AZ

Psixiatriya xəstəxanasının əməkdaşı iş yoldaşı olan qadını aldatdı - HÖKM

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Quliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttiham aktına əsasən, 1 saylı Respublika Psixiatriya xəstəxanasında kiçik tibb işçisi işləmiş Nicat Quliyev tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə tanışı, həmin xəstəxanada kiçik tibb bacısı işləyən, zərərçəkmiş Məleykə Səfərəliyevanın (adı, soyadı şərtidir) etibarından sui-istifadə edib.


Belə ki, o, zərərçəkmiş şəxsi onun baldızı oğlu D.D.-ni (adı, soyadı şərtidir) gömrük orqanlarında işə düzəldə biləcəyinə dair yalan vədlərlə aldadıb və bu məqsədlə 5000 manat məbləğində pul tələb edib. Nicat üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı, həmçinin aldığı pul vəsaitini geri qaytarmaq məqsədi daşımadığı halda, vahid niyyətlə 2024-cü ilin iyun ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində Məleykədən 3000 manat, eləcə də Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Araz Market”in yaxınlığında həmin tarixdə Mərkəzi Bankını məzənnəsinə uyğun olaraq 1700 manat təşkil edən 1000 ABŞ dolları və əlavə 303 manat pul alıb.


Beləliklə, təqsirləndirilən şəxs ümumilikdə 5003 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.


Məhkəmə iclasında Nicat Quliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində maddi çətinlik səbəbindən zərərçəkmiş şəxsi məqsədli şəkildə aldatdığını, gömrük orqanlarında heç bir tanışının olmadığını və əldə etdiyi pul vəsaitini kazino oyunlarında uduzduğunu etiraf edib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib və məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib.


Zərərçəkmiş şəxs ifadəsində göstərib ki, təqsirləndirilən şəxs onu baldızı oğlunun gömrük orqanlarında işə düzəlməsi ilə bağlı yalan vədlərlə aldadaraq ümumilikdə 3303 manat və 1000 ABŞ dolları məbləğində pulunu ələ keçirib. Sonradan aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.


Məhkəmədə həmçinin müəyyən edilib ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam ödənilib, tərəflər arasında barışıq əldə olunub və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmayıb.
 

Kamal Məmmədov 


Tarix: 24 Dekabr 2025, 09:43   
Seçilən
18
2
pravda.az

3Mənbələr