AZ

Gediş haqqı qalxsa da, metro gəlir gətirə bilmədi... 139 milyon zərər?


Akif Nəsirli: “Sərnişin axını məhduddur və gəlir xərcləri qarşılamağa çatmır”

"Bakı Metropoliteni" QSC 2024-cü ili 139,616 milyon manat zərərlə başa vurub. Bu, cəmiyyətin maliyyə hesabatında qeyd edilib. Bildirilir ki, QSC 2023-cü ili 76 milyon 875 min manat xalis zərər ilə bağlamışdı.

Beləliklə, "Bakı Metropoliteni"nin xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 62 milyon 741 min manat və ya 81,6% artıb.

Bununla da, metronun yığılmış zərəri 4,7 % artaraq 3 milyard 109,540 milyon manata çatıb. Qeyd edək ki, bu il fevralın 20-də "Bakı Metropoliteni" QSC Maliyyə Nazirliyindən ilin sonunda qaytarmaq şərti ilə 244,8 milyon manat faizsiz kredit alıb. Hesabatdan belə nəticə çıxır ki, metropoliten zərərlə işləyir. Onu da bildirək ki, metroda gediş haqqı 50 qəpikdən 60 qəpiyə qalxıb. Qiymət artımı da zərəri azalda bilməyib.

Maraqlıdır, metro niyə zərərlə işləyir?

“Stansiyaların az olması, xərclərin çoxluğu və gəlirlərin azlığı Bakı Metropoliteninin zərərlə işləməsinin əsas səbəbləridir”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bunları bildirdi: “Dünya praktikasında belə bir yanaşma var - metro sistemi adətən yalnız stansiyaların sayı 50-ni keçəndən sonra özünü qismən doğruldur və daha səmərəli işləməyə başlayır. Çünki xətlər uzandıqca sərnişin sayı artır, gəlir çoxalır, xərclər isə nisbətən sabit qalır.

Bakıda isə hazırda cəmi 27 stansiya var. Yəni metro hələ kifayət qədər böyük şəbəkə deyil. Bu da o deməkdir ki, sərnişin axını məhduddur və gəlir xərcləri qarşılamağa çatmır”.

Həmsöhbətimizin dediyinə görə, metro zərərlə işləyir, çünki o pul qazanmaq üçün yox, insanları daşımaq üçün yaradılıb, sosial layihədir. Bir sərnişinin daşınması 60 qəpikdən baha başa gəlir, amma ödənilən pul xərcləri tam qapamır. Elektrik enerjisi, qatarların təmiri, tunellərin saxlanması, təhlükəsizlik və işçi maaşları böyük xərc yaradır: “Metro köhnə olduğu üçün təmirə daha çox pul gedir. İşçi sayı çoxdur və idarəetmə xərcləri yüksəkdir. Reklam, mağaza və digər əlavə gəlir mənbələri isə zəifdir.

Qısaca desək, stansiyaların az olması, xərclərin çoxluğu və gəlirlərin azlığı Bakı Metropoliteninin zərərlə işləməsinin əsas səbəbləridir”.

Günel CƏLİLOVA

Seçilən
33
baki-xeber.com

1Mənbələr