AZ

Əminliklə söyləyə bilərik ki, Prezidentinin ətrafında sıx birləşən Azərbaycan xalqı daha böyük zirvələri fəth edəcək – ŞƏRH

Bakı, 24 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu XXI əsrin çağırışlarına uyğun şəkildə inkişaf etdirən Prezident İlham Əliyev ölkəmizi regional gücdən qlobal miqyasda söz sahibi olan bir dövlətə çevirib. 2003-cü ildən başlanan bu yol xalqın öz Liderinə olan sarsılmaz inamına söykənir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədi ilə fəaliyyətə başlayan dövlətimizin başçısı ötən illər ərzində verdiyi hər bir vədi əməli işləri ilə yerinə yetirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti mühüm hədəflərə çatmaq üçün, ilk növbədə, ölkəmizin təbii sərvətlərini, insan potensialını və ən önəmlisi, xalqın iradəsini əsas götürdü. Bununla da dövlətimizin başçısı Azərbaycanın gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevrilməsi kimi ali ideyanı müəyyənləşdirərək, onun həyata keçirilməsinə start verdi. Tezliklə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi uğurla reallaşdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolu həm xalqımız, həm də beynəlxalq birlik üçün fenomenal idarəçilik nümunəsinə çevrilib.

“Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti təqdirəlayiqdir. Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yerini daha da möhkəmləndirdi.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi, regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət proqramının qəbul olunması da Prezident İlham Əliyevin xidmətləridir. Bu çərçivədə Azərbaycan iqtisadiyyatı əsaslı inkişaf yolu keçib, milli iqtisadiyyata milyardlarla dollar investisiya qoyulub. Azərbaycan iqtisadiyyatının son 20 ildəki inqilabi inkişafı dünya iqtisadi tarixində nadir hadisələrdəndir. Nəticə etibarilə Azərbaycan iqtisadiyyatı artıq, sadəcə, enerji resurslarına arxalanan bir sistem deyil, rəqabətədavamlı, innovativ və ən əsası, insan potensialına dəyər verən bir modelə çevrilib”, - deyə A.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri də xalqın həyatında mühüm yer tutan sosial sahələrin inkişafı ilə bağlıdır. Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil, səhiyyə və mədəniyyət infrastrukturu yaradılıb.

Deputat vurğulayıb ki, dövlətimizin başçısının fəaliyyətinin zirvəsi 30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsidir. 2020-ci ildə qazanılan tarixi Zəfər, 2023-cü ildəki lokal antiterror tədbirləri ilə suverenliyimizin tam bərpası Azərbaycanın hərbi və diplomatik gücünü bütün dünyaya nümayiş etdirdi.

Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan bu tarixi Qələbə həm də Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən cızdı. Azərbaycan artıq regionda diktə edən tərəfdir. Prezidentin təklif etdiyi sülh gündəliyi və Zəngəzur dəhlizi kimi nəhəng nəqliyyat layihəsi təkcə ölkəmiz deyil, bütün Avrasiya regionu üçün iqtisadi dividend vəd edir. Ermənistanla sərhədlərin delimitasiyası prosesinin ikitərəfli formatda, kənar müdaxilə olmadan uğurla aparılması isə dövlətimizin başçısının diplomatik məharətinin növbəti qələbəsidir.

“Bu gün tariximizin yeni şanlı səhifələri yazılır. Bu gün biz təkcə hərbi qələbəmizlə deyil, həm də işğaldan azad edilmiş torpaqlarda apardığımız misilsiz quruculuq işləri ilə dünyanı heyrətləndiririk. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ucaldılan müasir şəhərlər, “Ağıllı kənd”lər və beynəlxalq hava limanları Azərbaycanın daxili iqtisadi gücünün və xalqımızın yaradıcılıq ruhunun təzahürüdür.

Qürurverici reallıqlardan biri də odur ki, dövlətimizin başçısı İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq platformada real statusu prezidentlik vəzifəsindən dəfələrlə üstün qəbul edilir. Prezidentimizin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır.

Əminliklə deyə bilərik ki, 2003-cü ildən bəri Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı daha böyük zirvələri fəth edəcək. Biz qalib xalqın qalib dövlətində yaşayırıq və bu qüruru bizə bəxş edən müasir Azərbaycanın memarı İlham Əliyevdir”, - deyə Anar Məmmədov bildirib.

Seçilən
48
1
azertag.az

2Mənbələr