AZ

Yüz ilə sığmayan gün

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı haqqında

əvvəli ötən saylarımızda

Yazıçı buradan əsərin daha bir qatına - fantastik-utopik süjetə yol açır. Birgə kosmik layihəni icra eləyən sovet-amerikan kosmonavtları qonşu qalaktikadakı Meşəlidöş planetinin sakinləriylə əlaqə yaradır, yerdənkənar sivilizasiyanın dəvətiylə onların dünyasına səfərə gedirlər...

Bəzi tənqidçilər bu fantastik süjeti əsərə yamaq sayırlar (onlara imkan versən, “Hərb və sülh”ü yarıbayarı ixtisara salarlar), ancaq məncə, müəllifin utopiyası onun bədii-fəlsəfi məramını çox aydın, çox da yaxşı ifadə eləyir. Yazının əvvəlində xatırlatdığımız iki mifik süjet bəşəriyyətin qaranlıq keçmişinə işıq tutursa, böyük humanist ədəbiyyatın bünövrəsi üstündə ərsəyə gəlmiş - ali sivilizasiya, azad, ruhani cəmiyyətlə bağlı fantastik süjet də insanlığın gələcəyinə bələdçilik eləyir, söz-kəlam peyğəmbərlərinin ənənəsini unudulmağa qoymur. Aytmatovun Meşəlidöş planeti Platonun ideal dövlətindən tutmuş Nizaminin utopik cəmiyyətinə, Məsihin Tanrı səltənətindən tutmuş Nitsşenin Hiperboreyasına qədər bütün ilahi toplum modellərinin varisi, davamıdır. Bu planet şərin həmin o iki qütbü arasından, dəmir yolların çalın-çarpaz dağladığı barsız-bəhərsiz çöllərin isti-soyuq cəhənnəmindən göyə pərvazlanan ruhların can atdığı son mənzil, baş qoyduğu uca dərgahdır. Müəllif qəhrəmanının gözüylə bəşəriyyətin keçmişinə, gələcəyinə indidən baxır.

***

Qazanqapın şəhərdən gəlmiş oğlu mərasimi tezbazar başa çatdırmağa çalışsa da, Yedigey dostunun vəsiyyətini yerinə yetirmək üçün inad göstərir: meyit Ana-Beyitə aparılmalıdır, vəssalam! Çünki o torpağa onların əcdadları üz qoyub, həm də bu qəbiristanlığın bir ayrı tarixi var...

Rəvayətə görə, bu yerləri zəbt eləyən juanjuanlar əsir tutduqları düşmən döyüşçüləriylə çox amansız rəftar eləyirmişlər. İmkan tapanda əsiri qul kimi qonşu ölkələrə satırmışlar, bu da əsirdən ötrü xoşbəxtlik sayılırmış, çünki nə vaxtsa azad olacağına, ya qaçıb qurtaracağına zavallının az da olsa ümidi qalırmış: “Juanjuanların özləri üçün qul saxladıqları əsirləri isə dəhşətli tale gözləyirdi. Onlar öz qurbanlarının başına zif keçirib dözülməz işgəncə verərək onun yaddaşını tamam yox eləyirmişlər. Bu işi adətən davada əsir alınmış cavan döyüşçülərin başına gətirirmişlər. Əvvəlcə onların başını qırxıb tüklərini bir-bir dibinəcən təmizləyirmişlər. Başı qırxıb qurtaranacan juanjuanların təcrübəli sallaqları lap yaxınlıqda qart bir dəvə kəsərmiş. Dəvənin dərisini soyanda əvvəlcə onun ən ağır, ən möhkəm olan boyun dərisindən başlayarmışlar. O dəqiqə də hissələrə bölüb, buğlana-buğlana saçı qırxılmış əsirlərin başına keçirirmişlər, dərinin çəkilməyilə saqqız kimi yapışmağı bir olurmuş - bir növ indiki üzgüçülük papaqları kimi. Başa zifi belə keçirirmişlər. Başına belə iş gətirilən adam ya işgəncələrə dözməyib ölür, ya da ömür-billah yaddaşını itirib manqurt olurmuş, yəni keçmişini xatırlaya bilməyən qula çevrilirmiş... “

Sarı-Özəyin qızmar günəşinin döydüyü çöldə ağır işgəncə çəkənlərin çoxu dözməyib ölürmüş. Beş-altı manqurtdan biri, ya ikisi sağ qalırmış. Onların ölümünə aclıq-susuzluq bais olmurmuş, manqurtun axırına gün altında quruduqca başını amansızcasına sıxan xam dəvə dərisinin verdiyi əzab çıxırmış: “Qızmar günəşin altında durmadan sıxılan zif qulun qırxıq başını dəmir məngənə kimi sıxırdı. Əzaba məruz qalan bu yazıqların tükləri ikinci gün uzanmağa başlayırdı. Asiyalıların düz və cod tükü bəzən dəvənin xam dərisinə bitir, çox vaxtsa yol tapa bilmir, qayıdıb təzədən manqurtun dərisinə girərək onun əzabını daha da artırırdı. Bu sonuncu işgəncə vaxtı məzlumların şüuru lap pozularmış. Juanjuanlar yalnız beşinci gün gəlib onları yoxlayarmışlar ki, görsünlər kim ölüb, kim qalıb. Əsirlərdən birini salamat tapanda hesab eləyirmişlər ki, məqsədlərinə çatıblar...”

Bundan sonra manqurt öz kimliyini, hansı nəsildən olduğunu, adını, uşaqlığını, atasını, anasını tamam unudurmuş, bir sözlə, özünü insan kimi dərk eləyə bilmirmiş. Qaçmaq, etiraz eləmək, üsyana qalxmaq onun ağlına belə gəlmirmiş, dilsiz-ağızsız heyvan kimi tamam müti olurmuş, qarnını doyurmaqdan başqa bir qayğısı qalmırmış: “Ən yaxın qohumları belə onu xilas eləmək, ya satın alıb qurtarmaq istəmirmişlər, çünki bu, adamın özünü yox, müqəvvasını qaytarmaq idi. Rəvayətə görə, Nayman-Ana kimi tanınan bircə nayman qadını öz oğlunun bu bədbəxtliyi ilə barışa bilməyib. Sarı-Özək əfsanəsində elə bu barədə danışılır. Qəbiristanlığın adı da bununla əlaqədardır - Ana-Beyit, yəni Ana məskəni”.

Günlərin bir günündə Nayman-Ana soraqlayıb çöldə ağalarına çobanlıq eləyən oğlunu tapır. Onu görəndə oğlanın tükü də tərpənmir, nə anasını tanıyır, nə əsl adını xatırlayır. Bəlli həqiqətdir ki, insan təpədən-dırnağa yaddaşdan ibarətdir, öz keçmişinin məcmusudur, başqa sözlə, gen adlı yaddaş toxumlarından cücərmiş ağac, keçmişini gələcəyə daşıyan yaddaş arabasıdır - yaddaşı yoxdursa, insan cismi quru qəfəsdən başqa bir şey deyil:

“Onda Nayman-Ana qərara gəldi ki, kim olduğunu ona soruşmaqla yox, təlqinlə başa salsın.

- Sənin adın Jolamandır. Eşidirsən? Sən - Jolamansan. Atanın da adı Donenbaydır. Atan yadında deyil? Axı o, sənə hələ uşaqlıqdan ox atmağı öyrədərdi. Mən sənin ananam, sən də mənim oğlum. Sən naymanlar qəbiləsindənsən, başa düşdün? Sən naymansan.

Ananın dediklərinə o tam laqeydliklə qulaq asırdı, elə bil bu sözlərin ona dəxli yoxdu. Yəqin otluqda cırıldayan çəyirtkəyə də belə qulaq asardı”.

Nayman-Ananın oğlunu tanıdığından duyuq düşən juanjuanlar manqurta ox-yay verib onu təlimatlandırırlar. Növbəti gəlişində oğul anasını ürəyindən oxlayır:

“Bu, ölümcül zərbə idi. Nayman-Ana dəvənin boynuna sinib ilişə-ilişə yıxıldı. Ancaq özündən əvvəl ananın başındakı yaylıq açılıb düşdü, havada quşa dönüb çığıra-çığıra uçub getdi: “Yadına sal kimlərdənsən! Adın nədir? Sənin atan Donenbaydır! Donenbay! Donenbay!..”

Deyilənə görə, o vaxtdan Sarı-Özəkdə Donenbay quşu uçur. Sarı-Özəkdə Nayman-Ananın basdırıldığı yerə o vaxtdan Ana-Beyit qəbiristanlığı deyirlər...”

Mesaj yetərincə aydındır: öz əslini, keçmişini oxlayanın gələcəyi olmaz, keçmişini dindirməyən, güldürməyən insanın gələcək üzünə gülməz. Bu, başqa məsələ ki, insan xoş gələcəyə keçmişinin səhvlərini arıtlaya-arıtlaya gedə bilər. Ana bətni insan adlı düşünən aparatı fəzaya uçuran kosmodromdur, sonrakı ömrü boyu süd içməsə belə insanı ana südü mayalandırır. İnsan ruhu da eləcə - onu ilk növbədə xalq dili, el yaddaşı pərvazlandırır, zəngin mənəviyyat hər şeydən əvvəl bu təməl üzərində formalaşır. Elə böyük sənətkar tapılarmı ki, folklora, el deyimlərinə kəc baxsın, kollektiv yaddaşdan bəhrələnməsin? Elə bir Azərbaycan şairi təsəvvürə gətirmək olarmı ki, bayatılardan, oxşamalardan, nağıllardan, dastanlardan qidalanmasın? Olarsa da, o şairin yazdığı nəyə yarayar?..

Yazılı ədəbiyyata gətirilmiş bu əfsanə son əlli-altmış ildə dünya nəsrinin ən böyük kəşflərindən biridir. Ötən əsrin altmışıncı illərində Latın Amerikası nəsrindən baş qaldıran mifə qayıdış dalğasının bütün dünyaya yayılmasında bizim Çingiz ağanın da danılmaz xidməti var.

davam növbəti sayımızda

F.Uğurlu

Seçilən
39
yeniazerbaycan.com

1Mənbələr