimi indiyədək daşıdığı bütün vəzifələrdə həyata keçirdiyi uğurlu fəaliyyəti, qazandığı yüksək nüfuzu, xalqımızın ona olan sonsuz sevgisi, saf məhəbbəti ilə silahdaşı Prezident İlham Əliyevin daxili və xarici siyasətinin daha böyük nailiyyətlər qazanmasına böyük töhfələr verir. Azərbaycanın ötən 22 ildəki inkişaf reallıqları həm də bu həqiqətin təzahürüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində respublikamızın keçdiyi inkişaf yolu bütün göstəricilər baxımından 22 ilin reallıqlarından çox böyükdür. Böyük Heydər Əliyev ideyaları, Prezident İlham Əliyev siyasəti həm də Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib, ərazi bütövlüyümüzü təmin edib, ölkəmizə nüfuz gətirib. Bu siyasət bundan sonra da Azərbaycan tarixini ən əlamətdar uğurlarla şərəfləndirəcək.
Bəxtiyar ƏSGƏROV,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri