AZ

ABŞ Karib dənizinə əlavə qoşun və hərbi təyyarələr göndərib

Gərginliyin artdığı fonunda Vaşinqton regionda hərbi mövcudluğunu gücləndirir...

ABŞ bu həftə Karib hövzəsinə Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat təyyarələrindən, qoşunlardan və hərbi texnikadan ibarət genişmiqyaslı qüvvə göndərib.

Poliqon xəbər verir ki, bu barədə dekabrın 23-də The Wall Street Journal qəzeti məlumat yayıb.

WSJ-nin mənbələrinə və uçuşların izlənməsi sistemlərinə əsasən, dekabrın 22-də regiona azı 10 ədəd V-22 Osprey tipli konvertoplan, eləcə də C-17 hərbi-nəqliyyat təyyarələri daxil olub. Nəşrin həmsöhbətlərindən biri bildirib ki, bu təyyarələrlə hərbi personal və müxtəlif avadanlıqlar daşınıb. Bununla belə, hansı qoşun növlərinin və konkret hansı texnikanın daşındığı açıqlanmayıb.

ABŞ-nin Latın Amerikası üzrə hərbi əməliyyatlara cavabdeh olan Cənub Komandanlığının nümayəndəsi qoşunların konkret yerdəyişmələri ilə bağlı suallara cavab verməkdən imtina edib. O, yalnız qeyd edib ki, istənilən hərbi obyektlərdə avadanlıq və şəxsi heyətin müntəzəm rotasiyası standart təcrübədir.

Ağ Ev və Pentaqon da məsələ ilə bağlı şərh sorğularını cavabsız qoyub.

Məlumata görə, ABŞ payızın əvvəlindən etibarən Venesuela ilə münasibətlərin kəskinləşməsi fonunda Karib hövzəsində hərbi qüvvələrin sayını tədricən artırır. Regionda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir flotiliya yerləşdirilib. Bu qüvvələrin tərkibinə ən müasir “Cerald Ford” aviadaşıyıcısı, beş esmines, aviadaşıyıcı zərbə qrupu, dəniz piyadaları bölmələri, qırıcı təyyarələr, radioelektron mübarizə vasitələri və xilasetmə helikopterləri daxildir.

ABŞ artıq bir neçə aydır ki, Karib dənizində, rəsmi Vaşinqtonun iddiasına görə, narkotik daşınmasında iştirak edən və Venesuela ilə əlaqəli olan dəniz gəmilərinə zərbələr endirir. Bundan əlavə, Venesuela ilə əməkdaşlıq edən neft tankerələri də ələ keçirilir. Prezident Donald Tramp dəfələrlə ABŞ-nin Venesuela ərazisinə zərbələr endirə biləcəyini istisna etməyib.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr