AZ

18-20 yaşlı tələbələrin arasında bu xəstəlik çoxalır...


Ələkbər Səmədov: “Ürək xəstəliklərinin başlıca səbəblərindən biri düzgün qidalanmamaqdır

Son illər Azərbaycanda ürək tutmasından vəfat edənlərin sayında ciddi artım müşahidə edilir. Xüsusilə gənclərin ürək tutmasından dünyasını dəyişməsi bu xəstəliyin daha təhlükəli hal almasından xəbər verir. İllər öncə ürək tutmasından ölənlər daha çox yaşlı nəslin nümayəndələri idisə, indi onların arasında gənclərə də rast gəlmək olar.

Bu isə onu göstərir ki, artıq ürək xəstəliyi xeyli cavanlaşıb. Cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdən biri 18–20 yaş arası tələbələrin qəfil ürək tutması nəticəsində həyatını itirməsidir. Maraqlıdır, ürək xəstəliklərinin “cavanlaşması" hansı amillərlə bağlıdır?

Gənclər ürək-damar xəstəlikləri, xüsusilə də infarkt və insult barədə məlumatsızdırlar”

Kardioloq Ələkbər Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu gün bütün dünyada ürək-damar xəstəliklərinin artma tendensiyası müşahidə edilir: “Ürək xəstəliyinin artmasının əsas səbəbi insanların həyat tərzinin dəyişməsi ilə bağlıdır. İnsanlar çox hərəkətdə olmurlar, qidalanma normaları dəyişib, daha çox sağlam olmayan qidalardan istifadə edirlər. Bu cür qidalardan istifadə zamanı şəkər, xolesterin nəzarətsiz olur. Siqaret çəkmə isə xəstəlik yaradan digər səbəblər sırasındadır. Gənclərdə ürəktutma səbəbindən ölüm daha çox qeydə alınır. Çünki yaşlı insanlarda buna qarşı mexanizmlər meydana gəldiyi üçün onları qoruyur. Ancaq cavanlarda belə deyil. Onlarda ilk fürsətdən bədən müdafiəyə hazır olmur. Yaşlı adamlarda az-çox ürəyin qidalanma problemi var, bununla əlaqədar olaraq bədən özünün qoruyucu mexanizmlərini inkişaf etdirir. Gənclərdə bu mexanizm olmadığı üçün xəstəliyə tutulan zaman daha tez vəfat edirlər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, 20 il əvvəl gənclər hər yerə maşınla getmirdi, daha çox piyada gəzməyə üstünlük verirdilər. Ancaq indiki dövrdə ən qısa məsafəyə belə maşınla gedirlər: “Bununla yanaşı, gənclərin həddən çox istifadə etdiyi enerji içkiləri də onların sağlamlığı üçün çox zərərlidir. Son vaxtlar stres faktoru həddən artıqdır, dünyada baş verənlər insan psixologiyasına mənfi təsir edir. Ən böyük problemlərdən biri də iş saatının bəlli olmamasıdır. İnsanlar əvvəllər 8 saat işləyirdi, amma indi belə norma aradan qalxıb. İşçilər gecə yarısına kimi işləyirlər, nə tətilləri var, nə də məzuniyyətləri. Bunlar hamısı zərərləri və xəstəliyi oyadan faktorlardır”.

Həkimin dediyinə görə, ürək dayanması və infarkt eyni anlamı vermir. Ürək dayanmasının səbəbləri müxtəlifdir. Ürək infarktı isə ürəyə qan axınının dayanması nəticəsində ürək əzələsinin hər hansı hissəsinin ölümü deməkdir: “Miokard infarktı artıq yalnız ahıl, orta yaşlı insanların xəstəliyi deyil. Gənclər ürək-damar xəstəlikləri, xüsusilə də infarkt və insult barədə məlumatsızdırlar. Son 20-30 ildə maarifləndirmə daha çox 40-50 yaşdan yuxarı insanları əhatə edib. Demək olar ki, hazırda bəlkə də hər beş nəfərdən biri stent daşıyıcısıdır.Ürək xəstəliklərinin başlıca səbəblərindən biri düzgün qidalanmamaqdır. Sağlam ürəyə sahib olmaq üçün zeytun yağı, balıq, qoz, badam, fındıq, alma, sarımsaq, pomidor, lobya, noxud, mərci, ispanaq, yaşıl çayı qida rasionunuza mütləq daxil edin. Eyni zamanda, balanslı qidalanmaq, fiziki aktivlik lazımdır”.

Günel CƏLİLOVA

Seçilən
20
baki-xeber.com

1Mənbələr