AZ

Tarzən İbrahim Babayevin müəllifi və solisti olduğu “MughaMix” adlı təqdimat konserti keçirilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasının (AMK) Fikrət Əmirov adına böyük zalında konservatoriyanın müəllimi, Beynəlxalq müsabiqələr qalibi, gənclər mükafatçısı, tarzən İbrahim Babayevin müəllifi və solisti olduğu “MughaMix” adlı təqdimat-konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə tar alətinin ənənəvi səs imkanlarının müasir elektron səslərlə sintezinə əsaslanaraq milli musiqi irsinin yeni təqdimat imkanlarını nümayiş etdirib.

Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə və Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək layihənin milli musiqi ənənələrinin müasir dövrün bədii-estetik tələblərinə uyğun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Konsert proqramında fortepianoda Pərviz Məmmədov, zərb alətlərində isə Vəfadar Ramiz müşayiətçi qismində çıxış ediblər.

Proqram müəllifin “MughaMix” kompozisiyası ilə açılıb. Ardınca Hacıbaba Həsənovun “Unuda bilmirəm” əsəri, Azərbaycan xalq rəqsi “Yaylıq”, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının mövzuları əsasında Lalə Cəfərovanın “Fantaziya"sı (solistin işləməsində) həmçinin İbrahim Babayevin “Portret” adlı əsəri səsləndirilib. Konsert çərçivəsində İbrahim Babayev və tələbələrinin təqdimatında tar və pedal üzərində canlı səhnə eksperimentləri də təqdim olunub.

Tədbirdə AMK-nın professor-müəllim və tələbə heyəti ilə yanaşı, incəsənət xadimləri və sənətsevərlər iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
azertag.az

3Mənbələr