AZ

“Sabah”ın legioneri: Futbol ailəmizdə xüsusi yer tutur, biz topla böyümüşük MÜSAHİBƏ

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

“Sabah”ın futbolçusu Coy-Lens Mikels AZƏRTAC-a müsahibə verib.

- Komandanız qış fasiləsinə Premyer Liqanın lideri kimi yollandı. Təəssüratlarınız maraqlıdır...

- Çox xoş hissdir. İndiyə qədər gördüyümüz işdən razıyıq. Amma eyni zamanda, başa düşürük ki, bu, hələ yolun yarısıdır. Ən vacib məqam diqqəti itirməmək, çox çalışmaq və mövsümün ikinci yarısında daha da inkişaf etməkdir.

- Mövsümün əvvəlində “Sabah”ın qış çempionu olacağını desəydilər, inanardınız?

- Düzdür, biz digər komandalar haqqında çox düşünmürdük. Mövsümün əvvəlindən öz keyfiyyətimizə və gördüyümüz işə inanırdıq. “Qarabağ”ın çox güclü və təcrübəli komanda olduğunu bilirik. Onları qabaqlamaq düzgün yolda olduğumuzu göstərir, lakin düşüncə tərzimizi dəyişmir.

- Düzdür, hələ mövsümün ortasıdır və çempionluq barədə danışmaq erkəndir. Faiz nisbəti ilə götürsək, çempionluq şanslarınızı necə qiymətləndirirsiniz?

- Faiz nisbəti ilə nəsə demək çətindir. Çempionat olduqca rəqabətlidir və hələ çox şey dəyişə bilər.

- Adınız tez-tez transfer xəbərləri ilə hallanır. Konkret olaraq hansısa klubdan təklif almısınız?

- Futbolda şayiələr normaldır. Hazırda bütün diqqətim “Sabah”dadır. Müqaviləm var və özümü çox xoşbəxt hiss edirəm. Bura mənim evimdir.

- “Sabah” çempion olsa, azarkeşlər üçün xüsusi bir sürpriz planlaşdırmısınız?

- Azarkeşlərimiz ən xoş sözlərə və ən yaxşı sürprizlərə layiqdirlər. Onlar hər həftə bizi dəstəkləyirlər. Çempion olsaq, yəqin ki, birlikdə qeyd edərik və bunu unudulmazlar sırasına salarıq.

- Sizdən başqa iki qardaşınız da Azərbaycanda oynayır. Futbolla və ya digər idman növləri ilə peşəkar səviyyədə məşğul olan başqa yaxınlarınız da varmı? Gələcəkdə sizin ailədən başqa bir idmançını da Azərbaycanda görə bilərikmi?

- Futbol ailəmizdə xüsusi yer tutur. Biz topla böyümüşük, bacım da əvvəllər futbol oynayırdı. Amma rahat ola bilərsiniz, bizim tərəfdən artıq gələn olmayacaq (gülür). Azərbaycanda bizə çox yaxşı münasibət göstərirlər. Buna görə minnətdaram. Hər birimiz burada olmaqdan şadıq. Hamını qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
azertag.az

2Mənbələr